Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-398/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1938/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İşin halları Cavabdeh2 ilə İddiaçı Səttar oğlu arasında 30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi bağlanılmışdır. Quba Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 2(027)-2274/2015 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1655 manat məbləğində əsas borc, 398 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2103 manat məbləğində pul və ödənilmiş 17 manat məbləğində dövlət rüsumu Cavabdeh2-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı kredit müqaviləsi üzrə öhdəlikdən azad olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2014-cü il tarixdə bağlanmış 049/14 saylı kredit müqaviləsi üzrə onun 1023 manat məbləğində kredit öhdəliyindən azad olunması və iddia ərizəsi üzrə ödədiyi 30 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1938/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə qarşı kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Apelyasiya şikayətinin dəlilləri, ona etiraz, apelyasiya icraatında tərəflərin izahatları İddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1938/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verərək, həmin məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onun qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin bütün detallarından iddia tələbinin əsaslı olduğu məlum olur. İş materiallarında olan üzvlük pay şəhadətnaməsi və üzvlük pay qəbzi, ödəniş qəbzləri və tələbkar təşkilatın səlahiyyətli şəxsinin əlyazmaları ilə sübut olunur ki, onun Cavabdeh2-yə borcu yoxdur. Buna baxmayaraq məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Bu halların nəzərə alınaraq,müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən,məhkəmə aktı tam yoxlanılır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müvafiq kredit müqaviləsi bağlanılmış, habelə müvafiq məhkəmə qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə borcun tutulması qət edilmiş, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək, icraya yönəldilmişdir. İddiaçı həmin kredit müqvailəsi üzrə borcunu tam ödədiyindən, heç bir borcu qalmadığından, hazırki mülki iş üzrə qeyd edilən (kredit müqaviləsi üzrə borc öhdəliyindən azad olunması barədə) iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, indiki halda iddiaçının tələbi məhz icra sənədi üzrə tələbin icra edilməsi (müvafiq kredit müqaviləsi üzrə borcunu ödəməsi, borcunun qalmaması halına istinad etdiyindən) məsələsi ilə bağlı olmuşdur. Bu baxımından da məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında borcun tutulmasının qət edildiyi və həmin müqavilə üzrə borcun tutulmasına dair tələbin icraya yönəldiyi 30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi üzrə tələblə bağlı olduğundan (borcunun tam ödənilməsi əsasına istinad etməklə borc öhdəliyindən azad olunmasına dair) qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.01.-ci maddəsinə əsasən 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda iddiaçı müvafiq kredit müqaviləsi üzrə (hansı ki həmin kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və onun əsasında verilmiş icra sənədi mövcuddur) borcunu tam ödədiyini, borcunun qalmadığını bildirməklə, bu hala dair ödəniş qəbzlərinə dair müvafiq sənədləri məhz icra sənədi üzrə müvafiq icra şöbəsinə təqdim etməli, qeyd edilən hallar ayrıca iddia icraatı qaydasında deyil, məhz icra icraatı qaydasında aydınlaşdırılmalıdır. Bu baxımında da qeyd edilən hal ayrıca iddia ərizəsinin verilməsi üçün deyil, məhz müvafiq icra sənədi üzrə tələbin icra edilməsi hissəsində icra icraatı qaydasında müvafiq icra şöbəsinə müraciət edilməsi üçün əsas ola bilər. Qeyd olunan hallara baxmayaraq, birinci instansiya məhkəməsi istina olunan prosessual hüquq normalarının tələbləri pozmuş, kredit müqaviləsi üzrə borc öhdəliyindən azad olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq, qətnamə qəbul etmiş, tətbiq edilməli olan MPM-nin 153.1.1 və ya 261.0.1-ci maddəsini tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarxli Qərarında qeyd edilmişdir ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir.MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi və ya icraata xitam verilməsi üçün əsasların mövcud olması halı ümumilikdə mövcud məhkəmə baxışını istisna etdiyi üçün əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-nin 372.6, 372.7 və 387.1-ci maddələrinin tələbinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, qətnamənin tam ləğvi üçün əsas kimi nəzərdən keçirilməlidir. Hazırki mülki iş üzrə, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu əhəmiyyətli prosessual pozuntu hesab olunduğundan, müvafiq kredit müqaviləsi üzrə borcun tutulmasına dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi olduğundan, həmin kredit müqaviləsi üzrə borcun ödənilib-ödənilməsinə dair icra sənədi üzrə tələblə bağlı məsələ icra icraatı qaydasında prosesin predmeti olduğu, habelə həmin tələbə iddia icraatı qaydasında baxılması halı istisna edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla, məhkəmə qətnaməsi qəbul etdiyindən, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinin tələbinə əsasən (MPM-in 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.) iddiaçıya izah edir ki, müvafiq icra sənədi üzrə (30 sentyabr 2014-cü il tarixli 049/14 saylı kredit müqaviləsi üzrə borcun tutulmasına dair müvafiq məhkəmə qətnaməsi ilə bağlı ) tələbin icra edilib-edilməməsi, icraata xitam verilməsi üçün əsas olub-olmaması məsələsinin aydınlaşdırılması ilə bağlı müvafiq icra qurumuna müraciət edə (icra sənədi üzrə tələbin icra edilməsinə dair sənədləri təqdim edə), icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı halda sə aidiyyəti üzrə müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372,387, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1938/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2-nə, Cavabdeh3 və Cavabdeh1nə qarşı kredit borcunun silinməsi və kredit üzrə öhdəliklərdən azad edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təhvil aldıqdan sonra 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-398/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-398/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver