Məhkəmə qərarları › İş №2(105)-405/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-405/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-405/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcu tələbi, ekspert rəyi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh Oqtay oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3404/2020 nömrəli qətnaməsindən Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Kredit müqavilələrindən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh Oqtay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 10000 manat kredit, xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit müqaviləsinə əsaəsn isə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti verilmişdir.

2. xx.xx.2020-ci il tarixli, 135000/404 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Oqtay oğlunun xx.xx.2020-ci il tarixə banka xx.xx.2019-cu il tarixli, GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən 9899.47 manat əsas, 1928.62 manat faiz, cəmi 11828.09 manat borcu, xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 248.59 manat əsas, 72.41 manat faiz, cəmi 321 manat olmaqla ümumilikdə 12149.09 manat məbləğində kredit borcu vardır.

3. Bildiriş məktubundan görünür ki, Cavabdeh Oqtay oğlu kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2164 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Oqtay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTR0926306A126 saylı və xx.xx.2018-ci il tarixli **********01944126 saylı kredit müqavilələri üzrə Cavabdeh Oqtay oğlunun xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu xx.xx.2019-cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 9899.47 manat, faiz borcu üzrə 1799.37 manat, xx.xx.2018-ci il tarixli **********01944126 saylı kredit (xətti) müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 248.59 manat, faiz borcu üzrə 72.41 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh Oqtay oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqyaıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2019cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən 9899,47 manat əsas, 1928,62 manat faiz, cəmi 11828,09 manat borcu, xx.xx.2018-ci il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 248,59 manat əsas, 72,41 manat faiz, cəmi 321 manat olmaqla ümumilikdə 12149,09 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh Oqtay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 10000 manat kredit; xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır.Bank tərəflər arasında bağlanmış müqavilənin şərltərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Oqtay oğlunun xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən 9899.47 manat əsas, 1928,62 manat faiz, cəmi 11828.09 manat borcu, xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 248.59 manat əsas, 72.41 manat faiz, cəmi 321 manat olmaqla ümumilikdə 12149,09 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(060)-3404/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Oqtay oğlundan 07 avqust 2019-cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən 9899,47 manat əsas, 1928,62 manat faiz, cəmi 11828,09 manat borcu, 28 iyun 2018-ci il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 248,59 manat əsas, 72,41 manat faiz, cəmi 321 manat olmaqla ümumilikdə 12149 (on iki min yüz qırx doqquz) manat 09 (doqquz) qəpik məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Azər İsmayılov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2, 425.1, 427.3, 428.4, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(060)-3404/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə manat kredit, xx.xx.2018-ci il tarixli, **********01944126 saylı kredit müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti verilmişdir. Kredit götürdükdən az müddət sonra müalicə məqsədi ilə xaricə səfər etmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmamışdır. Faktiki olaraq xx.xx.2019-cu ildə ölkəni tərk etmişdir, 2022-ci ilin dekabr ayında isə ölkəyə qayıtmışdır. Ölkəyə qayıtdığı gün ona axtarışda olması bildirilmiş və bunun səbəbini maraqlandıqda məlum olmuşdur ki, barəsində adı çəkilən qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. Daha sonra məhkəməyə yaxınlaşaraq adı çəkilən qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmədə iştirak etmədiyi üçün sübutlarını təqdim edə bilməmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmə qətnaməsi heç bir araşdırılma aparılmadan çıxarılmışdır. O, kredit məbləğini ödəməkdən imtina etmir. Ölkəyə yeni qayıtdığı üçün kreditini ödəmək üçün bir az zamana ehtiyacı vardır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Oqtay oğlu apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

15. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3404/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

31. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu hissəsində səhvə yol vermişdir.

34. İşin ətraflı araşdırması üçün kollegiya məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, əldə edilmiş ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh Oqtay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTR0926306A126 saylı və xx.xx.2018-ci il tarixli **********01944126 saylı kredit müqavilələri üzrə Cavabdeh Oqtay oğlunun xx.xx.2020-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu xx.xx.2019-cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 9899.47 manat, faiz borcu üzrə 1799.37 manat, xx.xx.2018-ci il tarixli **********01944126 saylı kredit (xətti) müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 248.59 manat, faiz borcu üzrə 72.41 manat müəyyən edilmişdir.

35. Belə olan halda, borcun məbləği ilə bağlı kollegiya hesab edir ki, Cavabdeh Oqtay oğlundan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcu üzrə məbləğ dəyişdirilməli, 1799,37 manat məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

37. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Oqtay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-3404/2020 nömrəli qətnaməsi “xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1928,62 manat faiz borcu” hissəsində dəyişdirilsin. Cavabdeh Oqtay oğlundan 07 avqust 2019-cu il tarixli GTKR0926306A126 saylı kredit müqaviləsinə əsasən 9899,47 manat əsas, 1799,37 manat faiz, 28 iyun 2018-ci il tarixli **********01944126 saylı kredit xətti müqaviləsinə əsasən isə 248,59 manat əsas, 72,41 manat faiz, cəmi 12019,84 (on iki min on doqquz manat səksən dörd qəpik) məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Oqtay oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar