Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-392/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh Əlikram oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əlikram oğluna qarşı pulun və sənədlərin qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-697/2020 saylı qətnaməsindən Cavabdeh Əlikram oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-697/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinə aid sənədin əslinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. (hakim İ.Məmmədov) Qətnamədən narazı qalan Cavabdeh Əlikram oğlu ondan apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan ümumilikdə 3800 (üç min səkkiz yüz) manat borcun və ya ona məxsus ərazinin sənədlərinin əslinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin oktyabr ayında Quba rayonu, Vladimirovka kəndində yerləşən özünə məxsus 0,08 ha həyətyanı sahəni və həmin ərazidə yarımçıq tikili olan binanı Cavabdeh 11000 manata satmışdır. Aralarındakı razılaşmaya görə cavabdeh həmin pulu az-az ödəyəcək və ödəniş tam təmin olunduqdan sonra alqı-satqı reallaşdırılacaqdı. Lakin cavabdeh bu günə kimi ona 7200 manat ödəmişdir. Son ödənişdən sonra cavabdeh ondan həmin əraziyə dair sənədləri istəmiş və sənədləri reysetr xidmətində yoxlayacağını bildirmişdir. Bundan sonra isə o, cavabdehdən ödəməli olduğu pulu və ya hələki ona məxsus ərazinin sənədlərinin əslini ala bilmir. Cavabdeh yalan vədlər verərək qalan pulu verməkdən yayınmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin mənafeyinə uyğun qətnamə qəbul edərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, onun iddiaçıya nə borcu vardır, nə də ondan hər hansı sənədin əslini almışdır. Bu hallara məcmu halda qiymət verilsəydi, iddia təmin olunmamalı idi. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə etdi və bildirdi ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, qətnaməs ləğv olunmalı, iddia isə təmin edilməməlidir. O, sənədi o vaxt verər ki, Sevda Hümbətova ona 7200 manatı qaytarsın. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməməsinin üzrlü sayılmasına dair heç bir əsaslı səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-743F saylı, 30311018 kodlu şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,08 ha həyətyanı sahə Abayeva (Hümmətova) Sevda Əbülfərz qızına məxsusdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı mübahisə ilə bağlı Cavabdeh barədə polisə şikayət ərizəsi vermiş, mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(027)-1648\2020 saylı qətnaməsindən məlum olur ki, tərəflər arasında qeyd olunan torpaq sahəsi ilə bağlı ödənilmiş pula dair məhkəmə mübahisəsi olmuş və məhkəmənin həmin qətnaməsilə mübahisəli torpaq sahəsi üçün ödənilmiş 7200 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,08 ha həyətyanı sahə Abayeva (Hümmətova) Sevda Əbülfərz qızına məxsus olmuş, onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-743F saylı, 30311018 kodlu şəhadətnamə verilmişdir. Tərəflər öz aralarında bu torpaq sahəsinin satılması barədə şifahi razılığa gəlmişlər. Razılaşmaya görə torpaq sahəsinin dəyərini cavabdeh hissə-hissə ödəməli və ödəniş qurtardıqdan sonra tərəflər arasında alqı-satqı rəsmiləşdirilməli idi. İş materiallarından görünür ki, cavabdeh torpaq sahəsinə görə iddiaçıya 7200 manat ödəniş etmişdir. İddiaçı iddia edir ki, cavabdehin torpaq sahəsinə görə ona hələ 3800 manat borcu vardır. Əgər bu borc ödənilmirsə, torpaq sahəsinə dair sənədin əsli ona qaytarılmalıdır. Cavabdeh isə iddia edir ki, torpaq sahəsinə görə razılaçdırılmış qiymət 7200 manat olmuşdur və bu məbləğ ödənilmişdir. Məhkəmə qətnaməsi ilə həmin pulun ona geri qaytarılması qət edilmişdir. İddiaçı 7200 manat pulu ona qaytardığı təqdirdə o da sənədin əslini ona qaytaracaqdır. Beləliklə də, işin faktiki hallarından görünür ki, iddiaçıya məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı baş tutmamışdır. Cavabdeh pulunun geri qaytarılmamasını bəhanə edib həmin torpaq sahəsinə dair sənədin əslini qaytarmaq istəmir. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair sənədin cavabdehdə qalması həmin sənədin sahibi kimi İddiaçı hüquqlarının pozulması mənasına gəlir. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin tələb edilən sənədi ona çatası pul qaytarıldıqdan sonra qaytarmaq barədə dəlillərini məhkəmə kollegiyası hazırki halda əsassız hesab edir. Belə ki, tələb edilən pul məbləği ilə bağlı məhkəmə qətnaməsi var və qətnamənin icrası qaydasında həmin məsələ həll edilə bilər. Lakin bu hal tələb edilən sənədin geri qaytarılmasından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yekunda mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Əlikram oğlunun apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-697/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-392/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-392/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver