Məhkəmə qərarları › İş №2(105)-4059/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-4059/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-4059/2021 29.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı əmlakın mülkiyyətə verilməsi və ya pul tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığı barədə məsələyə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus 599,28 kv.m həyətyanı torpaq sahəsində öz hesabına inşa etdiyi və ona məxsus olan 2 mərtəbəli 9 otaqlı evi, yardımçı tikliləri, mətbəx və sanitar qovşağı ilə birlikdə onun mülkiyyətinə verilməsi və ya həmin tiklilərin dəyəri olan 36.800 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edib, mülki işin aidiyyat üzrə onun rəsmi qeydiyyata alındığı yer üzrə məhkəmədə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(020)-1564/2021 saylı qərardadı ilə qeyd edilən iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki iş aidiyyat üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(060)-9567/2021 saylı qərardad ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki işin aidiyyat üzrə göndərilməsi üzrə gəlinmiş nəticəni əsaslı hesab etməmişdir. Hər iki məhkəmənin gəldiyi nəticələrdən müəyyən edilir ki, işə ərazi aidiyyatı üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası MPM-nin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü madəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcələnin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. İş materiallarından məlum olur ki, Cavabdeh Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 21-də qeydiyyatdadır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının əsas tələbi daşınmaz əmlakın mülkiyyətinə verilməsi ilə bağlıdır. Pul tələbi isə ikinci tələb qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyas hesab edir ki, ərazi aidiyyəti cavabdehin rəsmi qeydə alındığı ünvana görə deyil, əsas tələbə münasibətdə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Sadalanan prosessual hüquq normaların tələblərindən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-nin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı X1 Cavabdeh qarşı əmlakın mülkiyyətə verilməsi və ya pul tələbinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar