Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-387/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 100 manat məbləğində aliment pulu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam və ya qismən təmin edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Artıq 5(beş) il öncə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği (100 manat) uşağın tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Cavabdeh ancaq məhkəmə qətnaməsi ilə təyin edilən 100 (yüz) manat aliment məbləğini aylıq ödəməklə kifayətlənir, bundan başqa ötən 5 il ərzində heç bir zaman uşağın zəruri ehtiyac və tələbatlarının ödənilməsi istiqamətində heç bir addım atmamış, dəfələrlə ona bu barədə müraciət etsədə cavbadeh uşağına maddi- mənəvi dəstəkdən imtina etmişdir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
4. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsi ilə (hakim V.Qasımova) iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3116/18 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini bu cür əsaslandırmışdır ki, işin araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3116/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edib ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. İşin hallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edib ki, uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğin 180 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, onun maddi imkanı aşağıdır. Məhkəmə onun ailə vəziyyəti və xəstəliyi barədə vəsatətləri nəzərə almamış, yalnız iddiaçının formal iddiası əsasında əsassız qətnamə qəbul etmişdir. Hal-hazırda o xəstəlikdən əziyyət çəkir, atası da xəstədir, ailə vəziyyəti də çox ağırdır, gəliri yoxdur. Məhkəmə isə qanunvericiliyin tələblərini pozmuş, heç bir araşdırma aparmadan, onun maddi vəziyyətini tədqiq etmədən aliment məbləğini artırmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onun maddi imkanı hazırkı qətnamə ilə qət edilən 180 manat aliment məbləğini ödəməyə imkan vermir. Onun valideynləri xəstəlikdən əziyyət çəkirlər. Onların maddi ehtiyaclarını da cavabdeh qarşılayır. Aylıq əməkhaqqısı isə 430 manat təşkil edir. O, aylıq 130 manat məbləğində aliment ödəməyə razıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, azyaşlı övladları Nurayın gözündə və ayağında fiziki qüsuru vardır. Nurayın daimi müalicəyə ehtiyacı vardır. O, heç bir yerdə işləmir. Qətnamə ilə müəyyən edilən aliment məbləği zatən uşağın maddi ehtiyaclarının lazımi qaydada ödəməyə imkan vermir. Həmin məbləğdən daha aşağı alimentin ödənilməsi uşağın mənafeyinə uyğun deyil. Ona görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətlərindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsinin ləğvini xahiş etmişdir.
19. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Tələb alimentin artırılması barədədir.
22. Birinci instansiya məhkəməsi uşağın mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimenti hər ay 180 manat, məbləğində müəyyən etmişdir.
23. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
25. Cavabdehin apellyasiya şikayətində, o cümlədən məhkəmə iclasında göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
26. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
27. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin aylıq gəlirinin az olması, maddi vəziyyətinin qənaətbəxş olmaması kimi hallar diqqətəlayiq hallar olub, iddia ərizəsində qeyd olunan yaşayış minimumunun tutulmasını istisna edir. Bu kimi diqqətəlayiq hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmışdır.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir
29. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
30. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.
31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
32. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən, 180 manat təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.
33. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(067)-2197/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.