Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-391/2025 10.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması, prosessual müddətin bərpası barədə ərizə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(060)-3278/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10052 manat məbləğində borcun və 125 manat dövlət rüsumu kimi köçürdüyü pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(060)-3278/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə “şikayətin vaxtında verilməsi” haqqında ərizə əlavə etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehə rəsmi qaydada göndərilməmiş, göndərilsə belə həmin qətnaməni almamışdır. Qətnamənin surəti xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra şöbəsinin icra məmuru tərəfindən ona təqdim edilmişdir. Odur ki, şikayət vermə müddəti həmin tarixdən hesablanmalıdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(060)- 3278/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. (hakim A.Behbudova)
6. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(060)-3278/2024 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(060)- 3278/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bundan əlavə məhkəmənin icraatına daxil olduqdan sonra dəfələrlə cavabdehin elektron kabinetinə məhkəmə iclaslarının vaxtı və yeri barədə onun elektron kabinetinə məlumatlar və sənədlər yerləşdirilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, sübut və dəlillərini təqdim etmişdir. Yəni, tərəfin qətnamənin mövcudluğundan xəbəri olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində şikayət verməmişdir. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı inandırıcı, mötəbər və təkzib olunmaz sənəd məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.1.3, 133.1, 135.4, 268, 269, 363.1.3-cü maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(060)- 3278/2024 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadı əsassız hesab edir. Bu qərardad onun mübahisələndirilən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmışdır. Bu səbəbdən həmin qərardaddan şikayət vermək məcburiyyətində qalmışdır. Cavabdeh üçün elektron məhkəmə sistemi aktiv olmadığı üçün cavabdeh qətnamənin surətini almamışdır. “ASAN” imzanı dəstəkləyən nömrə aktiv olmamış, hazırda cavabdehin adından çıxaraq satışa çıxarıldığı məlum olmuşdur. Asan imzanı dəstəkləyən nömrənin artıq cavabdehə məxsus olmadığı üçün cavabdeh elektron kabinetə daxil ola bilməz. Ümumiyyətlə cavabdeh elektron məhkəmənin mövcudluğundan məlumatsızdır. Məhkəmə elektron kabinetə yükləməklə öz işini bitmiş hesab etmiş və cavabdehə bu məlumatların çatmasına nəzarət etməmişdir. Hesab edir ki, qətnamə ona rəsmi qaydada verilməmiş və ünvanına göndərilməmişdir. Eyni zamanda qətnamə məhkəmə icraçısı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə verildiyindən şikayət müddəti həmin tarixdən hesablanmalıdır. Bu halda cavabdeh qətnamədən şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə isə bu halları nəzərə almamış və əsassız qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;
Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır
14. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
15. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X7 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
16. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
Apellyasiya baxışının hədləri
17. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
18. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3278/2024 nömrəli qərardadı qismən, “prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi” hissəsində ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən iddia üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 23 sentyabr 2024-cü il tarixli, 2(060)- 3278/2024 saylı qətnamə qəbul edilmiş və həmin qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir.
21. Sözügedən qətnamədən şikayət verilmədiyindən xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir.
22. Cavabdeh nümayəndəsi və vəkili qətnamədən məlumatsız olduqlarını, yalnız icra mərhələsində məlumatlı olduqlarını və apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsini əsas gətirərək apellyasiya şikayəti vermişdir.
23. İşə baxan birinci instansiya məhkəməsi isə xx.xx.2024-cü il tarixli, 2(060)- 3278/2024 nömrəli qərardadla “prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi” və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir.
24. Cavabdeh tərəf həmin qərardaddan şikayət vermiş, lakin şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Apellyator göstərir ki, sözügedən qətnamə ona göndərilməmiş, elektron kabinetinin aktivləşdirildiyi asan imzanın aid olduğu mobil nömrə isə uzun müddətdir ki, işləmir. Məhz bu səbəbdən qətnamə ona çatdırılmamışdır. Qətnamədən yalnız icra mərhələsində icra məmuru vasitəsilə məlumatlı olmuş, daha dəqiq şəkildə qətnamə ona xx.xx.2024-cü il tarixdə verildiyindən şikayət müddəti həmin tarixdən hesablanmalıdır. Bu halda onun qətnamədən şikayət vermə müddəti ötürülməmişdir.
26. Göründüyü kimi cavabdeh tərəf ilkin olaraq vermiş olduğu apellyasiya şikayətində və ona əlavə olunmuş ərizədə (i/m səh.69-72) heç də prosessual müddətin bərpasını xahiş etməmiş, əksinə, müddətin buraxılmadığını və apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsini bəyan etmişdir.
27. Beləliklə də müəyyən olunur ki, cavabdeh tərəfin ilk vaxtdan mövqeyi müddətin buraxılmaması və şikayətin vaxtında verilməsi ilə bağlı olmuşdur.
28. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin vaxtında verilməməsi ilə bağlı “geri qaytarılması” barədə düzgün nəticəyə gəlsə də, “prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi” hissəsində düzgün nəticəyə gəlməmiş, bu hissədə prosessual pozuntuya yol vermişdir. Çünki yuxarıda qeyd olunduğu kimi olmayan ərizəyə qiymət verilməsi yol verilən deyil.
29. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3278/2024 nömrəli qərardadı qismən, “prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi” hissəsində ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120, 133 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qismən, “prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi” hissəsində ləğv edilsin. Qərardad qalan hissədə (apellyasiya şikayətinin qaytarılması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.