Məhkəmə qərarları › İş №2(105)-3964/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3964/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3964/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə,179 (bir yüz yetmiş doqquz) manat cərimə borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə,17 (bir on yeddi) manat cərimə borcu, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 (altı yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə,64 (altmış dörd) manat cərimə borcu, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 (altı yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 3631,20 (üç min altı yüz otuz bir manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 (bir min yeddi yüz doxsan dörd) manat ödənilməmiş hissə, 534 (beş yüz otuz dörd) manat cərimə borcu, 2) 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə borcu, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 (altı yüz qırx üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə,192,80 (bir yüz doxsan iki manat səksən qəpik) manat cərimə borcu, 4) 09 fevral 2020-ci il tarixli 20090166 saylı müqavilə üzrə 688 (altı yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 4292 (dörd min iki yüz doxsan iki) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 2387 manat olan “LG” markalı paltaryuyanı və “Samsung LED” markalı televizoru alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 11 manat ödəməklə avadanlığın qiymətini 12 ay müddətinə hər ay 198 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 593 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 1794 manat ödənilməmiş hissə və 270 gün üçün güzəşt edilərək 534 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 569 manat olan İMEİ kodu **********48822 nömrəli “Xiamo Redmi 7A” markalı telefonu,“Braun” markalı ütünü, “Playstation” diskini və “Microlab” markalı səsgücləndiriciyi alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 17 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 92 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir.Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 178 manat ödənilməmiş hissə və 60 gün üçün güzəşt edilərək 55 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il 20059822 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 979,20 manat olan İMEİ kodu **********38888 nörməli “Samsung Galaxy A51” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək ilkin olaraq 15 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 160,70 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 336 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 643,20 manat ödənilməmiş hissə və 120 gün üçün güzəşt edilərək 192,80 manat məbləğində cərimə borcu vardır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il tarixli 20090166 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 849 manat olan İMEİ kodu **********04304 nörməli “Samsung Galaxy A51” markalı telefonu alıcıya vermiş, alıcı isə onu qəbul edərək ilkin olaraq 21 manat ödəməklə avadanlığın qiymətini 6 ay müddətinə hər ay 138 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 161 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin 10.06.2021-ci il tarixinə 688 manat ödənilməmiş hissə və 150 gün üçün güzəşt edilərək 207 manat məbləğində cərimə borcu vardır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydasında ödəməmişdir. Cavabdehin imzaladığı müqavilələrə görə 10.06.2021-ci il tarixinə ümumi borcu 4292 manat təşkil edir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şuşa Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(077)-268/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin cərimə pulunun ödənilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Ş.Hacıyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında olan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020ci il tarixli 20002198 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə alqı-satqı qiyməti 2387 manat olan LG” markalı paltaryuyan və “Samsung LED” markalı televizor almışdır. İş materiallarında olan 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqaviləyə Əlavədən görünür ki, Cavabdeh 2387 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.02.2020-ci il tarixdən başlayaraq hər ay 198 manat ödəniş etməklə 01.01.2021-ci il tarixədək ödəməli idi. İşə əlavə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqı-satqı qiyməti 569 manat olan İMEİ kodu **********48822 nömrəli “Xiamo Redmi 7A” markalı telefon,“Braun” markalı ütü, “Playstation” diski və “Microlab” markalı səsgücləndirici almışdır. İşdə olan 01 yanvar 2020-ci il tarixli 20002299 saylı müqaviləyə Əlavədən görünür ki, Cavabdeh 569 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.02.2020-ci il tarixdən başlayaraq hər ay 92 manat ödəniş etməklə 01.07.2020-ci il tarixədək ödəməli idi. İş materiallarında "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il 20059822 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqısatqı qiyməti 979,20 manat olan İMEİ kodu **********38888 nörməli “Samsung Galaxy A51” markalı telefon almışdır. İşə əlavə olan 25 yanvar 2020-ci il 20059822 saylı müqaviləyə Əlavədən görünür ki, Cavabdeh 979,20 manat məbləğində almış olduğu avadanlığın qiymətini 01.03.2020-ci il tarixdən başlayaraq hər ay 160,70 manat ödəniş etməklə 01.08.2020-ci il tarixədək ödəməli idi. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il 20090166 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 6 ay müddətinə alqı-satqı qiyməti 849 manat olan İMEİ kodu **********04304 nörməli “Samsung Galaxy A51” markalı telefon almışdır. 09 fevral 2020-ci il 20090166 saylı müqaviləyə Əlavədən görünür ki, Cavabdeh 849 manat məbləğində almış olduğu avadanlığın qiymətini 17.03.2020-ci il tarixdən başlayaraq hər ay 138 manat ödəniş etməklə 17.08.2020-ci il tarixədək ödəməli idi. İşdə olan "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş 19.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İşə əlavə olan "xxxx" MMC-nin 10.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 1) 01 yanvar 2020-ci il tarixli 20002198 saylı müqavilə üzrə 1794 manat ödənilməmiş hissə, cərimə borcu üzrə 534 (1.98 manat x 270 gün) manat olmaqla,cəmi 2328 manat borcu, 2) 01 yanvar 2020ci il tarixli 20002299 saylı müqavilə üzrə 178 manat ödənilməmiş hissə, cərimə borcu üzrə 55 (0.92 manat x 60 gün) manat olmaqla,cəmi 233 manat, 3) 25 yanvar 2020-ci il 20059822 saylı müqavilə üzrə 643,20 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 192,80 (1.6 manat x 120 gün) manat olmaqla,cəmi 836 manat, 4) 09 fevral 2020-ci il 20090166 saylı müqavilə üzrə 688 manat ödənilməmiş hissə, cərimə borcu üzrə 207 (1.38 manat x 150 gün) manat olmaqla, cəmi 895 manat, ümumilikdə dörd müqavilə üzrə 4292 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə dəbbə pulunun yüksək olmasının və bu məhkəmə tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin bu iş üzrə 14 oktyabr 2021-ci il tarixli 2(077)-268/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar