Məhkəmə qərarları › İş №2(105)-387/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-387/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-387/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1608/2019 saylı qətnaməsindən cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1608/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətindən İddiaçı xeyrinə ona vurulmuş maddi zərərə görə 20.386 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 20.416 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(105)-194/2020 saylı qətnaməsi ilə cavabdeh “AAAF-İNŞAAT” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1608/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “AAAF-İNŞAAT” məhdud məsuliyyətli cəmiyyəti qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(102)-3429/2020 saylı qərarı ilə cavabdeh “AAAF-İNŞAAT” məhdud məsuliyyətli cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(105)-194/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 barışıq sazişini təqdim edib, həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin şərtlərinə görə iddiaçının qaldırdığı iddia üzrə bağlanmış alqı-satqı müqaviləsində göstərilən mənzilin ümumi sahəsində yaranmış əskik ölçü sabit və dəyişməz məbləğdə müəyyən olunur, sabit və dəyişməz məbləğ 11000 manat təşkil edir və iddiaçı buna etiraz etmir, cavabdeh bu məbləği iş üzrə məhkəmənin qanuni qüvvəsini almış yekun sənədini aldıqdan sonra başlamaq şərti ilə növbəti aydan hər ay üçün 1000 manat olmaqla ödəməyi öhdəsinə götürür, ödəniş 31 iyul 2021-ci il tarixdən başlanılacaq və 31 may 2022-ci il tarixdə bitəcəkdir, iddiaçı iddia tələbindən tam şəkildə imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsi barədə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli hüquq normalarına qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişi təsdiq olunmalı, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)- 1608/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizalarının tədqiqatının dəyəri olan 200 manatın 100 manatı İddiaçı və 100 manatı isə cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-264, 370, 384, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı ilə cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin 1.İddiaçı qaldırdığı iddia üzrə bağlanmış alqı-satqı müqaviləsində göstərilən mənzilin ümumi sahəsində yaranmış əskik ölçü sabit və dəyişməz məbləğdə müəyyən olunur, sabit və dəyişməz məbləğ 11000 (on bir min) manat təşkil edir və iddiaçı buna etiraz etmir.

2. Cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyəti 11000 (on bir min) manatı iş üzrə məhkəmənin qanuni qüvvəsini almış yekun sənədini aldıqdan sonra başlamaq şərti ilə növbəti aydan hər ay üçün 1000 (bir min) manat olmaqla ödəməyi öhdəsinə götürür, ödəniş 31 iyul 2021-ci il tarixdən başlanılacaq və 31 may 2022-ci il tarixdə bitəcəkdir.

3. İddiaçı iddia tələbindən tam şəkildə imtina edir. İş üzrə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-1608/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı və 100 (bir yüz) manatı isə cavabdeh “AAAF-İnşaat” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 və 142595 büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülün. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar