Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-381/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-172/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-172/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı sahibliyində olan “Ford Tranzit” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4097,68 (dörd min doxsan yeddi manat altmış yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən “Ford Tranzit” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq ona qaytarılması, məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-172/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2020-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsi zamanı “Ford” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 5398 (beş min üç yüz doxsan səkkiz) manat məbləğində dəyən zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “TƏBRİZ” firmasının hesabına ödənilmiş 50 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rusumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 03 iyun 2020-ci il tarixdə, saat 10:30 radələrində idarə etdiyi “Ford” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Quba istiqamətində hərəkət edən zaman Cavabdeh idarə etdiyi “Kamaz 5320” markalı, **- BE-*** qeydiyyat nömrəli maşın onun idarə etdiyi avtomobilin arxa hissəsindən zərbə ilə dəymiş, toqquşma zamanı onun idarə etdiyi “Ford Tranzit” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də, qarşıda hərəkət edən **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Cavabdeh idarə etdiyi “Kamaz 5320” markalı, **-BE-*** qeydiyyat nömrəli maşın, onun idarə etdiyi avtomobilə dəydiyi zaman dəymiş ziyanın ümumi məbləği 9665 (doqquz min altı yüz altmış beş) manat təşkil etmiş, “Atəşgah Sığorta” şirkəti dəyən ziyanın 4267,32 (dörd min iki yüz altmış yeddi manat otuz iki qəpik) manatını ödəmişdir. Avtomobilinə dəymiş ziyandan sığorta şirkətinin ödədiyi puldan sonra ona Cavabdeh 5398 (beş min üç yüz doxsan səkkiz) manat məbləğində pul ödəməlidir. Bu yol-nəqliyyat hadisəsinin törədilməsində bütün məsuliyyət Cavabdeh üzərindədir. Cavabdehlə mülkiyyətində olan avtomaşına vurmuş olduğu ziyanı könüllü qaydada ödəməsi barədə razılıq əldə etməyə çalışsa da, heç bir nəticə əldə etməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulduğundan qətnamə ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əalvə etdi ki, dəymiş ziyan bu məbləğdə ola bilməz. Ziyanı sığorta şirkəti zərər çəkənə ödəmişdir. Sonradan iddiaçı və şirkət əlbir olaraq zərərin məbləğini süni şəkildə şişirtmişlər. Bundan başqa, baş vermiş qəza zəncirvari olmuşdur və bu qəzanı bütünlükdə o törətməmişdir. Bu hallar isə məhkəmə iclasında nəzərə alınmadığından qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 03.06.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 03 iyun 2020-ci il tarixində, saat 13:08 radələrində “Kamaz 5320” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Yenə işdə olan nəqliyyat vasitəsinin AD 304788 saylı şəhadətnaməsindən görünür ki, “Ford Tranzit” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı sahibliyindədir. Yenə də işdə olan “Təbriz” firmasının 06.06.2020-ci il tarixli ziyan aktından görünür ki, baş vermiş yo-nəqliyat hadisəsi nəticəsində “Ford” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına 9965 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixli məxaric orderindən görünür ki, “Atəşgah Sığorta” şirkəti dəyən ziyanın 4267,32 (dörd min iki yüz altmış yeddi manat otuz iki qəpik) manat hissəsini İddiaçı ödəmişdir. Yenə iş materiallarında olan 06.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “Ford Tranzit” yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2021-ci il tarixli, 9/5225 saylı ekspert rəyindən görünür ki, “Təbriz” firmasının 06.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 8365,0 manat müəyyən edilir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə, MPM-nin 372.6-cı maddəsinə əsasən araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-172/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 03 iyun 2020-ci il tarixdə Bakı- Quba yolunun 162-ci km-də Cavabdeh istifadəsində olan “Kamaz 5320” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən idarəetməni itirmiş və avtomaşın iddiaçıya məxsus “Ford Tranzit” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Törətdiyi inzibati xəta hadisəsinə görə Cavabdeh inzibati qaydada cəzalandırılmışdır. Yaranmış mübahisə üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakılara əsaslanır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yenə həmin Qanunun 81-ci maddəsinin tələblərinə görə bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırkı mübahisə üzrə zərəri cavabdeh vurduğundan məhkəmə kollegiyasının qənaətinə görə ona qarşı qaldırılmış iddia əsaslıdır. Bununla belə, işdən görünür ki, zərərin məbləği barədə tərəflər arasında mübahisə yaranmışdır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə zərərin məbləğini müəyyən edərkən məlum ekspert rəyinə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.02.2021-ci il tarixli, 9/5225 saylı ekspert rəyindən görünür ki, “Təbriz” firmasının 06.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı, “Ford Tranzit” yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 8365 manat müəyyən edilir. Dəymiş ümumi zərərin məbləğindən sığorta ödənişini çıxdıqda isə qalan zərərin məbləğinin 4097,68 manat olduğu müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş İddiaçı ona dəymiş ziyanla bağlı Cavabdeh zərərin əvəzini tələb etmək hüququ vardır və o, 4097,68 manat məbləğində pulu tələb etməkdə haqlıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, Cavabdeh apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-172/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-381/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-381/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver