Məhkəmə qərarları › İş №2(105)-3946/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3946/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3946/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Xızı Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xızı Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.H.Cabbarov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1221,78 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi S.Bəkirov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi tərəfindən məhkəməyə MPM-nin 149-cu maddəsində nəzərdə tutulan tələblərə uyğun verilmişdir. Belə ki, 149.1-ci maddədə qeyd edilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadda cavabdehə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyini əsas gətirib sənədləri geri qaytarmışdır. Hazırkı tələb ilkin iddia olmadığına görə cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə olunmamışdır. Odur ki, Xızı Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(068)- 202/2021 saylı qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi tərtib olunarkən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, eləcə də müəyyən cavabdeh ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 19-cu bəndinə qeyd edilir ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Göründüyü kimi, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilənin icrasında hər hansı bir problem yaranıbsa, bu barədə iddiaçı ilk növbədə cavabdehə məlumat verməli, ona pretenziya məktubu ilə rəsmi müraciət etməli, bu müraciətə cavab verilməsi üçün müəyyən müddət aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Qeyd olunan Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1.1-ci və 152.1.6-cı maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X2 şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin iş üzrə 22 oktyabr 2021-ci il tarixli 2(068)-202/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar