Məhkəmə qərarları › İş №2(105)-405/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-405/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-405/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Kredit borcunun qaytarılması" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-158/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 14901.52 (on dörd min doqquz yüz bir dollar, 52 sent) ABŞ dolları-bundan 6332.46 (altı min üç yüz otuz iki dollar, 46 sent) ABŞ dolları əsas, 3059.44 (üç min əlli doqquz dollar, 44 sent) ABŞ dolları faiz, 5207.78 (beş min iki yüz yeddi dollar, 78 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 301.84 (üç yüz bir dollar, 84 sent) ABŞ dolları faiz borcu iş üzrə ödənilmiş 166 (yüz altmış altı) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh2 arasında bağlanmış 878 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 30% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-878 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10832.71 (on min səkkiz yüz otuz iki dollar, 71 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh2 cəmi borcu 14901.52 (on dörd min doqquz yüz bir dollar, 52 sent) ABŞ dolları təşkil edir. Bundan 6332.46 (altı min üç yüz otuz iki dollar, 46 sent) ABŞ dolları əsas, 3059.44 (üç min əlli doqquz dollar, 44 sent) ABŞ dolları faiz, 5207.78 (beş min iki yüz yeddi dollar, 78 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 301.84 (üç yüz bir dollar, 84 sent) ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********383 nömrəli, 16 may 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-158/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6332.46 (altı min üç yüz otuz iki dollar qırx altı sent) ABŞ dolları əsas, 3059.44 (üç min əlli doqquz dollar qırx dörd sent) ABŞ dolları faiz, 50 (əlli) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 260.48 (iki yüz altmış dollar qırx səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 9702.38 (doqquz min yeddi yüz iki ABŞ dolları otuz səkkiz sent) ABŞ dollarının qətnamə icra olunan günə (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına keçirilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-158/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi əsas və faiz borclarının məbləğlərinə dair fikirlərini, bununla bağlı etirazının və etirazına dair sübutları təqdim etməyinə, yaxud sübutların əldə olunması ilə bağlı vəsatət verməyinə şərait yaratmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 878 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 şəxsi məqsədlər üçün illik 30% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin vaxt 1 ABŞ dollarının manatla məzənnəsi 0.78 manat olmuş və Cavabdeh2 bankdan faktiki olaraq 9945 manat məbləğində kredit götürmüşdür. Bunun qarşılığında Cavabdeh2 banka ümumilikdə 13324 manat məbləğində pul ödəmişdir. Hazırda ABŞ dolları ilə götürülmüş pul vəsaitlərinin hansı məzənnə ilə ödənilməli olması tərəfindən mübahisələndirilmir, həmin məsələ Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı ilə öz həllini tapmışdır. Lakin hamıya məlumdur ki, 2015-ci ilin fevral ayının 21-dən başlayan devalvasiya nəticəsində 1 ABŞ dollarının manatla məzənnəsinin 1.70 manat səviyyəsinə yüksəlməsi bir çox kredit götürmüş vətəndaşların vəziyyətlərinin ağırlaşmasına və kəskinləşməsinə, kreditin ödənilməsi qabiliyyətlərinin aşağı düşməsinə səbəb olmuşdur. Məhz buna görə Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara vətəndaşların vəziyyətlərinin yüngülləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin görülməsi tövsiyyə olunmuş, daha sonra isə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərman qəbul etmişdir. İşə Qusar Rayon Məhkəməsi tərəfindən baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 avqust 2024-cü il tarixli, 9/878 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC-yə 6515.92 ABŞ dolları məbləğində əsas borcu, 5536.73 ABŞ dolları məbləğində isə faiz borcu vardır. Eyni zamanda həmin rəyin təsviri-əsaslandırıcı hissəsinə nəzər saldıqda müəyyən olunur ki, bankla Cavabdeh2 arasında “878 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” 06 iyul 2017-ci il tarixli 01 saylı Əlavə Saziş imzalanarkən Cavabdeh2 banka əsas borcu 7040,03 ABŞ dolları, faiz borcu isə 2550,27 ABŞ dolları təşkil etmişdir. Bundan başqa, rəylə müəyyən olunur ki, Əlavə Saziş imzalandıqdan sonra Cavabdeh2 banka 813, 64 ABŞ dolları məbləğində ödəniş etmiş, sonuncu ödənişini xx.xx.2017-ci il tarixdə etmişdir. Sonuncu ödəniş zamanı Cavabdeh2 6515,92 ABŞ dolları əsas borcu, 2550,27 ABŞ dolları faiz borcu olmuşdur. Müqavilə bitdiyi anda, yəni xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 faiz borcu iki dəfədən artıq artmaqla 5536,73 ABŞ dolları təşkil etmişdir. Cavabdeh2 sonuncu ödənişini etdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdən sonra banka heç bir ödəniş edə bilməmiş, xəstələnmiş, əmək qabiliyyətini tədricən itirmişdir və hazırda ağır xəstədir. "xxxx" ASC isə xx.xx.2017-ci il tarixdən sonra Cavabdeh2 qarşı təxminən 6 il müddətində heç bir tələb irəli sürməmiş, Cavabdeh2 faizlərin hesablanmasını davam etdirməklə kifayətlənmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara vətəndaşların vəziyyətlərinin yüngülləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin görülməsi tövsiyyə olunmuş, daha sonra isə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərman qəbul etmişdir. Belə ki, həmin Fərmanın 6.1-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 7.1-ci bəndində isə qeyd olunur ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Həmin Fərmanın 8.7-ci maddəsinə əsasən restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi başa düşülür. Həmin Fərmanın 8.8-ci maddəsinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər başa düşülür. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Göründüyü kimi, həmin Fərmanda əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, yəni müqavilənin restrukturizasiyası, restrukturizasiya zamanı vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Cavabdeh2la bank arasında bağlanmış Əlavə Sazişə əsasən onun əsas borcu 7040,03 ABŞ dolları təşkil etmişdir. Eyni zamanda Fərman qüvvəyə mindiyi vaxtda Cavabdeh2 1 ildən artıq idi ki, banka olan borcunu ödəyə bilmirdi. Belə olan halda, bank Cavabdeh2la yeni müqavilə bağlamaqla ona güzəştli kredit verməli, o cümlədən hesablanmış faizlər və cərimələr silinməli idi. Buna baxmayaraq, bank həmin hərəkətləri etməmiş, bu istiqamətdə heç bir tədbir görməmiş, əksinə özünün kreditor hüquqlarından sui-istifadə edərək borclu şəxsin uzun müddət borcunu ödəyə bilmədiyini bildiyi halda onun borclarının süni şəkildə artmasını gözləmişdir. Halbuki Mülki Məcəllənin 742-ci maddəsində borcalanın maddi vəziyyətinin pisləşməsi halında borcun geri tələb edilməsi halları, kreditorun belə bir imkanları nəzərdə tutulmuşdur. Lakin bank özünün bu imkanlarından da istifadə etməmişdir. İşə baxan Qusar Rayon Məhkəməsi də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın tələblərinin "xxxx" ASC tərəfindən pozulubpozulmadığını araşdırmamış, bununla bağlı bankların fəaliyyətinə nəzarəti həyata keçirən orqanlardan müvafiq sənədlər əldə olunmaqla bankın iddia tələbinin əsassızlığına səbəb olan halları, yaxud cavabdehin borclarının tərkibində əsassız hesablanmış borcların mövcud olub-olmamasını araşdırmamış, bu istiqamətdə müvafiq ekspertiza təyin etməklə borclu şəxslərin borclarının miqdarı dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası MPMnin 14.1 və 77-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işə birtərəfli qaydada baxaraq işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyərək fərziyyələrə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 385-ci maddələrinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə zaminliyə münasibətdə apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin qeyd etdi ki, hazırki kredit üzrə borc Fərmanın təsir dairəsinə düşmür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh1 aid hissədə ləğv edilməli və iddia tələbi ona aid hissədə təmin olunmamalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan xx.xx.2014-cü 878 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 “DəmirBank" ASC tərəfindən 30% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ZM-878 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 878 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İş materiallarında olan 06 iyul 2017-ci il tarixli 878 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 1 saylı əlavə sazişlərin surətindən görünür ki, 10832.71 (on min səkkiz yüz otuz iki dollar, 71 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 68794841 saylı kredit müqaviləsi üzrə 14 iyun 2023-cü il tarixə borcalanın banka cəmi borcu borcu 14901.52 (on dörd min doqquz yüz bir dollar, 52 sent) ABŞ dolları-bundan 6332.46 (altı min üç yüz otuz iki dollar, 46 sent) ABŞ dolları əsas, 3059.44 (üç min əlli doqquz dollar, 44 sent) ABŞ dolları faiz, 5207.78 (beş min iki yüz yeddi dollar, 78 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 301.84 (üç yüz bir dollar, 84 sent) ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 avqust 2024-cü il tarixli 9/878 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 30 aprel 2014-cü il tarixdə bağlanmış 878 nömrəli kredit müqaviləsində və xx.xx.2014-cü il tarixli 878 saylı Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı Əlavə Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il (sualda göstərilən tarixə) borcu 12.052,65 ABŞ dolları. Əsas borc üzrə 6515.92 ABŞ dolları, faiz borcu üzrə 5536.73 ABŞ dolları.. Birinci instasniya məhkəməsi qeyd edilən ekspert rəyini əsas və faiz borcları üzrə məbləğin iddia ərizəsində göstərilmiş məbləğdən artıq müəyyən edildiyindən sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iş materiallarına, həmçinin Mülki Məcəllənin 739-cu, 385-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 472-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən borcun iddiaçı bankın xeyrinə tutulmasına dair düzgün hüquqi nəticəyə gəlsə də, müştərək qaydada cavabdehlərdən tutulmasına dair düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi borc məbləğinə münasibətdə aşağıdakıları qeyd etmişdir. Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh2 arasında bağlanmış 878 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 30% dərəcəsi ilə, 36 (otuz altı) ay müddətinə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-878 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10832.71 (on min səkkiz yüz otuz iki dollar, 71 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. xx.xx.2023-cü il tarixə Cavabdeh2 cəmi borcu 14901.52 (on dörd min doqquz yüz bir dollar, 52 sent) ABŞ dolları təşkil edir. Bundan 6332.46 (altı min üç yüz otuz iki dollar, 46 sent) ABŞ dolları əsas, 3059.44 (üç min əlli doqquz dollar, 44 sent) ABŞ dolları faiz, 5207.78 (beş min iki yüz yeddi dollar, 78 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 301.84 (üç yüz bir dollar, 84 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarında olan 16 may 2023-cü il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh göndərilmiş məktubda kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün faiz məbləği 260.48 ABŞ dollarıdır. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi faiz məbləğinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarını əsas tutaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdə göstərildiyi kimi 260.48 ABŞ dolları tutulmalıdır. Göründüyü kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır və qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 36 aylıq müddətə kredit müqaviləsi bağlanmış, bununla da Cavabdeh2 Bank qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh2 öhdəlikərini icra etmədiyindən kreditor Bankın müqavilə şərtlərinə uyğun olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin tutulmasını düzgün müəyyən etsə də, zaminlik müqaviləsinə münasibətdə yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələblərini nəzərə almamış, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında həm kredit, həm zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, bundan sonra isə 06 iyul 2017-ci il tarixdə 878 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 1 saylı əlavə sazişlər bağlanmış və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.Göründüyü kimi zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası xx.xx.2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 06 iyul 2017-ci il tarixli, 878 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 1 saylı Əlavə Sazişin 2.3-cü bəndinə əsasən Əlavə Saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinin 5.1.4-cü maddəsinə əsasən isə müəyyən edilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərizndə kreditor zaminə qarşı iddia sürmədiyi hallarda xitam verilir. Yuxarıda qeyd edilən 477.0.4-cü maddənin tələbinə, həmçinin müqavilənin şərtlərinə əsasən zaminlik müqaviləsi üzrə öhdəliyə artıq zamin Cavabdeh1 münasibətdə xitam verilmişdir. Buna görə də iddiaçı Bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 tələb etmə hüququ yaranmamışdır. Bununla belə xx.xx.2022-ci il tarixdə əsas kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitsə də, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericilikləm müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh1 aid hissədə ləğv edilməli və iddia tələbi ona aid hissədə təmin olunmamalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-158/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin. Cavabdeh1 aid hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh1 aid hissədə təmin olunmasın. Qusar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(029)-158/2024 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar