Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3783/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(028)-640/2021 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim Valdimir Ruvinov) Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(028)-378/2020 saylı qətnaməsinə əsasən 16190,98 manat məbləğində kredit borcu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsində yerləşən 2 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Qubadlı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. İddia ərizəsi üzrə tələb kredit borcunun müəyyən edilərək tutulması deyil. Hazırkı tələb artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun kredit müqaviləsi üzrə təminat olaraq göstərilən ipoteka predmetinə yönəlməsidir. Həmin tələbə dair məhkəmə tərəfindən hər hansı bir qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyil. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edərkən 05.09.2014cü il tarixli, 106.LN.2004.050914.00001 saylı kredit müqaviləsi üzrə artıq məhkəmə qətnamələrinin qəbul edildiyini və qüvvəyə mindiyi ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (MPM-nin 153.2.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini 05.09.2014-cü il tarixli, 106.LN.2004.050914.00001 saylı kredit müqaviləsi üzrə artıq qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması ilə əsaslandırsa da, istinad etdiyi məhkəmə qətnamələrinin hazırkı tələblə bağlı olmaması hallarına diqqət yetirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli və onunla bağlı 26 oktyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3783/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3783/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver