Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-397/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Tağıyev İsrafil Mirzəbağı oğluna qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Tağıyev İsrafil Mirzəbağı oğluna qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2(029)-1018/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 2100 (iki min yüz) manat, ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu, cəmi 2141 (iki min yüz qırx bir) manat pulun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BMW 523” markalı, 38BG578 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh “BMW 523” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində Qusar rayonu, H.Əliyev prospekti ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Qusar rayonu polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, İXP4551966 saylı Protokolundan görünür ki, 2022-ci ilin 27 fevral tarixində Qusar rayonu, H.Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən qiymətləndirilərək 2100 (iki min yüz) manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi xx.xx.2022-ci il tarixli, 1-732/22 saylı sığorta aktında və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli, **********00-676 saylı ödəniş tapşırığında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 2100 (iki min yüz) manat məbləğ cavabdeh tərəfindən Cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/403 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Qusar RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Qusar rayonu polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, İXP4551966 saylı Protokolundan görünür ki, 2022-ci ilin 27 fevral tarixində Qusar rayonu, H.Əliyev prospekti ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
5. Zədələnmiş “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən qiymətləndirilərək 2100 (iki min yüz) manat məbləğində müəyyən edilmişdir.
6. İ-732/22 saylı, xx.xx.2022-ci il tarixli Sığorta ödənişi ilə bağlı Aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığortalanmış “BMW 523” markalı, 38BG578 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 2100 manatdır və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2100 manat məbləğində pul zərərçəkən X3 hesabına köçürülmüşdür.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 2100 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq Cəmiyyətə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(029)-125/2022 nömrəli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Qusar Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2(029)-1018/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, Cavabdeh 2100 (iki min yüz) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun, cəmi 2141 (iki min yüz qırx bir) manatın "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 916.1, 448.1, 936.1, 936.6, 936.2, 1096, 1096.2, 1097, 1108.1, 1108.2 və 1114.1-ci maddələri, İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3, 25.2 və 63.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1, 217.4, 218.3, 77.1, 284-6.1, 216-220, 227, 233, 284-6.1 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Qusar Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2(029)-1018/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Tağıyev İsrafil Mirzəbağı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, mübahisəni obyektiv, qərəzsis və hərtərəfli həll edilməsi məqsədilə AR MPM-nin 97.1-ci maddəsinin tələblərinə uyğun iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ədalətsiz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və aşağıda göstərəcəyi fakt və sübutlara əsasən ləğv edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC təqdim etdiyi sənədlərə əsasən Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmış, bu barədə ona heç bir məlumat verilməmiş və sənəd təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasına müraciət edir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bildirir ki, iş materiallarından da göründüyü kimi iddiaçı öz iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Hadisə zamanı zədələnmiş “Opel Astra” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən qiymətləndirilərək 2100 (iki min yüz) manat müəyyən edilmişdir. Lakin dəymiş ziyanla bağlı heç bir məlumatı olmayıb, qüsur aktının sürəti ona təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC tərəfindən heç bir hüquqi əsası olmadan təqdim edilmiş sənədlər əsasında Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında ictirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, “BMW 523” markalı, 38BG578 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh “BMW 523” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində Qusar rayonu, H.Əliyev prospekti ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Qusar rayonu polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, İXP4551966 saylı Protokolundan görünür ki, 2022-ci ilin 27 fevral tarixində Qusar rayonu, H.Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Opel Astra” markalı, 77BN263 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən qiymətləndirilərək 2100 (iki min yüz) manat məbləğində müəyyən edilərək zərərçəkənə ödənilmişdir. Hazırda şirkət ödənilmiş maddi zərərin əvəzinin ödənilməsini subroqasiya qaydasında cavabdehdən tələb edir.
23. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutların mötəbərliyini əsaslı qəbul edərək hesab etmişdir ki, iddia təmin edilməlidir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh dəymiş zərərin miqdarını mübahisələndirərək, təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Bürosuna həvalə edilmişdir.
27. Məhkəmə Ekspertiza Bürosu tərəfindən məhkəməyə daxil olmuş 02 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, zərərin müəyyən edilməsi məqsədi ilə ixtisaslaşmış müəssəyə müvafiq xidmət haqqı ödənilməlidir. Xidmət haqqı ödənilmədiyi halda, zərərin müəyyən edilməsi qeyri-mümkündür. Tərəflərə xidmət haqqının ödənilməsi təklif olunmuş, xidməti haqqı ödənilmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2(105)-397/2025 sayli Qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi mümkünsüz hesab edilmişdir.
28. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti ağır olduğundan xidmət haqqını ödəyə bilmədiyini göstərmiş, onun iştirakı olmadan işə baxılaraq obyektiv qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kollegiya ilk əvvəl qeyd edir ki, iddiaçı subroqasiya tələbinin əsası olaraq cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsinə istinad etmişdir.
30. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur.
31. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(029)-125/2022 nömrəli Qərarından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi idarə etdiyindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
32. Bundan başqa, kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
34. Məhkəmə kollegiyası vurğulayır ki, apellyator vurulmuş zərərin miqdarını mübahisələndirs də bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir.
35. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya qeyd edir ki, MPM-nin 402.1.-ci maddəsinin tələbinə əsasən araşdırılan iddia tələbi üzrə məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Tağıyev İsrafil Mirzəbağı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2(029)-1018/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.