Məhkəmə qərarları › İş №2(105)-383/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-383/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-383/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pulun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-4689/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-4689/2021 saylı qətnaməsi ilə İddiaçı qeyd edilən iddiası rədd edilmişdir. (hakim A.Süleymanova) Qətnamədən narazı qalan İddiaçı ondan apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və onun iddiasının təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 35000 (otuz beş min) manat borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2009-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (reyestrdə 4ə - 01163 nömrə ilə qeyd edilib) ləğv edilməsi, bağlanmış ilkin müqavilə üzrə ödənilməmiş 35 000 (otuz beş min) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə AN-İ ******* saylı, 29 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, satıcı (Cavabdeh), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin 23.04.2009-cu il, 14/421 saylı arayışına əsasən 4 otaqlı, ümumi sahəsi – 199.24 kv.metr, yaşayış sahəsi – 116.16 kv.metr, köməkçi sahəsi – 83.08 kv.metr olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcının (İddiaçı) mülkiyyətinə verməlidir. Satıcı evi alıcıya 76095 manata satmağa, alıcı isə həmin qiymətə almağa razılaşmışlar. O, göstərilən məbləğin 35000 manatını dərhal, qalan məbləği, yəni 41095 manatı isə 3 ay müddətə ödəməli idi, lakin evin alqı-satqısından imtina edilmişdir. Buna görə də ödədiyi 35000 manat ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız cavabdehin tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflər arasındakı müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur və o, mübahisəli evi iddiaçıya təhvil verməkdən imtina etmişdir. İlk olaraq ödənilmiş vəsaiti də geri qaytarmamışdır. İddia müddətinin ötürülməsi qənaətinə gələn məhkəmə səhvə yol vermişdir, çünki alqı-satqı müqaviləsi notariat qaydada bağlandığı üçün o, əmlakın başqa şəxsə özgəninkiləşdirilməyəcəyinə arxayın olmuş, ona görə də bu müddət ərzində məhkəmə mübahisəsi açmamışdır. Bu hallara məcmu halda düzgün qiymət verilsəydi, iddia təmin olunmalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 29 aprel 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, satıcı evi 76095 manata satmağı, alıcı isə həmin qiymətə almağa razılaşmış, alıcı İddiaçı göstərilən məbləğin 35.000 manatını ödəmiş, qalan 41095 manatı isə 3 ay müddətinə qədər ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan ərizədən görünür ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiq edilməsilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında mənzilin alqı-satqısı barədə AN-İ ******* saylı, 29 aprel 2009-cu il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, satıcı evi 76095 manata satmağı, alıcı isə həmin qiymətə almağa razılaşmış, alıcı İddiaçı göstərilən məbləğin 35.000 manatını ödəmiş, qalan 41095 manatı isə 3 ay müddətinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı alqısatqı baş tutumadığı üçün 35000 manat pulun ona qaytarılmasını tələb edir, cavabdeh tərəf isə həmin pulu qaytardıqlarını bildirməklə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş edir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı qaydada əsasdırmışdır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Yenə həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Yenə də həmin Məcəllənin 606.1-ci maddəsinə görə əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə görə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, satıcı alıcı tərəfindən alış qiyməti tam ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamış, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Hazırda araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğiniəşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pulla ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir. İşdən göründyü kimi alıcı öhdəliyi tam icra etməmiş, bu səbəbdən əmlak üzərində mülkiyyəti hüquqları satıcı tərəfindən alıcıya ötürülməmiş, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxtdan alıcının alqı-satqı müqaviləsi üzrə tələb hüququ yaranmışdır. İddiaçı həmin hüquqdan araşdırılan mübahisə üzrə məhkəməyə müraciət edənədək istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)- 4689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar