Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-409/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC-nin Qusar Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(029)-90/2025 nömrəli qərardadından verdiyi şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin qərardad ləğv edilərək mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(029)-90/2025 nömrəli qərardadı ilə qeyd edilən mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də nəinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi nə müqavilə ilə, nə də qanunla məhkəməyə qədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Şikayətdə daha sonra göstərilir ki, hazırki hal vergi ödəyicisi və tam xarici investisiyalı hüquqi şəxs kimi onların sahibkarlıq fəaliyyətinə ciddi əngəl törədir və mahiyyəti bir mülki işin qaytarılması ilə bağlı olan yuxarıdakı hüquq pozuntusundan daha kənara çıxır. Qusar Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(029)-90/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində cavabdeh olan əsas borcluya, habelə digər cavabdehlər olan zaminlər Cavabdeh1 və Cavabdeh3 müraciət etməmiş və şikayətində də ona istinad etmişdir ki, nə müqavilə ilə, nə də qanunla məhkəməyə qədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə, o cümlədən iddiaçı tərəfindən cavabdehlərə bildiriş və ya xəbərdarlıq məktubunun göndərilməsinin öhdəliklərin icra edilməməsi halında kredit müqaviləsi üzrə iddiaçıya olan borclarının müəyyən edilməsi baxımından zəruri əhəmiyyətə malik olması və həmin qaydaya əməl olunmamasının qeyd olunan halların müəyyən edilməsinin mümkünsüz etməsi barədə qənaəti ilə razılaşmaqla əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən hazırki halda cavabdehlərə müvafiq xəbərdarlığın göndərilməli olması müqavilə şərtlərindən irəli gəlir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 gün sonra icra etməyə borcludur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərlə bağlanmış müqavilə tələblərinə riayət olunmaqla iddianın irəli sürülməsi prosessual qənaət prinsipinə də uyğun olardı. Belə ki, MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hazırkı işdə iddiaçının şikayətdə göstərdiyi sahibkarlıq fəaliyyətinə ciddi əngəl kimi qiymətləndirdikləri halların məhkəmənin prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul etdiyi qərardad nəticəsində deyil, müqavilə üzrə tərəflərə qanunvericiliyə və müqvilənin şərtlərinə uyğun olaraq xəbərdarlıq göndərmək vəzifəsini icra etmək əvəzinə qərardaddan şikayət verməklə mübahisənin baxılıb həll edilməsi müddətinin uzanmasına səbəb olan davranışından irəli gəlməsi aşkar olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(029)-90/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-409/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-409/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver