Məhkəmə qərarları › İş №2(105)-3815/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3815/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3815/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(067)-1965/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı və 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsi üzrə 3,602.30 (üç min altı yüz iki manat, otuz qəpik) manat əsas borc, 1,015.33 (min on beş manat, otuz üç qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4,667.63 (dörd min altı yüz altmış yeddi manat, altmış üç qəpik) manat, 10.09.2019- cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsi üzrə 7,816.18 (yeddi min səkkiz yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 2,028.25 (iki min iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 9,894.43 (doqquz min səkkiz yüz doxsan dörd manat, qırx üç qəpik) manat məbləğində pul, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat rüsumun 15 (on beş) manatının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi, həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilməsi və əmlakın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş, bununla razılaşmayan Cavabdeh apellyasiya şikayətini elektron qaydada deyil, kağız daşıyıcıda vermiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 363.1.5. maddəsi). Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilərkən elektron qaydada verilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan apellyasiya şikayətini apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar