Məhkəmə qərarları › İş №2(105)-401/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-401/2022

09.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-401/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X12, İddiaçı nümayəndəsi X18, Cavabdeh nümayəndəsi və vəkili X13 iştirakı ilə Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia təmin edilib, X8 və X14 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 30316018 saylı şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X6 və nənəsi X14 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 181A Kod 30316018 nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə, Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyinə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 2002-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olub və hal hazırda orada yaşayır. X1 10 avqust 2018-ci il tarixdə vəfat edib. 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X3 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X11 qanun üzrə vərəsələri sırasına daxildir. Babasından və nənəsindən ona qalmış ünvan 1i ünvanında yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A Kod: 30316018 nömrəli şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək və dövlət reystrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət edib. Lakin sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evinin müayinəsi zamanı cavabdeh bibisi Cavabdeh buna şərait yaratmamışdır. Bu məqsədlə o, babası X2 və nənəsi X9 qalan ünvan 1i ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üçün çıxarış almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. İdarənin mütəxəsisləri evə baxış keçirmək üçün gəldikdə bibisi Cavabdeh onları evə buraxmamış, mübahisə yaratmış, bunun üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 aprel 2021-ci il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan ekspertiza işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyesterindən çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda Cavabdeh mərhum babası X4 və nənəsi X14 məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə fərdi yaşayış evinə gəlib yaşamaq istədiyini, mülkiyyət hüququnuu həyata keçirmək istədiyini bildirsə də, cavabdeh onu torpaq sahəsinə və evə buraxmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 28 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, Azərbyacan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X18 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A Kod 30316018 nömrəli şəhadətnamənin surətindən məlum olur ki, Quba rayon AİK-nın 01.02.1999-cu il tarixli, 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kənd sakini X6 fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. DƏDRX-ni 5 saylı Ərazi İdarəsinin 17.06.2020ci il tarixli məktubundan görünür ki, X3 adına Quba rayonu Zərdabi qəsəbəsində fərdi yaşayış evi və umumibirgə JN-181A Kod 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeydə alınmışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən yaşayış evinin texniki pasportu X3 adına 294 nömrə ilə qeydiyyata alınmışdır. AZ-İ 250644 seriya və nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 25.05.202-ci ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olub, X1, anası X15 qeyd olunub. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilib, X5 qalmış mirasın X7 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbinin üzrlü sayılaraq uzadılması, X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X7 düşən hissəsinə ölümündən sonra onun tərəfindən qəbul etməsi faktının müəyyən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 05.03.2021-ci il tarixli, 640 nömrəli məktubundan məlum olur ki, İddiaçı 05.03.2021-ci il tarixli, 178 nömrəli, 07.08.2020-ci il tarixli, 339 nömrəli vərəsəlik işinə əsasən 02 iyul 2014-cü il tarixdə vəfat etmiş babası X3 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsi X11 qanun üzrə vərəsələri sırasına daxildir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin olunması nəticəsinə gələrkən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad edərək hesab etmişdir ki, X8 və X14 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materialları ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilib, X5 qalmış mirasın X7 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış, X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X7 düşən hissəsinə ölümündən sonra onun tərəfindən qəbul etməsi faktı müəyyən edilmiş və qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsas hesab edilmişdir. Maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3701/2021 saylı qərardadı ilə maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edilərək ərizəçi İddiaçı maraqlı şəxs Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi X2 miras qalmış JN 181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X7 düşən hissəsinə ölümündən sonra İddiaçı tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi barədə Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edildiyindən onun hüquqi nəticəsi olaraq mülkiyət hüququnun müdafiəsinə dair tələbin də əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etdikdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)-1554/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar