Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3838/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(026)-316/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(026)-316/2021 saylı qətnaməsi ilə (hakim M.Q.Quliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 28759,05 manat əsas borc, 4438,50 manat faiz borcu, 524,82 manat cərimə olmaqla, cəmi 33722,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(026)-316/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 28759,05 manat əsas borc, 4438,50 manat faiz borcu, 524,82 manat cərimə olmaqla, cəmi 33722,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faiz olmaqla, 36 ay müddətinə 30.000 manat kredit götürmüşdür. 02 iyul 2020-ci il tarixli əlavə sazişə əsasən kredit müddəti 28 fevral 2023cü il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 28 fevral 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 apellaysiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsi 22 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 4-MZ2-1-0-1353-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 (VÖEN **********) biznes məqsədi ilə illik 20 faiz olmaqla, 36 ay müddətinə 30000 manat kredit verilmişdir. 28 fevral 2020-ci il tarixli 4-MZ2-1-0-1353-20 və 4-MZ2-1-0- 1353-20 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında 20.04.2005-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 vergi ödəyici kimi (VÖEN **********) dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materialları ilə müəyyən olur ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir və hazırkı kredit müqaviləsi üzrə götürdüyü pul vəsaitini biznes məqsədi ilə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı Qobustan Rayon Məhkəməsinə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı mübahisənin həlli üçün Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Buna baxmayaraq, Qobustan Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyat qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(026)-316/2021 saylı qətnaməsi ləğv edilməli və iş aidiyyatı üzrə baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 384.0.4, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(026)-316/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmaq üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3838/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3838/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver