Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3976/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, Kreditor "Nikoyl" İKB-nın borclular Borclu1 və Borclu2 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə çıxarılmış Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(034)- 752/2015 nömrəli qərardadından borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmri ilə kreditorun tələbinin təmin edilməsi, borclular Borclu1 və Borclu2 müştərək qaydada 8980 ABŞ dolları əsas, 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq “Nikoyl” X1 verilməsi əmr edilmişdir. Borclular Borclu1 və Borclu2 məhkəmə əmrindən etiraz vermişlər. Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim G.İmanova) Zəngilan Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmrinə dair Borclu1 və Borclu2 verdikləri etirazın təmin edilməməsi qərara alınmışdır. Borclular Borclu1 və Borclu2 qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Kreditor "Nikoyl" İKB borclular Borclu1 və Borclu2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Borclu1 və Borclu2 müştərək qaydada 8980 ABŞ dolları əsas, 1101 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10081 ABŞ dolları (ödənildiyi gün manatla ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «Nikoyl» X1 ödənilməsi barədə əmrin verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclular Borclu1 və Gülüşov X2 Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayəti onunla əsaslandırmışlar ki, qərardad qanunsuz və əsassızdır. Onlara bu barədə məhkəmə qərarının olmasını icra şöbəsində bildirilsə də, bunun hansı məhkəmə tərəfindən qəbul edildiyi barədə hər hansı məlumat və sənəd təqdim etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli və onunla bağlı 12 noyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, əmrdən verilmiş etiraza yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayətinin geri qaytarılmasını prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə əmri 08 sentyabr 2015-ci il tarixdə çıxarılmış, əmrin surəti borclulara göndərilməmiş, iş materiallarında tərəflərin məhkəmə əmrini almasına dair məlumat aşkar edilməmiş, Borclu2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətini almadığını əsas gətirərək surətin ona verilməsini xahiş etmiş, Borclu2 tərəfindən əmrin surəti 22 oktyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Etiraz ərizəsi isə 25.10.2021-ci il tarixdə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Borclunun etirazı vaxtında verilmişdirsə həmin əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının borclu tərəfindən 22 oktyabr 2021-ci il tarixdə alınmasına baxmayaraq etirazı 25 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən etirazın həmin tarixdə verilməsi nəzərə alınmamış, müddət ötürülməklə verilməsi qənaətinə gəlmiş və nəticədə etirazın təmin edilməməsi barədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbi baxımından etiraz vaxtında verildiyi halda məhkəmə əmrin ləğv və iddia icraatına keçməsi barədə qərardad qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclular Borclu1 və Borclu2 şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli və onunla bağlı 12 noyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, etiraz məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclular Borclu1 və Borclu2 şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli və onunla bağlı 12 noyabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Əmrə verilmiş etiraz məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3976/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3976/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver