Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3866/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən alınmış İMEİ Kodu **********19493 olan “Samsung Galaxy” A30 s markalı telefon və Power bank üçün 615,4 (altı yüz on beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən “Philips” markalı üzqırxan üçün 210,4 (iki yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə olmaqla ümumilikdə 825,8 (səkkiz yüz iyirmi beş manat, səksən qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamnədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsinin ləğv edilməsini, qeyd edilən məbləğin minimuma endirilməsi, heç bir yerdən gəlirinin olmamasının nəzərə alınaraq ödənişin aldığı 110 manat təqaüddən hər ay 20 manat olmaqla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən alınmış İMEİ Kodu **********19493 olan Samsung Galaxy A30 s markalı telefon və Power bank üçün 615,4 (altı yüz on beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən Philips markalı üzqırxan üçün 210,4 (iki yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla ümumilikdə 825,8 (səkkiz yüz iyirmi beş manat, səksən qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 3-cü qrup əlil olmaqla heç bir yerdə işləmir, əlavə gəliri yoxdur. Himayəsində ruhi xəstə bacısı var. Borcunu inkar etmir, sadəcə ödəmə qabiliyyəti olmadığı üçün apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehlə iddiaçı qurum arasında müqavilə mövcuddur. Cavabdeh borcunu ödəməlidir. Qətnamə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.12.2019cu il tarixli 01135754 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 824,4 manat, İMEİ Kodu **********19493 olan “Samsung Galaxy” A30s markalı telefon və Power bank almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.02.2020ci il tarixli 20106499 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 230,4 manat olan “Philips” markalı üzqırxan almışdır. İş materiallarında olan 18.12.2019-cu və 16.02.2020-ci il tarixli əşyaların təhviltəslim aktından görünür ki, İMEİ Kodu **********19493 olan “Samsung Galaxy” A30s markalı telefon və Power bank, Philips markalı üzqırxan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 68,7 manat olmaqla, İMEİ Kodu **********19493 olan Samsung Galaxy A30s markalı telefon və Power bank, və 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 19,2 manat olmaqla philips markalı üzqırxan almış və cəmi 229 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 386.1, 385.1, 442, 448.1, 567, 631.1-ci maddələrə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək, alınmış “Samsung Galaxy” A30 s markalı telefon və Power bank üçün 615,4 (altı yüz on beş manat, qırx qəpik) manat, “Philips” markalı üzqırxan üçün 210,4 (iki yüz on manat, qırx qəpik) manat pulun tutulmasını təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh arasında qeyd edilən əmlakların satılması barədə alqı-satqı müqavilələri imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdeh E. Quliyevin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh alıq-satqı müqaviləsi üzrə aldığı “Samsung Galaxy” A30 s markalı telefon və Power bank üçün 615,4 (altı yüz on beş manat, qırx qəpik) manat, “Philips” markalı üzqırxan üçün 210,4 (iki yüz on manat, qırx qəpik) manat borcu olması da iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, heç bir yerdə işləməməsi, İİİ qrup əlil olmasına qiymət verərək qeyd edir ki, sadalanan hallar cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad etmir. Belə ki, qeyd edilən əmlakların alınması ilə bağlı tərəflər arasında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək əmlakları cavabdehə təqdim etsə də, cavabdeh əmlakların dəyərini iddiaçıya ödəməmişdir. Eyni zamanda tələb olunan pulun aldığı 110 manat ödənişdən, hər ay 20 manat olmaqla tutulması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, tutulan borcun hissə-hissə ödənilməsi işin hazırki mərhələsində deyil, qətnamə icraya yönəldikdən sonra icra mərhələsində həll edilməli məsələdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(060)- 7840/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3866/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3866/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver