Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-397/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3883/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 13.400 (on üç min dörd yüz) ABŞ dolları (22.780 (iyirmi iki min yeddi yüz səksən manat) məbləğində pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 190 manat dövlət rüsumunun alınıb ona verilməsin tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.400 (on üç min dörd yüz) ABŞ dolları (22.780 (iyirmi iki min yeddi yüz səksən manat)) məbləğində pul vəsaitinin və hazırki iddiaya görə ödədiyi 190 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və anası Cavabdeh1 09 aprel 2021-ci il tarixdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq iddiaçıdan almışlar. Həmin borcun 03 (üç) ay müddətində qaytaracaqlarına dair iddiaçıya söz vermiş, həmçinin onlar ona borcunu ödəməcəyi təqdirdə əlavə faiz də verməyi öhdələrinə götürmüşlər. Bir neçə dəfə borc olaraq cavabdehlərə verdiyi pul vəsaitini onlardan tələb etsə də, müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişlər. Son vaxtlar cavabdehlər iddiaçının telefon zənglərinə belə cavab vermir, ona olan borclarını ödəməkdən yayınırlar. İddiaçının özünün hal-hazırda maddi vəziyyəti çox aşağıdır. Cavabdehlərin ona olan borclarını qaytarmaması isə onu maddi cəhətdən çox pis vəziyyətə salmışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli sadə yazılı sənəddən görünür ki, onlar iddiaçıdan ümumilikdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq almış, lakin buna baxmayaraq onlar həmin pul vəsaitinin onlara qaytarılması ilə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlər sadə yazılı formada yazılmış qəbzdə iddiaçıdan 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq almışlar. Lakin buna baxmayaraq onlar həmin pul vəsaitinin ona qaytarılması ilə bağlı öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı oğlu qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məhkəmə qətnaməsini çıxarmış hakimin iddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş borc müqaviləsinin sadə yazılı formada yazılmış ərizədən ibarət olması və həmin ərizənin hazırki vəziyyətdə mötəbər sübut kimi qəbul edilməsinin mümkün hesab edilməməsi ilə bağlı mövqeyi qanunsuz və əsassızdır. Həmin xx.xx.2021-ci il tarixli cavabdehlər tərəfindən yazılmış sadə yazılı formada sənədin onlar tərəfindən yazılmamasını təsdiq edən heç bir sübut mövcud deyildir. İş materiallarında olan sadə yazılı formada sənədin əksini sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşdüyü halda onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin hər ikisinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmuşdur. Lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hazırki mülki işə qiyabi icraat qaydasında baxılması təklifini edən hakimin yekunda iş üzrə iddianın rədd edilməsi haqqında qətnamə çıxarması kobud qanun pozuntusudur. Çünki MPM-nin tələblərinə görə iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Lakin, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Cavabdehlər tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli sadə yazılı sənəddən görünür ki, onlar iddiaçıdan ümumilikdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq almışdır. Lakin, buna baxmayaraq onlar, həmin pul vəsaitinin ona qaytarmamışlar. Buna görə də o, hüququndan istifadə edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin iddiaçıdan 13.400 (on üç min dörd yüz) ABŞ dolları pul vəsaitini almaları və bu günə kimi həmin pul vəsaitini qaytarmamaları nəticəsində o əmlakından məhrum olmuşdur. Lakin mübahisəli məhkəmə qətnaməsini çıxarmış hakim tərəfindən MM-nin 385.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən 13.400 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərə verilməsini təsdiq edən sənəd cavabdehlərin öz istəkləri ilə yazılmışdır. Bunun da əksini məhkəmə iclasında sübut edən heç bir hal mövcud deyildir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci tarixli sadə yazılı formada olan sənəd yazılı sübut hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınmalı idi. Lakin, mübahisəli məhkəmə qətnaməsini çıxarmış hakim həmin sənədin mötəbərliyini dəqiqləşdirmədən qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları birinci insitansiya məhkəməsində sübut edə bilmişdir. Lakin, cavabdehlər isə öz etirazlarının əsasını sübut etmək üçün qanunvericilikdə onlara verilmiş hüquqlardan istifadə etməmişlər. Yəni onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Amma, mübahisəli məhkəmə qətnaməsini qəbul etmiş məhkəmə isə işə birtərəfli yanaşmaqla həmin maddənin tələblərini kobud surətdə pozmuş və qeyd etmişdir ki, guya iddaçı tərəf öz tələbinin əsasını sübut edə bilməmişdir. İddiaçılar məhkəmə iclasında öz tələblərinin əsasını təkzib edilməz sübutlarla əsaslandırsa da, məhkəmə həmin sübutu görməzdən gəlmişdir. Cavabdehlər tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli sadə yazılı formada tərtib edilmiş sənəd məhkəmə tərəfindən yazılı sübut hesab edilməklə, cavabdehlər tərəfindən 13.400 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıdan alınmasını təsdiq edən sübut növü kimi qəbul edilməli idi. Çünki bunun əksini sübut edən hal məhkəmə iclasında baş verməmişdir. Cavabdehlər birinci insitansiya məhkəməsində baş tutmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İş üzrə qəbul edilmiş qətnaməyə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş hakim işə qərəzli yanaşmışdır. Eyni zamanda məhkəmə iclasında təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Əgər iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci tarixli sadə yazılı formada olan sənədin mötəbərliyi, yəni həmin sənədin cavabdehlər tərəfindən tərtib edilməsi və imzalanması məhkəmədə şübhə yaradırdısa, o həmin sənədin cavabdehlər tərəfin yazılması və imzalanmasını dəqiqləşdirdirmək məqsədilə ekspertiza təyin edə bilərdi. Lakin, MPM-nin 97.1-ci maddəsində birinci insitansiya məhkəməsinin hakiminə verilmiş səlahiyyətə baxmayaraq o, iddia üzrə qanuni və ədalətli qərar qəbul etmək üçün həmin səlahiyyətdən də istifadə etməmişdir. Nəticədə məhkəmə tərəfindən MPM-nin 97.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən şahid X2 izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Onlar Moskva şəhərində restoran işlədir, cavabdehlər də onların restoranının işçiləri olmuşdur. Cavabdeh2 atasından borc pul istəmiş, mübahisəli pulu atası cavabdehlərə verərkən borcun verilməsi barədə qəbzin tərtib edilməsində şəxsən iştirak etmişdir. Pul verilən zaman Eminin anası digər Cavabdeh1 da orada olmuşdur. Borcun verilməsi barədə qəbzin tərtib edilməsində ondan başqa, onların restoranın işçiləri olan Nurlan və İlyas adlı şəxslər də şahid qismində iştirak etmişlər. Cavabdeh1 restoranda aşpaz, Emin isə fəhlə işləmişdir. Hal-hazırda cavabdehlər həmin restoranda işləmirlər. Cavabdehlərin hazırda harada olması barədə məlumatı olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iş materiallarına əlavə edilmiş sadə yazılı ərizədən tərəflər arasında müqavilə bağlanmasının, tərəflərin qarşılıqlı olaraq hər hansı öhdəlik daşımalarının mötəbərliyini müəyyən etmək mümkün olmaması və sübut etmək vəzifəsinin isə iddia edən tərəfin üzərində olduğunu nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. İşdən görünür ki, iddiaçı cavabdehlər tərəfindən sadə yazılı formada yazılmış qəbzə əsasən 09 aprel 2021-ci il tarixdə 13.400 (on üç min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitini onlara borc olaraq vermiş, cavabdehlər həmin borcun 03 (üç) ay müddətində qaytaracaqlarına dair iddiaçıya söz verməklə yanaşı, borcunu ödəməcəyi təqdirdə əlavə faiz də verməyi öhdələrinə götürmüşlər. Lakin cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş və onlara qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı izahatlarını verməmişlər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin mülki işdə olan yazı mətnindəki Cavabdeh2 yazısının qarşısında imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədilə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/670 nömrəli 28 iyun 2024-cü il tarixli ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş mülki işin 82-ci vərəqində xx.xx.2021-ci il tarixli qəbzin (raspiska) aşağı sol hissəsində “Mehtiyev. E.V.” yazılarının qarşısındakı imza ilə əksi ekspertizaya təqdim edilmiş mülki işin 110-cu vərəqində Cavabdeh2 adından olan AZE seriyalı C01855609 nömrəli pasportun kresosurətinin aşağı sağ hissəsindəki imzanın – öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdehlər borc müqaviləsini bağlamadıqlarını inkar etmədiklərindən, iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə əsasən pulun verilməsini sübut etmə öhdəliyindən azad edilir, sübut etmə yükü bu halda, sübut etmə məhz cavabdehlərin üzərinə düşür. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülki işdə olan yazılı qəbzlə cavabdehlərə tələb olunan məbləğdə pul verdiyini sübut etdiyi halda, cavabdehlərin bunun əksini təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etmədiklərindən, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.400 (on üç min dörd yüz) ABŞ dolları borc (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 190 manat dövlət rüsumu alınıb İddiaçı oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilərkən tədqiqatının nəticəsinin müəyyən etmək mümkün olmadığından, ekspertizanın keçirilməsi üçün çəkilən 124 manat ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.400 (on üç min dörd yüz) ABŞ dolları borc (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 190 manat dövlət rüsumu alınıb İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-397/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-397/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver