Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-393/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: çəkilmiş xərclərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2607/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sonuncudan aldığı “OPEL ASTRA MİNİK” markalı, **-BN-*** qeydiyyat nömrəli avtomobilin təmirinə çəkdiyi 1129 manat xərcin, gələcəkdə çəkilməli olan 500 manat pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh öz yaxın qohumu X1 vasitəsilə tanımışdır. Belə ki, X1 onun avtomobil almaq istədiyini bildiyinə görə Cavabdeh məxsus “OPEL ASTRA MİNİK” markalı, **-BN-*** qeydiyyat nömrəli avtomobilin yaxşı maşın olduğunu, almağa dəydiyini bildirməklə həmin maşını almasını təklif etmişdir. Habelə maşının sahibi Cavabdeh da bildirmişdir ki, satdığı avtomobil çox yaxşı maşındır, xərc tələb etmir. Razılaşmalarına əsasən avtomobilə görə 4400 manat pulu cavabdehə ödəmiş, 07 fevral 2024-cü il tarixdə cavabdeh ona notarial qaydada etibarnamə vermişdir. Avtomobili cavabdeh özü sürərək həyətinə gətirmişdir. Həmin günün səhəri avtomobili ustaya aparmış, usta bildirmişdir ki, aldığı avtomobil keyfiyyətsizdir, qaytarması məsləhətdir. Dərhal cavabdehi çağırmış və iradlarını ona bildirərək pulunu geri tələb etmişdir. Cavabdeh bildirmişdir ki, ondan aldığı 4400 manatı borclarına görə başqalarına vermiş, hazırda pulu yoxdur. Təklif etmişdir ki, avtomobili satlığa qoysunlar, satıb pulunu verəcəkdir. Maşın satılmadığına görə 2 aydan sonra cavabdeh avtomobili satışdan götürmüş və demişdir ki, istifadəsində olan VAZ-2109 markalı maşını satıb pulunu qaytaracaqdır. Beləliklə üstündən 4 ay keçməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamış, istifadəsində olan VAZ-2109 markalı maşını da satmamışdır. Məcbur olub cavabdehdən aldığı avtomobili yenidən bazara qoymuşlar. Lakin alıcı tapılmamışdır. Belə ki, bazarda ona demişlər ki, belə vəziyyətdə bu maşını heç kim alan deyil, maşını təmir etdirmək lazımdır. Bu ilin iyul ayında maşını bazardan götürüb ustaya aparmış, nəticədə mühərrikinin təmirinə 1129 manat vəsait xərcləmişdir. Bundan sonra da ustanın deməsinə görə əlavə olaraq 500 manat da vəsait lazımdır. Cavabdehə təklif etmişdir ki, ona keyfiyyətsiz, yəni istismara yararsız avtomaşın verdiyinə görə çəkdiyi xərci ödəsin. Lakin cavabdeh müxtəlif bəhanələrlə pul verməkdən imtina edir. Avtomobili aldıqdan sonra xərclənmiş vəsait aşağıdaklardan ibarətdir: Mühhərikin yığılmasına: 1 .Remenlər-96 manat, 2.Kolsalar-37 manat, 3.Salniklər-25 manat, 4.”Golovka”nın yuyulması-30 manat, 5.”Golovka”nın yonulması-25 manat, 6.Valın yonulması-40 manat, 7. Proklatla-10 manat,
8. Xamutlar-5 manat, 9. Kladişlər-16 manat, 10. Babin-56 manat, 11. Pompa-25 manat,
12. Akkumlyator-100 manat, 13. Sveçalar-28 manat, 14. Filter-5 manat, 15. Katalizator-56 manat, 16. 2 dəfə yağ dəyişməsi-100 manat, 17. Benzin nasosun dəyişməsi-45 manat,
18. Forsunkaların yuyulması-25 manat, 19. Diyaqnostika-40 manat, 20. Əyləcin dəyişməsi-45 manat 21. Nakoneçnik-20 manat, 22. Usta haqqı 300 manat. Göstərilənləri avtomobili təmir etmiş Oktay adlı usta da təsdiq edə bilər.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həqiqətən də Opel Astra minik markalı **-BN-*** qeydiyyat nömrəli avtomaşın ona məxsus olmuş və xx.xx.2024-cü il tarixdə iddiaçının adına notariatda təsdiq edilmiş baş etibarnamə verməklə avtomobili ona satmışdır. Razılaşdığı kimi iddiaçı avtomobilə görə ona 4400 manat pul ödəmişdir. Avtomobili iddiaçıya təhvil verərkən avtomobil saz vəziyyətdə olmuşdur. İddiaçının özü də avtomobili ondan alarkən sürüb baxmış və heç bir iradı olmamışdır. O vaxtdan da avtomobil iddiaçının istifadəsindədir. Sözsüz ki, avtomobil istifadə olunursa cari təmir olunmalıdır. Həmin avtomobil təxminən iki il onun istifadəsində olduğu müddət ərzində neçə dəfə cari təmir etdirmişdir. Hər avtomobil sürən şəxs bilir ki, avtomobil cari təmir olunmasa onu istifadə etmək olmur. Avtomobili iddiaçıya təhvil verəndən sonra o, daimi olaraq avtomobili sürmüşdür. Bundan sonra iddiaçı həmin avtomobildə cari təmir işləri aparmış olsa da bu təbii haldır və ona satdığı avtomobilin keyfiyyətsiz olmasına dəlalət etmir. Onu da qeyd edir ki, həmin avtomobilin buraxılış ili 1990-cı illərdir. İddiaçı avtomobili ondan alarkən onun qeydiyyat şəhadətnaməsinə və maşının özünə baxış keçirib almışdır. Əgər hər hansı iradı olsaydı, maşını almazdı.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-2607/2024 nömrəli qətnaməsi ilə (hakim Xıdır Quliyev) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ona nasaz vəziyyətdə nəqliyyat vasitəsini satmasını, nəqliyyat vasitəsini aldıqdan sonra mühərrikini və digər hissələrini təmir etməklə 1129 manat vəsait sərf etməsini, bundan sonra gələcəkdə də avtomobilin əlavə təmirinə 500 manat məbləğində vəsait xərclənilməli olduğunu, aldığı əşyanın (nəqliyyat vasitəsinin) qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsinin əsasını, başqa sözlə cavabdehin ona nasaz vəziyyətdə olan avtomobili qüsurlarını bildirmədən satmasını sübuta yetirə bilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587, 588.1, 588.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2607/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomaşına 1129 manat xərc çəksə də əlavə olaraq onun təmirinə 500 manatlıq ehtiyat hissələri lazım olduğuna görə hələ də avtomaşını sürə bilmir. Avtomobili aldığı günün səhərisi cavabdehə avtomobili geri qaytarmaq istəsə də cavabdeh ondan aldığı pulu borclarına görə başqalarına verdiyini bildirərək avtomaşını qəbul etməkdən imtina etmişdir. Əgər həqiqətən də onun göstərdiyi kimi avtomobil yararlı olmuş olsaydı, elə avtomobili geri götürərdi. Cavabdehdən dəyəri ödənilməklə aldığı “Opel Astra” minik markalı, **-BN-*** qeydiyyat nömrəli avtomaşın birbaşa göstərdiklərini tam təsdiq edir. Cavabdeh Nurəhməd oğlu özü də məhkəmədə etiraf etmişdir ki, (qətnamədəki izahatında da göstərilir) həqiqətən avtomaşını satdıqdan sonra ona müraciət edərək avtomobilin nasaz olduğunu bildirmişdir. Lakin göstərir ki, guya aldığı vaxtdan 10 gündən sonra bu barədə ona bildirmişdir. Halbuki avtomobili aldığı günün səhərisi onu ustaya apardıqda avtomaşının tamamilə istismara yararsız olduğu üzə çıxmış və bu barədə dərhal cavabdehə irad bildirərək avtomaşını qaytarmaq istədiyini bildirmişdir. O isə pulu xərclədiyini deməklə güya “insanlıq naminə” ona kömək məqsədilə avtomaşını satışa qoymağa kömək etmişdir. Özünün iştirakı ilə avtomaşını satışa qoysa da belə vəziyyətdə heçkəs onu almamışdır. 10 gündən sonra ona müraciət etmişdir ki, bu da avtomaşının nasaz vəziyyətdə ona satılmasını inkar etmir. Avtomobilin nasaz vəziyyətdə satılması aşağıdakı sübutlarla tam təsdiqini tapır. Avtomobilin özü, Avtomobilə çəkilmiş 1129 manat xərc və bundan sonra da çəkilməli olan 500 manat pulun tələb edilməsi, cavabdehin özünün etirafı, cavabdehin güya iki il əvvəl avtomaşının mühərrik hissəsini yığdırması barədə məhkəməyə hər hansı sənəd-sübut təqdim edə bilməməsi. Təəssüf ki, məhkəmə bu hallara əhəmiyyət verməmişdir. İnsult keçirmiş xəstə adamdır, bir ayağı faktiki işləmir. Onun xəstə olmağından istifadə edən cavabdeh maşını tərifləyərək ona satmışdır. Təsadüfü deyildir ki, onun özünün təşəbbüsü və iştirakı ilə avtomaşını satışa qoysalar da, maşın istismara yararsız olduğuna görə iki ay satışda qalmış, heç kəs onu almamışdır. Hətta cavabdeh söz vermişdi ki, istifadəsində olan VAZ 2109 markalı avtomaşını satıb pulunu qaytaracaq. Əgər onun bu işdə təqsiri yoxdursa, onda nəyə görə avtomaşını sürüb aparıb satışa qoymuşdur. Məhkəmə cavabdehin göstərdiklərini sübut kimi qəbul etməklə güya avtomobili satmamışdan iki il əvvəl avtomaşının mühərrikini yığdırması barədə cavabdehdən heç bir sübut tələb etməmişdir. Məhkəmə iclasında təqdim etdiyi Şahid3 avtomobil mühərriklərinin təmiri ustası olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Bildiyinə görə həmin şəxs iddiaçının dostudur, ona görə də onun xeyrinə izahat vermişdir. Məhkəmə bu halları aydınlaşdırmamışdır. Ən əsası isə odur ki, avtomobilə istənilən vaxt baxış keçirməklə onun bu yaxınlarda mühərrik hissəsini təmir edilməsini aydınlaşdırmaq olar. Cavabdeh isə məhkəməyə avtomobili saz vəziyyətdə satmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Onun nasaz avtomobil satması səbəbindən maddi ziyana düşmüş, hələ də avtomobili idarə edə bilmir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, maşını 2024-cü ilin fevral ayında saz vəziyyətdə satmışdır. İddiaçı isə 7 ay sonra məhkəməyə müraciət etmişdir. Əgər iddiaçı öz rahatlığı üçün maşına əlavə xərclər çəkibsə, bunun mənə aidiyyəti yoxdur. Maşını satmaq üçün bazara çıxarmaq istədiyi halda iddiaçının dostu onunla əlaqə saxlayaraq maşına baxmağa gələcəklərini bildirmişdir. Bundan sonra qarşı tərəf gəlib maşına baxmış, sürərək yoxlamış, maşını bəyənmiş, özü sürərək çıxıb getmişdir. Maşını iddiaçıya idarəetmə hüququ verən etibarnamə ilə satmışdır. İddiaçı maşını aldıqdan 5 gün sonra ona zəng edərək əvvəlki maşınına öyrəşdiyini, insult xəstəsi olduğundan satdığı maşına minib-düşməkdə çətinlik çəkdiyini, buna görə də maşını geri qaytarmaq istədiyini bildirmiş, maşında qüsur olduğunu deməmişdir. O isə aldığı pulu borclarıma xərclədiyini bildirmişdir. Bundan sonra iddiaçı maşını bazara çıxararaq satmaq barədə onun təklifinə razılıq vermiş, lakin hər dəfə zəng edərək məni narahat etmiş, maşın bazara qoyulandan təxminən 15 gün sonra bazarda satılmayacağını bildirərək, üzərinə “satılır” ifadəsi yazılmaqla sürərək satmağını istəmişdir, maşını təxminən 3 gün bu şəkildə idarə etmişəm. Daha sonra iddiaçı maşını geri alaraq 5 ay müddətində özü istifadə etmiş, 5 ay sonra zəng edərək maşının motorunun xarab olduğunu, işləmədiyini bildirmişdir. Halbuki mən maşını satmazdan qabaq motorunu yığdırmış, qarşı tərəfə tam saz, işlək vəziyyətdə təhvil vermişdir. Etibarnamənin müddəti bir illik olmuş, sonradan iddiaçı ona müraciət etməmişdir. Hesab edir ki, iddiaçı artıq avtomobili özgəninkiləşdirmiş və onun adından çıxarmışdır.
11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OPEL ASTRA MİNİK” markalı **-BN-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh adına qeydiyyatdadır.
13. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi Şahid1 göstərmişdir ki, o, mühərrik istası kimi fəaliyyət göstərir. İddiaçı bir neçə ildir ki, tanıyır. Bir neçə ay əvvəl İddiaçı ona müraciət edərək özünə məxsus OPEL ASTRA markalı avtomobilin mühərrikinin nasaz olduğunu bildirməklə mühərriki yığmasını ondan xahiş etmişdir. O, iddiaçının gətirdiyi avtomobilin mühərrikini yoxlamış və həqiqətən nasaz oldğunu və təmirə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra iddiaçı avtomobili ona təhvil və o, avtomobilin mühərrikini sökərək hazırda tam yadında qalmadığı ehtiyat hissəslərini dəyişməklə mühərriki yığmışdır. Mühərrikin təmirinə lazım olan ehtiyat hissələrini iddiaçı özü alıb gətirmişdir. Mühərriki ümumi yığmışdır. İddiaçı ona zəhmət haqqı olaraq 250 manat pul vermişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi digər Şahid2 göstərmişdir ki, İddiaçı bir neçə ildir ki, tanıyır, aralarında münasibətlər yaxşıdır. Onda olan məlumata əsasən İddiaçı 2024-cü ilin fevral ayında Cavabdeh “OPEL ASTRA” markalı avtomobil almışdır. Sonradan iddiaçı söhbət əsnasında ona bildirmişdir ki, aldığı avtomobilin mühərriki nasızdır və Oqtay adlı ustaya mühərriki yığdırmağa vermişdir. Bir dəfə iddiaçı ilə Oqtayın yanına gedərkən artıq usta tərəfindən avtomobilin mühərrikin açılıb yerə qoyulduğunu və təmir işinin getdiyini görmüşdür. Sonradan iddaçının deməsinə görə mühərrikin təmirinə 1000 manatdan yuxarı xərci çıxmışdır. Ona məlumdur ki, iddiaçı həmin avtomobili aldıqdan sonra onun üzərində çöx əziyyət çəkmiş və xərci çıxmışdır.
15. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi Şahid3 göstərmişdir ki, o, üzün müddətdir ki, Opel və digər xarici avtomobillərin mühərrikinin təmir ustası kimi fəaliyyət göstərir və Xaçmaz "xxxx" Müəssisəsindəki sexdə mühərrik ustası işləyir. İş üzrə Cavabdeh tanıyır. Cavabdehin istifadəsində “OPEL ASTRA” markalı avtomobil olmuş və təxminən 2 il əvvəl 2022-ci ildə cavabdeh ona müraciət edərək həmin avtomobilin mühərrikini yığmasını xahiş etmişdir. O da cavabdehin gətirdiyi həmin avtomobilin mühərrikini sökərək lazım olan bütün ehtiyat hissəslərini dəyişib əsaslı təmir etməklə mühərriki işə salıb saz və normal vəziyyətdə avtomobili cavabdehə təhvil vermişdir. Avtomobili mühərrikində lazım olan bütün ehtiyat hissələrini yenisi ilə əvəz edərək tam şəkildə təmir etmiş və 250 manat zəhmət haqqı almışdır. Həmin vaxtdan sonra cavabdeh avtomobildən istifadə etsə də mühərrikin nasazlığı barədə ona hər hansı narazılığını bildirməmişdir. Əgər mühərrik xarab olsaydı cavabdeh ona müraciət edərdi. Onda olan məlumata görə Cavabdeh həmin avtomobili bir müddət sürdükdən sonra satmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
17. Mülki Prosessual Məcəllə
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-2607/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2607/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mülki qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalar istisna olmaqla, digər daşınar əşyaların alqı-satqı müqaviləsinin xüsusi forması nəzərdə tutulmamışdır. Lakin, qanunvericilikdə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların xüsusiyyətləri və mülki dövriyyədəki yeri nəzərə alınaraq, onlara dair əqdlər üçün xüsusi qaydalar müəyyənləşdirilmişdir. Avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan ona dair sərəncam verilməsi haqqında müqavilə də notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməli idi. Belə ki, Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydasının 1.2-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.
21. Lakin, tərəflər alqı-satqıya dair razlığı cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə ilə pərdələmişlər ki, bununla da verilmilş etibarnamə əslində yalan əqd olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçının artıq verdiyi etibarnamə əsasında mübahisə predmeti olan avtomobili özgəninkiləşdirdiyini bildirmiş, iddiaçı isə bağlanmış əqdi bəyənməklə, etibarsız əqdin hüquqi nəticəsi üzrə deyil, alqı-satqı müqaviləsi üzrə qaydalara müvafiq olaraq tələb irəli sürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 587-ci maddəsinin tələblərini tətbiq etməsi əsaslı və qanuni olmuşdur.
22. İş materiallarından müəyyən edilir ki, İddiaçı etibarnamə əsasında Cavabdeh “OPEL ASTRA MİNİK” markalı, **-BN-*** qeydiyyat nömrəli avtomobili 07 fevral 2024-cü il tarixdə 4400 manata satın almış, daha sonra avtomobilin mühərrikinin nasaz olmasını əsas gətirərək, həmin nasazlığın aradan qaldırılması üçün 1129 manat xərc çəkdiyini iddia edərək, cavabdehdən Mülki Məcəllənin 587.1.3-cü maddəsinə müvafiq olaraq, avtomobilə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qetd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı aldığı nəqliyyat vasitəsinin qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsinin əsasını, başqa sözlə cavabdehin ona nasaz vəziyyətdə olan avtomobili qüsurlarını bildirmədən satmasını sübut edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçının avtomobili sürüb yoxladılaraq alındığını, lakin təxminən 5 gündən sonra iddiaçının ona zəng edərək, VAZ-2106 avtomobilinə vərdiş etdiyini, həmin avtomobili sürə bilmədiyini, lakin avtomobilin qüsuru ilə bağlı heç bir şey demədiyini bildirmişdir. Bundan sonra avtomobil satışa qoyulmuş, lakin avtomobil satılmadığından satışdan götürülmüş, bundan 4 ay sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı aldığı nəqliyyat vasitəsində qüsur olduğu təqdirdə cavabdehə qarşı dərhal bu barədə bildirməklə, onun imtinasını aldığı təqdirdə bu barədə müvafiq sübutları əldə etməklə məhkəmə müdafiəsi hüququndan isitfadə edə bilərdi. Lakin, iddiaçının nəqliyyat vasitəsini aldıqdan sonra onda qüsur olmasını müəyyən etdiyi halda alış qiymətinin mütənasib azaldılması və ya qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını cavabdehdən tələb etməli olduğu halda bunu etməmiş, avtomobili satışa qoymuş, daha sonra isə satışdan götürmüşdür ki, qeyd edilən hal da birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olduğunu təsdiq etmişdir. Belə ki, qeyd edilən müddət ərzində də avtomobilin istismarı ilə bağlı mühərrikdə nasazlığın yaranması istisna olunmamamaqdadır.
23. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-2607/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2607/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.