Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-385/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4889/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilmişdir.
2. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, iki il əvvəl Şahin Babaxanovun həyat yoldaşı Aygün işlədiyi mağazaya gələrək Yeganənin əri olub-olmadığını soruşub Yeganənin ondan 2000 manat dəyərində nisyə mal aldığını, xəstə uşaqları olduğunu bildirib pulu almaqda kömək etməsini istəmişdir. O, da Yeganə ilə ayrıldıqlarını, ancaq uşaqlarına görə kömək edəcəyini bildirmiş, bundan sonra Aygünə hissə-hissə olmaqla 400 manat pul versə də, sonradan maddi imkanı yaxşı olmadığı üçün pul verə bilməmişdir.
3. İşdə olan AR DİN Sumqayıt Şəhər Polis İdarəsinin 01 iyul 2022-ci il tarixli, 126-7475/3 saylı məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar X3 Sumayıt Şəhər Məhkəməsinə və ya Sumqayıt Şəhər Prokurorluğuna müraciət edilməsi tövsiyə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1605 manat məbləğində əsas borcun, dəymiş zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların geyim mağazaları var. Təxminən 3 il əvvəl cavabdehlərdən Cavabdeh1 onun həyat yoldaşı kimi tanınan digər cavabdeh yəni, Cavabdeh2 razılığı ilə mağazalarından 2005 manat dəyərində nisyə paltar almış və Fuadın pulu ödəyəcəyini demişdir. Lakin, Fuad pulu ödəməyi öhdəsinə götürsə də, cəmi 400 manat ödəmiş, pulun qalan hissəsini isə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində həyat yoldaşı X5 ilə birlikdə pulu almaq məqsədi ilə Fuadın işlədiyi Sumqayıt şəhəri, 4-mikrorayon ərazisində yerləşən “Kompüter təmiri və satışı” mağazasına gedərək pulu nə vaxt verəcəyini soruşduqda Fuad Yeganənin həyat yoldaşı olmadığını, pulu verməyəcəyini, verdiyi pulların da geri alacağını bildirmişdir. Həyat yoldaşı X5 onun bu cür davranışına əsəbləşərək əlini arakəsməyə vurmuşdur. Əli təsadüfən Fuadın kompüterinin monitorunun arxa küncünə toxunmuşdur. Bundan sonra yaranmış mübahisə Sumqayıt şəhər 3-cü Polis Bölməsinə şikayət etmələri ilə nəticələnmişdir. Aparılmış araşdırma zamanı cinayət işinin başlanması rədd edilmiş, lakin Cavabdeh2 götürülmüş 2005 manatın 400 manatını qaytardığını etiraf etsə də, qalan pulu qaytarmağa imkanı olmadığını bildirmişdir. Dəfələrlə müvafiq inzibati orqanlara müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehlər faktiki olaraq etibarından sui-istifadə edərək onun pulunu ələ keçirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehlərin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)- 4889/2022 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1600 (min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı və 36 (otuz altı) ödənilmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda təsbit olunmuş Cavabdeh1 iddiaçıdan 2000 manat məbləğində nisyə mal almasının Cavabdeh2 etirafı ilə təsdiq olunması işin mübahisə yaratmayan halıdır. Lakin, 1000 manat məbləğində vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı iddiaçı tələbində cavabehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu qeyd etsə də, bununla bağlı əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 385.1, 425.1, 560.3.2, 567, 739.1, 740.1, 740.2, 1097-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4889/2022 nömrəli qətnaməsi müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilməli, apellyasiya araşdırmasının nəticəsindən asılı olaraq ona aid olan hissəsində qətnaməyə dəyişiklik edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh1 arasında olan alış-verişdən onun xəbəri olmamışdır və o, bunun üçün heç bir cavabdehlik daşımır. Çünki o, Cavabdeh1 ilə rəsmi nikahda olsa da, onlar uzun müddətdir ki, ayrı yaşayır. Hal-hazırda aralarındakı nikahın pozulması üçün işləri məhkəmə icraatındadır. İddiaçı və Cavabdeh1 arasında bu alış-verişdən sonra mübahisə yarandıqdan sonra Aygün yoldaşı ilə onun iş yerini öyrənib yanına gələrək Yeganə ondan nisiyə götürdüyü paltarın pulun vermədiyin bildirsə də, Aygünə demişdir ki, onu bu söhbətə qarışdırmasın. Çünki o, uzun müddətdir ki, Cavabdeh1 ilə bir yerdə yaşamır və onun işlərinə qarışmır. Ancaq Aygün ağlayaraq övladının xəstə olduğunu demiş və bildirmişdir ki, çox çətin maddi durumdadır, övladının müalicəsi üçün onun pula ciddi ehtiyacı var. Onun vəziyyətin başa düşərək insanlıq naminə hissə-hissə ona 400 (dörd yüz) manat uşağının müalicəsi üçün pul vermişdir. Bu verilən pulu Cavabdeh1 borcundan siləcəkdir. Bundan başqa birinci instansiya məhkəməsi zamanı bu işin ona aid olmadığını düşünərək və əsasən də Cavabdeh1 ilə üz-üzə gəlməməyə görə məhkəmədə iştirak etmək istəməmişdir. Cavabdeh1 ilə uzun müddətdir bir yerdə yaşamır və onun kimdən nə alış-veriş etməyinə görə o, cavabdehlik daşımır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı onun iş yerinə gələrək, onun keçmiş arvadının ondan nisyə paltar aldığını bildirmiş və pulun ödənilməsini tələb etmişdir. Onun bunların heç birindən xəbəri olmamışdır. O, iddiaçını tanımır və keçmiş arvadı tərəfindən nisyə götürülmüş paltarların dəyərinin ödənilməsi barədə heç bir öhdəlik götürməmişdir. İddiaçı dəfələrlə uşağının xəstə olduğunu bildirərək, pulun ödənilməsini tələb etdiyindən, o bir həmyerli və uşağına kömək məqsədilə pul ödəmişdir. Ödəmiş olduğu pulu da bir həmyerli kimi vermişdir. O, Yeganədən çoxdan ayrılmış və artıq nikahları da pozulmuşdur. Yeganənin nə qədər və hansı dəyərdə paltar götürməsindən tam xəbərsizdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Yeganə xanım onun daimi müştərisi olmaqla ondan bir neçə dəfə paltar götürmüş və beləliklə aralarında inam yaranmışdır. Sonuncu dəfə nisyə paltar götürəndə Yeganə telefonu “uca səsliyə” qoyaraq zəng etmiş və əri Fuad olduğunu bildirmişdir. Həmin vaxt Fuad mağazaya gəlməmiş, lakin Yeganə ona zəng edərək borcundan gətirib mağazaya ödəyəcəyini demiş, o, da bunların hamısını eşitmişdir. İndi Yeganəni tapa bilmir, sonuncu onun mobil telefon nömrələrini “bloka” salır. İddiaçı sonda ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4889/2022 nömrəli qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirilmişdir.
18. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyatora münasibətdə, mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatı iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə ləğv edilməli və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
20. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi nisyə qaydada verilmiş geyim əşyalarının dəyərinin cavabdehlərdən müştərək qaydada alınmasından ibarətdir.
21. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, o geyim əşyalarının satışı ilə məşğuldur. Cavabdeh1 ondan şəxsi istehlak üçün 2005 manat dəyərində nisyə qaydada müxtəlif çeşiddə geyim əşyası götürmüş, pulunu isə sonuncunun əri - Cavabdeh2 ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin puldan 400 manat ödəniş etsə də, qalan pulu ödəməkdən yayınmışdır.
22. Göründüyü kimi mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
23. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
24. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
27. Öyrənilən işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh2 iddia tələbinə etiraz etmiş, iddiaçını tanımadığnı, digər Cavabdeh1 nisyə paltar götürməsindən xəbərsiz olduğunu və geyim əşyalarının dəyərinin qaytarcağı barədə öhdəlik götürmədiyini bəyan edir.
28. Cavabdeh etirazını, o cümlədən apellyasiya şikayətini onunla əsaslandırır ki, o Cavabdeh1 xeyli müddətdir ki, ayrılmış, nikahları rəsmi qaydada pozulmuş, ər-arvad münasibətləri yoxdur. Ödənilmiş 400 manat məbləği də iddiaçı dəfələrlə gedib-gəldiyindən, uşağının xəstə olması və uşağın tələbatlarını ödəmək üçün vermişdir.
29. İşin tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında hər hansı rəsmi və ya şifahi razılığın olması iş materialları ilə sübut olunmur, əksinə iddiaçı həm iddia ərizəsində, həm birinci instansiya məhkməsinin, həm də apellyasiya icraatı zamanı geyim əşyalarını məhz Cavabdeh1 verdiyini etiraf etmiş, Cavabdeh2 mağazaya gəlmədiyini, Yeganə ilə Fuadın telefon danışığına istinadən pulu həm də Cavabdeh2 ödəməli olduğunu bildirmişdir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı Cavabdeh2 öhdəliyi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
30. Belə olan halda kollegiya bildirir ki, Cavabdeh2 mübahisəsi gedən geyim əşyalarının dəyərinin ödənilməsi üzrə öhdəliyin daşıyıcısı olmamaqla, hazırki iddia üzrə cavabdehlik daşıyan şəxs deyildir.
31. Kollegiya diqqətə çatdırmağı vacib hesab edərək qeyd edir ki, Müli Məcəllənin 225.3-cü maddəsinn tələbinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
32. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmalı və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmalıdır.
35. Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4889/2022 nömrəli qətnaməsi qismən – «Cavabdeh2 1600 (min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi və 36 (otuz altı) ödənilmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi» hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin olunmamalıdır.
36. Qətnamə - «Cavabdeh1 1600 (min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin və 36 (otuz altı) ödənilmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və iddia tələbi qalan hissədə təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(060)-4889/2022 nömrəli qətnaməsi qismən – iddianın təmin olunmuş «Cavabdeh2 1600 (min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi və 36 (otuz altı) ödənilmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi» hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.