Məhkəmə qərarları › İş №2(105)-392/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-392/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-392/2025 09.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Unibank» KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-3/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5542,59 manat əsas borcun, 1018,4 manat faiz, 72,48 manat cərimə olmaqla, cəmi 6633,47 manat borcun və 86,79 manat ödənilmiş dövlət rüsumunun “Unibank» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5542,59 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini dövrü olaraq pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5542,59 manat əsas borcu, 1018,4 manat faiz, 72,48 manat cərimə olmaqla, cəmi 6633,47 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaya etiraz verilərək qeyd edlmişdir ki, qeyd olunan kredit muqaviləsi əsasında kredit karti vasitəsilə təqdim edilən kredit vəsaiti tərəfindən istifadə edilməmişdir. Muvaffiq vəsait "xxxx" KB ASC-yə məxsus UBANK mobil tədbiqin təhlukəsizlik sisteminin zəif təşkil edilməsi səbəbindən, ilk öncə mobil tətbiqin, daha sonra mobil tədbiq vasitəsilə bu kartla əməliyyatlar edilməsi yolu ilə kartdakı vəsait digər unibank kartına köçürülmə yolu ilə xx.xx.2022-ci il saat təxminən 23:13-23:17 tarixində 9700 manat vəsait oğurlanmışdır. Mobil tətbiq vasitəsilə digər hesablara eyni zamanda X5 Salih adına pul köçürmələri və digər əməliyatlar edilmiş, lakin bank bu əməliyatların heç birinə reaksiya verməmiş, yalnız növbəti gün xx.xx.2022-ci il saat təxminən 15:00-da bankın təhlükəsizlik departamentinin əməkdaşı kartda subhəli əməliyyat qeydə alınması haqqında məlumat verib. Bank əməkdaşları növbəti günlər hansı vasitə ilə geri qaytarmaları haqqında heç bir rəsmi məlumat təqdim etmədən vəsaitin təxminən 3300 manat hissəsin geri qaytardıqların və qalan vəsaitin ona borc olaraq ödəməli olduğunu bildirdilər. O, isə vəsaiti haqlı olaraq xərcləmədiyi üçün ödəməkdən imtina etmişdir.

4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-3/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüsyenov) iddia təmin edilmiş, Cavabdeh 5542,59 manat əsas borc, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə borcu, cəmi 6633,47 manat borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Bu səbəbdən iddia təmin olunmalıdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 739, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. İddiaçı ASC iddiaçı "xxxx" KB ASC-nin prosesssual hüquqi varisi kimi işə cəlb edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

8. Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-3/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi və eyni zamanda işi mübahisəsiz halıdır ki, “X1” ASC tərəfindən açılmış **********251610 nömrəli “Albalı” kredit kartı hesabından xx.xx.2022-ci il tarixdə naməlum şəxslər tərəfindən mobil tətbiq məlumatlarının qanunsuz olaraq ələ keçirilməsi ilə 9700 manat (doqquz min yeddi yüz manat) məbləğində pul vəsaiti gizli olaraq oğurlanmışdır. Baş vermiş fakt ilə bağlı cavabdehin müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 177.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İddiaçı tərəfindən görülən tədbirlər nəticəsində oğurlanmış 9700 manat pulun təqribən 4200 manat hissəs geri qaytarılmışdır, qalan 5542,59 manat vəsaitin isə qaytarılmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəfindən əsassız olaraq oğurlanmış pul vəsaiti əsas götürülərək tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı qeyd edilərək borc məbləği və faizlər hesablanmışdır. Halbuki, onun kredit müqaviləsi münasibətlərinin yaranması ilə bağlı iradə ifadəsinin olmadığı da iş üzrə mübahisəsiz haldır. O, əqd bağlamamış və iddiaçının kredit xətti üzrə tələb etdiyi 5542,59 manat pul vəsaiti kredit deyil, ondan oğrulanmış pul vəsaitidir. Belə olan halda, kredit faizlərinin və cərimənin hesablanması üçün də müqavilə və ya qanuni əsas olmamışdır. İddiaçı tərəfindən faizlər və cərimə ona vurulmuş zərərə hesablanmışdır ki, bu da Mülki Məcəllənin normaları baxımından qanuna ziddir. Məhkəmə tərəfindən onun əqdlə bağlı iradə ifadəsinin olmadığı araşdırılmamış, tərəflər arasında borc münasibətlərinin mövcudluğuna dair yanlış və qanunazidd nəticəyə gəlinmişdir. Tərəfindən bildirilməsinə baxmayaraq, məhkəmə qətnamədə 5542,59 manat zərər məbləğinin formalaşmasında iddiaçının təqsiri və öhdəliyini lazımi qaydada icra etməməsi məsələsinə hüquqi qiymət verməmişdir. Məlumatlarının ələ keçirilməsi bankın proqram tətbiqində və tranzaksiyalara nəzarət sistemində olan çatışmazlıqlarla bağlı olmuşdur. İddiaçı tərəfindən mobil bank tətbiqinin və kredit kartı məlumatlarının təhlükəsizliyi kifayət qədər təmin edilməmişdir. Pul vəsaitini oğurlamış şəxslər tərəfindən yalnız "xxxx" ASC-yə məxsus adətən istifadə etdiyi “8117” nömrəsinə göndərilmiş şifrə və mobil nömrəsi öyrənilməklə mobil tətbiqdə olan hesabı ələ keçirilmişdir. Digər bank tətbiqlərində olduğu kimi ondan kart nömrəsi tələb edilməli və ya ona kodun dəyişməsi barədə sms bildiriş gəlməli idi. Ona hər hansı sms bildiriş gəlməmiş və tərəfindən kiməsə kredit kartı məlumatları təqdim edilməmişdir. Mobil tətbiqdə olan hesabı rahatlıqla ələ keçirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən tranzaksiyalara nəzarət təmin edilməmişdir. O, kartı uzun müddətdir ki, istifadə edirdi və ödənişlərinin həcmi adətən aylıq 500 manat civarında olmuşdur. Cavabdeh tərəfindən anidən hesabdan 9700 manat kimi böyük məbləğin (tam limitin) köçürülməsi nəzarətə götürülməmiş və onun təsdiqi alınmamışdır. Bankın kart məlumatlarının təhlükəsizliyinə dair öhdəliklərini icra etməməsini aşağıda göstərilənlərlə müəyyən etmək mümkündür: Onun tərəfindən kart məlumatları heç kimə verilməmiş və sistemə yüklənməmişdir. Elə etirazı ondan ibarət olmuşdur ki, kənar şəxslər ondan kart məlumatları əldə olunmadan asanlıqla (bank lazımi səviyyədə proqram təminatı qurmadığından) bankın mobil tətbiqini ələ keçirə biliblər; OTP kodu onun tərəfindən kənar şəxslərə verilməmiş, bankın sistemini təqlid edən sistemə daxil edilmişdir. Bankın göndərdiyi bildirişdə, həmin kodun üçüncü şəxslərə verilməməsi tələb edilir. OTP kodun hər hansı online sistemə daxil edilməsi isə qəbul edilmiş və yol verilən praktikadır. Ən əsası OTP koda dair SMS-də nə pul vəsaitinin çəkilməsi ilə bağlı sərəncamın olduğu, nə də pul vəsaitinin məbləği göstərilməmişdir; Göndərilən SMS bildirişdə OTP kodun təyinatı göstərilməmişdir. Digər bank tətbiqlərində mobil tətbiqin şifrə dəyişikliyi zamanı göndərilən sms bildirişlərinə diqqət yetirdikdə OTP kodun təyinatı, xüsusilə də tətbiqin şifrəsinin dəyişdirilməsi məqsədilə göndərildiyi məlumatı verilir ki, bu məlumatlar oğurluq faktının qarşını alır; Göndərilən SMS-də müştərinin hesabında digər mobil cihazdan giriş olması qeyd edilməmiş və pulun çəkilməsi ilə bağlı SMS göndərilməmişdir. İddiaçı tərəfindən göndərilən SMS-lərin məzmunu natamam olmuşdur. Belə ki, ilkin SMS-də “Hörmətli müştəri, sənin UBank akkauntuna yeni giriş qeydə alınmışdır” göstərilir. Halbuki, bu SMS-də konkret olaraq müştərinin hesabına digər mobil cihazdan giriş olması və ya daha dəqiq formada (müştərinin iradə ifadəsini müəyyən etmək üçün) mobil tətbiqin kodunun dəyişdirildiyi göstərilməli idi. İddiaçı özünün istinad etdiyi 02/21 tarixli, xx.xx.2021-ci il tarixli kütləvi ofertanın 5-ci bəndində qeyd edilən “SMS Bankinq” ilə bağlı öhdəliklərini yerinə yetirməmiş və müştərinin bank hesabından pul çəkilməsi ilə bağlı ayrıca OTP kodu və ya sms bildirişi göndərməmişdir. İddiaçı şübhəli əməliyyatlara nəzarəti təmin etməmişdir. İddiaçının və onunla yanaşı 10 nəfərin hesabının digər mobil cihazlarda qeydiyyata alınması, eyni akkaunta iki fərqli cihazdan daxil olunması, kodlarının eyni anda dəyişdirilməsi, bütün məbləğ limitinin eyni anda çəkilməsi, çəkilmiş bütün məbləğlərin bir karta yüklənməsi və qısa müddətdə ölkədən kənara köçürülməsi şübhəli əməliyyatlar olmuş və bankın təhlükəsizlik sistemi bu əməliyyatların qarşısını almamışdır. İddiaçının öhdəliyinin yaranması üçün Mülki Məcəllənin 385-389-cu maddələrində qeyd edilən hüquqi əsaslar mövcud olmamışdır. Belə ki, pul vəsaiti onun tərəfindən istifadə edilməyib və bu işin mübahisəsiz halıdır. Hazırki iş üzrə müəyyən edilməli məqam pul vəsaitinin oğurlanmasının iddiaçının və ya cavabdehin təqsiri və ya öhdəliklərini icra etməməsi üzündən baş verməsidir. Məlumdur ki, mobil tətbiq və tranzaksiyalara nəzarəti bank öz məsuliyyəti ilə təşkil edir. Bu zaman bankın qurduğu sistem istifadəçinin iradəsini - hələ ki, bu bank tətbiqinin kodunun dəyişdirilməsinə yönəlibsə - ən üst səviyyədə yoxlamaq, sərəncamın istifadəçidən gəldiyinə əmin olmaq və şübhəli əməliyyatlara nəzarəti təmin etməlidir. İddiaçı tərəfindən bu öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə tərəfindən isə onun dəfələrlə məhkəmə iclasında bildirməsinə baxmayaraq iddiaçı tərəfindən müvafiq öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi məsələsinə qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. İş materialları ilə İddiaçı bankın öz öhdəliklərinin icrasına və müştərilərin bank məlumatlarının qorunmasına etinasız yanaşdığı və öhdəliklərini lazımi qaydada icra etmədiyi açıq-aşkar görünür. İddiaçının öhdəliklərini vicdanlı icra etməsi halında qeyd edilən oğurluq faktının qarşısının alınması tam mümkün idi. Həmçinin, məhkəmə kredit münasibəltərinin mövcudluğu faktını da düzgün araşdırmamışdır. Bu səbəbdən hesab edir ki, qətnamə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir, qeyd edilən hallar nəzərə alınmaqla qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onlayn lotoreya müsabiqəsində iştirak üçün ad, soyad, mobil nömrəni qeyd edərək qeydiyyatdan keçmiş, telefonuna OTP kod gəlmiş, mesajın mətnində hər hansı məbləğin çəkilməsi, yaxud mobil tətbiqin şifrə dəyişikliyi ilə əlaqədar xəbərdarlıq olunmamışdır. Sadəcə birdəfəlik şifrə tələb olunmuş, şifrəni daxil etmişdir. Heç kimə kart məlumatlarını verməmişdir. Sonradan "xxxx" ASC-nin əməkdaşı onunla əlaqə saxlamış, gecə saatlarında naməlum şəxs tərəfindən “Samsung” markalı telefonla mobil tətbiqinə sızaraq şifrə dəyişikliyi edilmiş, limit çəkilmişdir. Hansı ki, digər banklara məxsus mobil tətbiqlərdə şifrə dəyişikliyi zamanı OTP kod kifayət etmir, kart məlumatları tələb olunur, lakin "xxxx" ASC təhlükəsizlik qaydalarına əməl etmədiyindən sadəcə OTP kod vasitəsilə mobil tətbiq ələ keçirilmişdir. Bank əməkdaşları polisə müraciət etməyini tövsiyə etdikləri üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Ələ keçirilmiş ümumi məbləğin 30 faizi bank tərəfindən geri qaytarılaraq zərərçəkmiş şəxslər arasında mütənasib qaydada bölünmüş, hesablarına köçürülmüşdür.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibəti kredit münasibəti hesab edərək, cavabdehdən faiz və dəbbə pulu tutmuş, halbuki işin faktiki halı kredit mübahisəsi yox, vurulmuş zərərlə bağlı olmuşdur. Odur ki, iddia tələbinin faiz və dəbbə pulu hissəsi tamamilə əsassızdır. Bank cavabdehin ofertanı qəbul etdiyini bildirsə də müqavilə ilə tanış olma faktını təsdiq edən hər hansı sübut yoxdur. OTP kodla bağlı məsələyə gəldikdə isə, bankın mobil tətbiqinin təhlükəsizliyinin təmin edilməsi birbaşa bankın üzərinə düşür. Bank özü də 10-15 nəfərdə eyni halın baş verdiyini bildirmiş, bu da tətbiqin təhlükəsizliyinin lazımi qaydada təmin edilmədiyini göstərir. OTP kodda birbaşa müəyyən məbləğdə limitin çəkilməsi, yaxud şifrə dəyişikliyinin edilməsi göstərilməmişdir. Şəxsdən kartın 16 nömrəli kodunu istəmədən, sadəcə OTP kod vasitəsilə limit çəkilmişdir. Bank çəkilmiş məbləğin müəyyən hissəsini geri qaytara bilmişdir. Cavabdeh hazırda cavabdeh statusundadır, istintaqın başlandığı zaman iddiaçı Cavabdeh təqsiri ucbatından baş verdiyini bildirmiş, ona görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Nəsimi Rayon Məhkəməsində iddiaçının nümayəndəsi izahatında təxminən 100000 manat məbləğində pul vəsaitinin çəkildiyini, həmin məbləğin 30%-nin geri qaytarıldığını bildirmişdir. Əməliyyatın kimin etməsi barədə məlumatı yoxdur, hazırda həmin şəxsin axtarışı ilə əlaqədar icraat dayandırılmışdır.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. 2782sSUMb/21 saylı xx.xx.2021-ci il tarixli Kredit xətti müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfinə Cavabdeh illik 25% olmaqla şərtilə xx.xx.2024-cü il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 10000 manat təyin edilir. Borcalan bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağa öhdəsinə götürür. Ödəniş kartın istifadə müddəti 60 aydır.

16. ******* saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 2782sSUMb/21 saylı Kredit müqaviləsinə əsasən 5542,59 manat əsas borcu, 1018,4 manat faiz borcu, 72,48 manat cərimə, cəmi 6633,47 manat borcu var.

17. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “İnstaqram” sosial şəbəkəsində "xxxx" KB ASC-yə aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elana xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, bağlar massivi fərdi evdə yaşayan Cavabdeh lotereyada iştirak etmək üçün həmin link vasitəsi ilə səhifəyə daxil olub, orada istifadəsində olan 050 ******* saylı mobil nömrəni qeyd edərək, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:13-də "xxxx" KB ASC-yə aid “8117”saylı nömrədən “SMS” vasitəsi ilə göndərilən “890900” saylı məxfi şifrəni əldə edib, “unibbankazllogin.ml” linkdə olan səhifəyə daxil etdikdən sonra sonuncunun istifadəsində olan “**********251610” nömrəli albalı kredit kartının hesabından xx.xx.2022-ci il tarixdə saat 23:16-da xeyli miqdarda 9700 manat məbləğində pul naməlum şəxs tərəfindən gizli olaraq oğurlanmışdır. Qərarda göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır.

18. 18 iyul 2022-ci il tarixli, 02/22 UB nömrəli müqavilədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmi qərarlarına ısasın bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavələrdə” və ya elektron daşıyıcılarda qeyd ediləın məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi bütün tələbləri üzrə bütün hüquqların “X2” MMC satmışdır.

19. xx.xx.2022-ci il tarixli, 02/22 UB saylı müqaviləyə 32 saylı əlavədə olan borc qalıqlarına dair cədvəlin 197-ci qrafasında qeyd edilən 2782sSUMb/21 nömrəli müqavilə üzrə Cavabdeh 6719,86 manat qalıq borcuna dair irıli sürülə biləcək tələblər İddiaçı ASCyə satılmışdır.

20. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardadn görünür ki, ona məxsus Albalı kredit kartı hesabından 9700 manat məbləğində pulun gizli olaraq oğurlanması ilə əlaqədar Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

21. “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 saylı, xx.xx.2021-ci il tarixli “Kütləvi oferta”dan görünür ki, Oferent – “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 saylı lisenziya vəNizamnamə əsasında fəaliyyət göstərən “X3” ASC-dir. Həmin “Kütləvi Oferta”nın 2.4-cü bəndinə əsasən “Müştəri”nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən “Bank” tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Bankda olan “POS-terminal” vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilə bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur.”Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır. Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. “Kütləvi Oferta”nın 2.12-ci bəndinə əsasən kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: + 99412 117) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. “Kütləvi Oferta”nın 2.13-cü bəndinə əsasən Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığını tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsi Cavabdeh 1018,4 manat faiz borcunun və 72,48 manat cərimə məbləğinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 2782sSUMb/21 saylı xx.xx.2021-ci il tarixli Kredit xətti müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 25% olmaqla xx.xx.2024-cü il tarixinədək (60 ay müddətinə) kredit ayrılmış, kreditin ilkin limiti 10000 manat təyin edilmiş, cavabdehə “**********251610” saylı kredit kartı təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh “İnstaqram” sosial şəbəkəsində "xxxx" KB ASC-yə aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elana əsasən lotereyada iştirak etmək üçün həmin link vasitəsi ilə səhifəyə daxil olub, orada istifadəsində olan mobil nömrəni qeyd edərək, həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 23:13-də "xxxx" KB ASC-yə aid “8117”saylı nömrədən “SMS” vasitəsi ilə göndərilən “890900” saylı məxfi şifrəni əldə edib, “unibbankazllogin.ml” linkdə olan səhifəyə daxil etdikdən sonra sonuncunun istifadəsində olan “**********251610” nömrəli albalı kredit kartının hesabından saat 23:16-da 9700 manat məbləğində pul naməlum şəxs tərəfindən gizli olaraq oğurlanmış, həmin pul vəsaitinin bir qismi iddiaçının səyi nəticəsində geri qaytarılmış, həmin fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılmış və Cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Cavabdeh müqavilənin preambulasında qeyd olunan "xxxx" ASC-nin rəsmi internet saytında yerləşdirilmiş kütləvi ofertanı akspetsiz qaydada qəbul etməsinə dair şərt də daxil olmaqla kredit müqaviləsini imzalamaqla və mobil bankçılıq vasitəsi ilə banka məxsus tətbiqi öz telefonunda qeydiyyatdan keçməklə “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 saylı, xx.xx.2021-ci il tarixli “Kütləvi ofertadakı şərtləri də qəbul etmişdir.

28. Cavabdeh tərəfindən iddiaçı bankın təhlükəsizlik sisteminin əlverişsiz olması səbəbindən ona zərərin vurulması, bankın vaxtında öz öhdəliklərini yerinə yetirməməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşin hallarına və “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi haqqında” 02/21 saylı, xx.xx.2021-ci il tarixli “Kütləvi oferta”nın 2.12 və 2.13-cü bəndinə əsasən cavabdehə məxsus bank kartından vəsaitlərin silinməsində iddiaçının məsuliyyəti istisna olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, “İnstaqram” sosial şəbəkəsində "xxxx" KB ASC-yə aid lotoreya oyun reklamının keçirilməsi barədə “unibbankazllogin.ml” adlı linkdə yerləşdirilmiş elanla bağlı müvafiq məlumatların internet informasiya sisteminə daxil edilməsi nəticəsində cavabdehə məxsus mobil telefonuna kənar müdaxilə edilərək, müvafiq tətbiqlərin ələ keçirilməsindən sonra kartdan pul məbləğinin oğurlanması cavabdehin təqsiri üzündən baş verməsi və həmin məbləğin kreditora qaytarmaq vəzifəsinin də onun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin nətivə əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə məhz cavabdeh zərərçəkmiş şəxs kimi tanınmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsas borc tələbinə münasibətdə iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini faiz və cərimə məbləği hissəsində təmin edən birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcalan müqavilə üzrə ona verilmiş kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağa öhdəsinə götürmüşdür. Lakin, işin mübahisəsiz halına əsasən cavabdeh ona verilmiş kreditdən təyinatına uyğun istifadə edə bilməmiş və onun kartından pul vəsaiti kənar müdaxilə nəticəsində çıxarılmış, bu fakt ilk gündən iddiaçıya da məlum olmuşdur. Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, növbəti ayın 1-10-cu günü aralığında kreditin geri qaytarılmamasına və bunun da səbəbinin iddiaçıya məlum olmasına baxmayaraq, iddiaçı cavabdehə qarşı tələbini yalnız 2023-cü ilin avqustunda irəli sürməklə, həmin dövrədək müəyyən faiz və cərimə məbləğləri hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vicdanlılıq prinsipi və hesablanmış faiz və cərimə məbləğlərinə münasibətdə pozuntunun borcalanın cavabdeh olmadığı haldan irəli gəlməsi nəzərə alındıqda, iddia tələbinin faiz və cərimə məbləği hissəsində əsassız olması müəyyən olunur.

30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-3/2024 nömrəli qətnaməsi Cavabdeh 1018,4 manat faiz və 72,48 manat cərimə məbləğinin buna müvafiq olaraq isə cəmi 6633,47 manat borc məbləğinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, Cavabdeh tutulan 5542,59 manat və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellysiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-3/2024 nömrəli qətnaməsi Cavabdeh 1018,4 manat faiz və 72,48 manat cərimə məbləği və cəmi 6633,47 manat borc məbləğinin tutularaq, "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-3/2024 nömrəli qətnaməsi Cavabdeh tutulan 5542,59 (beş min beş yüz qırx iki manat, 59 qəpik) manat əsas borc və 86,79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar