Məhkəmə qərarları › İş №2(105)-4052/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4052/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4052/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1084/2020 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona verməli olduğu 178500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat əsas borcun, 178500 manat əldən çıxmış faydanın və onların faizlərinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdehə qarşı iddia təmin tədbirləri, cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması və cavabdehin xaricə getməyinin məhdudlaşdırılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(027)-1084/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 50.000 ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı veriməsi, Cavabdeh2 30 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Hakim Rahim Həsənov). İş üzrə Cavabdeh2 göstərilən qətnamədən Apellyasiya şikayəti və Apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1084/2020 saylı qətnaməsindən Apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddəti üzürlü hesab edərək müddətin bərpa edilməsi və Apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1084/2020 saylı qərardadı ilə Cavabdeh2 Quba Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(027)- 1084/2020 saylı qətnaməsindən Apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh2 Quba Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)- 1084/2020 saylı qərardadından şikayət verərək, Quba rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(027)-1084/2020 saylı qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılmasını, əks tədqirdə şikayətin mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(027)-1084/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 03 noyabr 2021ci il tarixli, 2(027)-1084/2020 saylı qərardadında məhkəmə tərəfindən müddətin bərpa edilməməsinin əsası kimi məhkəmə qətnaməsini rəsmi qaydada 10 oktyabr 2020-ci il tarixdə “poçt göndərişlərinin verilməsi barədə xəbərnaməni” imzalayaraq alması əsas gətirilmiş və müddətin bərpası ilə bağlı üzürlü səbəbləri məhkəməyə təqdim etməməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Ona görə ki, 10 oktyabr 2020-ci il tarixdə "poçt göndərişlərinin verilməsi barədə xəbərnaməni” o imzalamamışdır. Yəni o, məhkəmə qətnaməsini rəsmi qaydada almamışdır. Təkcə bu əsas müddətin bərpası üçün kifayət edir. O, məhkəmə qətnaməsindən bildiyi vaxtdan bir ay ərzində Apellyasiya şikayəti verməlidir ki, bu müddət də ərizədə qeyd etdiyi kimi 15 oktaybr 2021-ci il tarixdən hesablanmalıdır. Hər bir halda Apellyasiya şikayətinin verilməsi üçün müddətin formal əsaslara görə bərpa edilməməsi onun məhkəməyə müraciət etmək hüququnun pozulması və məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılması sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsaəsn apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1084/2020 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi 28 iyul 2020-ci il tarixdə qəbul edilmiş, qətnamə 28.07.2020-ci il tarixdə iş üzrə tərəflərə göndərilmiş, qətnamə Cavabdeh2 10 oktyabr 2020-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”ni imzalayaraq tərəfindən Apellyasiya şikayəti isə 22.10.2021-ci il tarixdə verilmiş, beləliklə cavabdeh şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan xüsusatlara əsasən müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi 28 iyul 2020-ci il tarixdə qəbul edilmiş və iş üzrə tərəflərə həmin tarixdə göndərilmiş, 10.10.2020ci il tarixdə cavabdeh tərəfindən xəbərnaməyə imaz edilməklə alınmışdır, 26.10.2021-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamədən 15.10.2021-ci il tarixdə məlumatlı olmasını, həmin tarixdə qaynanasının ona zəng edərək evdə onun adına göndərilmiş məktub tapdığını bildirmişdir ki, məhkəmə qətnaməsindən 15.10.2021-ci il tarixdə məlumatlı olması nəzərə alınarsa 26.10.2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsinə zərurət yoxdur. Göründüyü kimi, cavabdehin prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsi, məhkəmə qətnaməsindən daha əvvəl məlumatlı olmasına dəlalət edir. Həmçinin məktubun azyaşlı qızına verilməsini bildirsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, qətnamənin alınmasına dair xəbərnamədən görünür ki, imza “şəxsən” qeydinin qarşısında atılmışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-1084/2020 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1084/2020 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar