Məhkəmə qərarları › İş №2(105)-3877/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3877/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3877/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(012)-1299/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(012)-1299/2020 saylı qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-1299/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpası barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(012)-1299/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-1299/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-1299/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh maddi zərərə görə 9218 (doqquz min iki yüz on səkkiz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21,69 (iyirmi bir manat altmış doqquz qəpik) manat hissəsinin tutulub İddiaçı ödənilməsi, ekspertiza xərclərinə görə 72,3 (yetmiş iki manat otuz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən və 27,7 (iyirmi yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin isə iddiaçıdan tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və apellyasiya şikayəti 11 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 iyun 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, müddətin bərpasından imtina barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(012)-1299/2020 saylı qətnaməsinin surəti Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixdə qəbul edilmiş, qətnaməni təkrar təqdim edilməsi ilə bağlı ərizəsi rüsum ödənilmədiyindən geri qaytarılmış, sonuncu məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəblərdən ötürməsini sübut edən əsaslandırıcı dəlilləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2020- ci il tarixli, 2(012)-1299/2020 saylı qətnaməsinin surəti Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məhkəmənin qətnaməsi alındıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində verilməmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(012)-1299/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar