Məhkəmə qərarları › İş №2(105)-4/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-4/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-4/2023 16.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(060)-171/2017 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41643,25 ABŞ dolları, faiz borcu üzrə 5000,51 ABŞ dolları, cərimə borcu üzrə 81,29 ABŞ dolları, cəmi 46725,05 ABŞ dolları; xx.xx.2015ci il tarixli, 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78462,61 ABŞ dolları, faiz borcu üzrə 10146,17 ABŞ dolları, cərimə borcu üzrə 69,75 ABŞ dolları, cəmi 88678,53 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiymətinin 175000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 25-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 46725,05 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredit müqaviləsi üzrə 88678,53 ABŞ dollarının, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın, cəmi 60 manat məbləğində pulun iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 25- 2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41.643,25 ABŞ dolları, faiz borcu üzrə 5000,51 ABŞ dolları, cərimə borcu üzrə 5.581,29 ABŞ dolları, cəmi 52.225,05 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78.462,61 ABŞ dolları, faiz borcu üzrə 10.146,17 ABŞ dolları, cərimə borcu üzrə 9.969,75 ABŞ dolları, cəmi 98.578,53 ABŞ dolları məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (əhaliyə məişət xidməti və ticarət obyekti) yönəldilməsi, bu əmlakın hərracda satılması və ipoteka predmeti olan əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2014-cü il tarixli 25- 2/14SU əlavə kredit müqaviləsi üzrə 52.225,05 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 25- 3/14SU saylı əlavə kredit müqaviləsi üzrə 98.578,53 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 160.000 (yüz altmış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (əhaliyə məişət xidməti və ticarət obyekti) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 25-2/14SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 19% ödəmək şərtilə 57.500 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 19% ödəmək şərtilə 100.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25İ/14SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha toıpaq sahəsində yerləşən əmlak kompleksi (əhaliyə məişət xidməti və ticarət obyekti) "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya MA №0391792, qeydiyyat №**********). xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh3 ilə iddiaçı "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25Z/14SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Əsas kredit müqaviləsinə Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh2 xx.xx.2016-cı il tarixə: xx.xx.2014-cü il tarixli 25-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 41.643,25 ABŞ dolları, faiz borcu üzrə 5.000,51 ABŞ dolları, cərimə borcu üzrə 5.581,29 ABŞ dolları, cəmi 52.225,05 ABŞ dolları; xx.xx.2015-ci il tarixli 25-3/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 78.462,61 ABŞ dolları, faiz borcu üzrə 10.146,17 ABŞ dolları, cərimə borcu üzrə 9.969,75 ABŞ dolları, cəmi 98.578,53 ABŞ dolları məbləğində borcu təşkil edir. xx.xx.2014-cü il tarixli 25İ/14SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında icarəsində olan 0.0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (əhaliyə məişət xidməti və ticarət obyekti) xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 160.000 (yüz altmış min) manat məbləğində qiymətləndirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (əhaliyə məişət xidməti və ticarət obyekti) tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması hissəsində maddi hüquq normalarının tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (əhaliyə məişət xidməti və ticarət obyekti) ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinə uyğun olaraq ipoteka predmeti olan əmlakda yaşayan şəxslər ipoteka qoyanların əmlakına tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüşlər. Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz və cərimə borcu bank tərəfindən düzgün hesablanmamış və məhkəmə bunu nəzərə almamışdır. Müəyyən qədər ödənişlər etmiş, bank öz tərəfindən faizləri şişirtmişdir. Məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və müvafiq rəy alınmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi qismən, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiyməti və əmlaka tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində, cavabdeh isə faiz və cərimə məbləğinin tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq hesab edir ki, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Hazırkı iş üzrə cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehlərin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini, cavabdeh isə öz növbəsində faiz və cərimə borcunun tutulması hissəsində azaldılmasını xahiş etmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “S- Əmlak Qiymətləndirmə” Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) likvid dəyəri 620.000 manat, "xxxx" MMC-nin 09 sentyabr 2022-ci il tarixli rəyinə əsasən ünvan 1 saylı qeyri-yaşayış obyektinin likvid dəyəri 625.000 manat, “B+Ş Audit” Konsaltinq MMC-nin 23 noyabr 2022-ci il tarixli №A-02/41 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 610.000 manat və likvid dəyəri 580.000 manat, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3042, 9/3235 № 24 may 2023-cü il tarixli ekspertiza rəyi ilə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən ümumi sahəsi 405,42 kv.m. olan əmlak kompleksinin likvid dəyəri 778.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti ilə bağlı əmlakın likvid dəyəri kimi keçirilmiş digər 3 mütəxəssis rəyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi daşınmaz əmlak bazarındakı qiymətlər nəzərə alınmaqla daha mötəbər, inandırıcı və ağlabatan görünür. Odur ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) likvid dəyəri kimi ilkin satış qiyməti 778.000 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) likvid dəyəri 778.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlərin apellyasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sonuncular apellyasiya icraatı zamanı kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğini mübahisələndirmiş, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz və cərimə məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3882 saylı 18 oktyabr 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 19 noyabr 2014-cü il tarixli 25-2/14SU saylı kredit müqaviləsi üzrə 27 iyul 2016-cı il tarixə faiz borcu 5000,51 ABŞ dolları, 30 yanvar 2015-ci il tarixli 25- 3/14SU saylı kredit müqaviləsi üzrə 27 iyul 2016-cı il tarixə faiz borcu 10146,17 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeyd olunan faiz məbləği ilə ekspert rəyində müəyyən olunan faiz məbləği eyni olduğundan, birinci instansiya məhkəməsinin faiz məbləğinin tutulması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icrasının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cərimə məbləğinin tutulması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə tutduğu məbləğ ağlabatan olduğundan, şikayətin dəlili bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiyməti və əmlaka tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 45+50+145=240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 800 (səkkiz yüz) manat S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qətnaməsi qismən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin (əhaliyə məişət xidməti və ticarət obyekti) ilkin satış qiyməti və tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid dəyəri 778.000 (yeddi yüz yetmiş səkkiz min) manat müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0952 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində boşaldılsın. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 800 (səkkiz yüz) manat S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar