Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-378/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Nümayəndə2, qarşılıqlı iddiaçı Cavabdeh, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı nisyə alıq-satqı müqaviləsi üzrə pulun ödənilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-2793/2022 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddiaçının cavabdehə qarşı 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/23 nömrəli 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova, L.Rəhimli) apellyasiya şikayətinin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilk iddia tələbi təmin edilməsi, cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 28241,65 (iyirmi səkkiz min iki yüz qırx bir) manat 65 qəpik məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehin iddiaçıya qarşı nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim V.Həsənov, Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 201/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə guya ona 30000 manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq verilmiş və o, 30000 manat məbləğində olan borcu 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Bütün bunlar hamısı yalandır. Belə ki, o və cavabdeh kimi digər şəxslər iddiaçıda işə qəbul olunarkən ilk olaraq bu müqaviləyə qol çəkdirirlər və ondan sonra həmin şəxslərlə əmək müqaviləsi bağlayırlar. Yəni iddiaçı özünü sığortalamaq məqsədilə belə bir müqavilə təklif edir. Təhvil-təslim aktında qeyd olunan mallar ona təhvil verilməyib. Ümumiyyətlə belə bir mal satmamışdır. Müqavilədə təhvil təslim aktında və ərizədə olan imza ona məxsus olsa da, işə qəbul olmaq üçün həmin müqaviləyə qol çəkmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış müqavilə predmeti olan mallar şirkətin anbarından təhvil-təslim aktı əsasında çıxarılaraq, cavabdehə təhvil verilməsi və həmin təhvil-təslim aktına cavabdeh şəxsən imza atması, həmin akt məhkəməyə təqdim edilməsi, iş materiallarında mövcud olması, malların cavabdehə verildiyini təkzib edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi, tərəflər arasında bağlanmış müqavilə çap üsulu ilə yazılıbsa, müqavilə tarixinin əl yazısı ilə yazılması qanunvericiliyin tələblərinə zidd olmaması, bu halın müqavilənin etibarsızlığına səbəb ola bilməsinin düzgün olmaması, cavabdehin tam fəaliyyət qabiliyyətli şəxs olması, müqavilə bağlanarkən müqavilənin bütün şərtlərinin onunla razılaşdırılıb və onun iştirakı ilə tərtib edilməsi, müqavilənin tarixi də məhz müqavilənin imzalandığı gün yazılması, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlə bağlı məhkəməyə sənəd təqdim edə bilməməklə bağlı isə həmin ödəniş qəbzlərini məhkəmənin ilk tələbi ilə təqdim etməklərinin mümkün olması, lakin bu halı sübut etmək yükünün onların üzərinə deyil, cavabdehin üzərinə düşməsi, iş birinci instansiya məhkəməsində araşdırılan zaman həmin qəbzlərin mövcud olub-olmaması ilə bağlı hər-hansı müzakirə həyata keçirilməməsi, qəbzlərin onlardan tələb edilməməsi, müqavilə müddətinin 3 ay göstərilməsinə baxmayaraq iddia ilə məhkəməyə 2 il sonra müraciət etməyinin də qanun pozuntusu olmaması, müqavilənin etibarsızlığına səbəb olan faktor olmaması, müqavilə üzrə tələblərə 3 illik iddia müddəti tətbiq edilir və onlar tərəfindən həmin müddət ötürülməməsi, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin yalan əqd kimi etibarsız hesab edilməsi üçün heç bir fakt və ya hal mövcud olmamaşdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin yalan əqd olduğu və tərəflərin həqiqi iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellysiya məhkəməsinin tərəflərin hansə həqiqi hüquqi münasibətdə olmalarını, bundan asılı olaraq mübahisənin həllinə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etmədiyini, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğunu, onu işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyin xüsusi imperativ qaydalarının mövcudluğunun nəzərə alınmadığını, Konstitusiya Məhkəməsinin bu qərarın 65-ci bəndində istinad olunan qərarının bu işə tətbiqinin mümkünlüyünü müzakirə etməklə, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilkin və qarşılıqlı iddia tələbləri üzrə hüquqi dəyərləndirmə aparmaqla qeyd edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbini özündən asılı etdiyindən, ilkin olaraq qarşılıqlı iddia tələbinə qiymət verilməlidir. Baxılan iş üzrə ilkin iddianın müqavilə üzrə təhvil alınmış malın ödənilməyən qalıq hissəsinin ödənilməsi, qanuni əsası Mülki Məcəllənin 600, 598.2, 598.3-ci maddələri, qarşılıqlı iddia tələbi isə müqavilənin etibarsızlığı və qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Tərəflər arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilməsi və bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, ilkin iddiaçı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanaraq, ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları alıcı qismində Cavabdeh satdığını, sonuncu isə həmin malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, vəsaitin isə nağd və ya köçürülmə formasında yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəməsini, bu qaydanın pozulmasına görə məsuliyyətin alıcı olaraq cavabdehin üzərinə düşdüyünə istinad etmiş, qarşılıqlı iddiaçı isə İddiaçı MMC ilə əmək münasibətlərində olmasına, onunla iddiaçı arasında həqiqi mülki hüquqi müqavilə bağlanmadığına, başqa müqaviləni pərdələmək məqsədilə bağlandığına, həmin müqavilə üzrə tərəflərin qaşılıqlı ödəliklərinin yaranmadığına, işə qəbul olunarkən işəgötürən tərəfindən ilkin olaraq bu müqaviləyə qol çəkdirdiklərini, daha sonra əmək müqaviləsi bağladıqlarını, işə qəbul olunması üçün bu müqaviləyə və təhvil-təslim aktına qol çəkdiyini əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 17 iyul 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Göründüyü kimi qanunvericilik əmək münasibətlərinin mülki hüquq müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Məlum olduğu kimi Mülki Məcəllənin 340.2. maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları). Qeyd etmək lazımdır ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının istinad etdiyi əqd tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkət olmaqla, əsl hüquqi niyyətlərini əks etdirmir. Nəzərə alınmalıdır ki, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə ilkin iddiaçı əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və mövcud işin icraatı çərçivəsindəbu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiqidə mümkünsüzdür. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1-337.4. maddələri). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi əsasında xx.xx.2020-ci il tarixli müqavilə (əqd) etibarsız hesab edildiyindən, ilkin iddianın təmin edilməsi imkanını aradan qaldırdığından, həmin hissədə əlavə araşdırma aparılması zərurəti aradan qalxmış olur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsini (əqdi) yalan əqd (əhəmiyyətsiz) hesab etməklə, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-378/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-378/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver