Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-404/2025 14.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3111/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 20 fevral 2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində, saat 14:40-da Z.Bünyadov ərazisində “Kia K3 minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Kia Optima” markalı, 77- BV-333 dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş xərcin dəyəri 9310 manat təşkil edir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat müəyyən edilmiş, 4656,44 manat sığorta ödənişi mütənasib qaydada etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür.
4. 16 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X1 məxsus hesaba 4656,44 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 5100 manat və ödənilmiş dövlət rüsumuna görə 71 manat, cəmi 5171 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyat nişanı **-BV-*** olan, Kia Optima markalı avtomobil şəxsi mülkiyyətindədir. Bu avtomobili çox vaxt etibarnamə əsasında oğlu X2 idarə edir. Oğlu idarə etdiyi Kia Optima markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi Kia K3 markalı, dövlət qeydiyyat nişanı **-EZ-*** olan avtomobil arasında xx.xx.2024-cü il tarixidə nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, təxminən saat 14:40 radələrində idarə etdiyi Kia K3 markalı avtomobili sürətlə idarə edərək ara məsafəsi qaydalarını pozaraq oğlunun idarə etdiyi Kia Optima markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticə olaraq onun avtomobilinə 9310 manat dəyərində ziyan dəymişdir. Bunu “X7” mərkəzinin təmir kartı təsdiq edir. Qeyd edilən məbləğin 4200 manatını sığorta şirkəti qarşılayır. Bu səbəbdən hesab edir ki, Cavabdeh mülkinə vurmuş maddi zərərə görə 5100 manat ödəməlidir. Cavabdeh qeyd edilən hadisədə təqsirli olduğunu Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı təsdiq edir.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, bir neçə dəfə iddiaçıya avtomobilin detal hissələrinin tapılmasında və təmirində köməklik edə biləcəyi barədə danışmışdır. Lakin iddiaçı bununla razılaşmamışdır. İstədiyi servisə apararaq avtomobili təmir etdirmiş və qiymətləndirmə aktı çıxarmışdır. Tələb olunan məbləğlə razı deyildir. Avtomobilə həmin məbləğdə ziyan dəyməsinə inanmır. 4200 manatı və avtmobili ona verərək düzəltdirməsini bildirmiş, lakin o bununla razılaşmamışdır. Həmçinin sığorta da avtomobili qiymətləndirmişdir. Ekspert rəyi ilə razı deyildir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 9/5945 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə təmirbərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9130,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7230,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1900 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8840,80 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6940,80 manat; Təmir-bərpa işlərinin qiyməti - 1900,00 manat.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-3111/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4183 (dörd min yüz səksən üç) manat, 56 (əlli altı) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manat, 84 (səksən dörd) qəpik hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesab üzrə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə “Kia Optima” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir. “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, Məhkəmə Ekpertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyi sübut kimi götürülməlidir. Belə ki, həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, Mülki Prosesual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə ondan 2323 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat müəyyən edilmiş, 4656,44 manat sığorta ödənişi mütənasib qaydada etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Amma iddiaçı nəqliyyat vasitəsini təmir etdiurdikdən sonra qiymətləndirmə aparmışdır. Bu qiymətləndirmə zamanı, həmçininn Məhkəmə Ekspertizası Mərkəzinin rəy verilməsi zamanı nəqliyyat vasitəsinin hadisə zamanı olan durumu nəzərə alınmamışdır. İddiaçı təmir zamanı nəqliyyat vasitəsinin az xərc ilə təmir edilən detallarını dəyişdirmiş, əlavə, lazımsız xərclər çəkmişdir. O həmin dövrdə, yəni ekspetizadan əvvəl məhkəməyə hadisə zamanı nəqliyyat vasitəsinin durumunu əks etdirən real fotoşəkilləri təqdim edə bilməmişdir. Bu foto şəkillər telefondan silinmiş, amma sonradan bu fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, real vəziyyəti əks etdirən fotoşəkillər olmadan ekspert rəyinin alınması düzgün deyildir. Ekspert yalnız iddiaçının ifadələrinə və təmirdən sonrakı vəziyyətə uyğun rəy vermişdir. Bu səbəbdən foto şəkillər və video görüntü təqdim edilmək ilə yenidən ekspertizanın keçirilməsinə ehtiyac vardır. Bu işin ədalətli və obyektiv araşdırılmasını təmin edəcək yeganə haldır. Nəzərə almaq lazımdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat müəyyən edilmişdir. Sığorta Şirkətinin dəymiş ziyanın məbləğini azaltmaqda heç bir marağı olmamışdır. Belə ki, ziyanın məbləğinin çox olması ödənişə təsir etməyəcəkdir. Lakin bu qiymətləndirmə zamanı nəqliyyat vasitəsinin real vəziyyəti nəzərə alınmışdır. Digər qiymətləndirmələrdə məbləğin çox olmağının səbəbi təmir zamanı əlavə işlərin görülməsi olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi Kia K3 markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İddiaçıya məxsus avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli olması sübuta yetirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2023-cü il buraxılışlı “Kia Optima” markalı, 77-BV333 dövlət nömrə nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 9130,00 manat, dəyişilməli hissələrin qiyməti 7230,00 manat, təmir-bərpa işlərinin qiyməti 1900 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8840,80 manat, dəyişilməli hissələrin qiyməti 6940,80 manat, təmir-bərpa işlərinin qiyməti 1900,00 manat müəyyən edilmişdir. Bu səbəbdən, avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən Məhkəmə Ekpertiza Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyi sübut kimi götürülməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının avtomobilinə 8840,80 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Öz növbəsində "xxxx" ASC tərəfindən İddiaçı 4656,44 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, Cavabdeh 4183,56 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli olduğu aşkardır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh tərəfindən verilmiş apellyasiya şilayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edilir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
26. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3111/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir.
32. İşin araşdırılan hallarından müəyyən edilir ki, “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 20 fevral 2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində, saat 14:40-da Z.Bünyadov ərazisində “Kia K3 minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Belə olan halda, dəymiş zərər üçün cavabdeh məsuliyyət daşıyır və vurulmuş zərər onun tərəfindən iddiaçıya ödənilməlidir.
34. Cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçı ona məxsus avtomobilə ümumilikdə 9310 manat məbləğində maddi ziyan vurulduğunu, həmin ziyan məbləğinin 4200 manat hissəsinin sığorta təşkilatı tərəfindən ona ödənildiyini göstərərək qalan 5100 manat hissəsini tələb etmişdir.
35. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat müəyyən edilmiş, 4656,44 manat sığorta ödənişi mütənasib qaydada etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür.
36. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Kia Optima” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 6980 manat təşkil edir.
37. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(105)-404/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
38. Mərkəzi Ekspertiza Bürosu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş rəydə qeyd edilmişdir ki, qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq, “Kia Optima” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı Mərkəzi Ekspertiza Bürosu mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalar və təhlillər nəticəsində, “Kia Optima” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyəri və çəkiləcək xərclər hesablanmış və toplam 6874 manat təşkil etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Mərkəzi Ekspertiza Bürosu xx.xx.2025-ci il tarixli rəyi Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
40. İddiaçı tərəf əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadığına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etməsinə, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsinə və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı üçün şikayət etdiyinə dair məhkəməyə sübut təqdim etməmişdir.
41. Halbuki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.4-cü maddəsinə əsasən, zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır.
42. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən, zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda Mərkəzi Banka və məhkəməyə şikayət etmək hüququ vardır.
43. Cavabdeh apellyasiya şikayətində vurulmuş zərərə grə ondan 2323 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
44. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili həmin hissədə öz təsdiqini tapır.
45. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 6980 manat vurulmuş zərərin 4656,44 manat sığorta ödənişi iddiaçıya ödənildiyindən (6980-4656,44), apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3111/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 2323 (iki min üç yüz iyirmi üç) manat, 56 (əlli altı) qəpik pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, ümumilikdə 300 (üç yüz) manat pul vəsaitinin 100 (bir yüz) manatı İddiaçı, 200 (iki yüz) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertiza Bürosunun hesabına ödənilməlidir.
48. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3111/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh 2323 (iki min üç yüz iyirmi üç) manat, 56 (əlli altı) qəpik pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, ümumilikdə 300 (üç yüz) manat pul vəsaitinin 100 (bir yüz) manatı İddiaçı, 200 (iki yüz) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertiza Bürosunun hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.