Məhkəmə qərarları › İş №2(105)-410/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-410/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-410/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, e-2(012)-456/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, e-2(012)-456/2021 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 2094 saylı kredit müqaviləsi 3086,71 ABŞ dolları əsas borc, 1388,20 ABŞ dolları faiz borcu, 130 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 460,53 ABŞ dolları olmaqla, cəmi 5065,44 ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutulması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli 2093 saylı kredit müqaviləsi üzrə 2741,85 ABŞ dolları əsas, 1219,77 ABŞ dolları faiz, 120 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 407,98 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4489,6 ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaitinin tutulması, cavabdehdən xx.xx.2015-ci il tarixli, 2093 saylı kredit müqaviləsi üzrə tutulmuş pul məbləğinin ipoteka predmeti olan “Mazda CX7” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər L.Məmmədova, T.Quliyev və G.Tağızadə) 2(105)-173/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, e-2(012)-456/2021 saylı qətnaməsi Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 2093 saylı kredit müqaviləsi üzrə 2741,85 ABŞ dolları əsas borc, 1219,77 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli 2094 saylı kredit müqaviləsi 3086,71 ABŞ dolları əsas borc, 1388,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 2093 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2740,16 (iki min yeddi yüz qırx dollar, on altı sent) ABŞ dolları, faiz borcu üzrə 673,86 (altı yüz yetmiş üç dollar, səksən altı sent) ABŞ dolları, cəmi 3942 (üç min doqquz yüz qırx iki) ABŞ dolları, xx.xx.20150-ci il tarixli, 2094 saylı müqavilə üzrə əsas borc üzrə 3084,81 (üç min səksən dörd dollar, səksən bir sent) ABŞ dolları, faiz borcu üzrə 773,89 (yeddi yüz yetmiş üç dollar, səksən doqquz sen) ABŞ dolları, cəmi 4449,23 (dörd min dörd yüz qırx doqquz dollar, iyirmi üç sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla tutulması müəyyən edilməsi, ipoteka predmeti olan 2006-cı il buraxılışlı, «Mazda CX7» markalı, ** ED *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10500 (on min beş yüz) manat müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Vəliyeva, A.Abbasov və E.Şamayev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-173/2022 nömrəli mülki iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamə mübahisələndirilən qalan hissədə (borcun məbləği hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015- ci il tarixli, 2094 saylı kredit müqaviləsi üzrə 3086,71 ABŞ dolları əsas borc, 1388,20 ABŞ dolları faiz borcu, 1375,13 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 460,53 ABŞ dolları, cəmi 6310,57 ABŞ dolları kredit borcunun tutulması; Cavabdeh xx.xx.2015-ci il tarixli, 2093 saylı kredit müqaviləsi üzrə 2741,85 ABŞ dolları əsas, 1219,77 ABŞ dolları faiz, 1221,56 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 407,98 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 5590,16 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumu üçün 30 manatın tutulması, tutmanın ipoteka predmeti olan “Mazda CX7” markalı, qara rəngli, buraxılış ili 2006-cı il olan, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2093 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mazda CX” markalı, qara rəngli, buraxılış ili 2006-ci il olan, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 2093 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2094 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 3600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borc qaytarılmamışdır. Belə ki, onun xx.xx.2015-ci il tarixli, 2093 saylı kredit müqaviləsi üzrə 2741,85 ABŞ dolları əsas, 1219,77 ABŞ dolları faiz, 1221,56 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 407,98 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 5590,16 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 2094 saylı kredit müqaviləsi üzrə 3086,71 ABŞ dolları əsas borc, 1388,20 ABŞ dolları faiz borcu, 1375,13 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 460,53 ABŞ dolları, cəmi 6310,57 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, qətnamədə hər iki kredit üzrə 3600 manat və 3200 manat kredit verildiyi yazılmışdır. Lakin maliyyə arayışında həmin məbləğlər ABŞ dolları ilə göstərilmişdir. Hər iki kredit üzrə krediti ABŞ dolları ilə götürmüşdür, məhkəmənin manatla yazdığı həqiqət deyildir. Bundan başqa qeyd edir ki, kredit müqaviləsi üzrə sonuncu ödənişi banka xx.xx.2016-cı il tarixdə 375 manat məbləğində etmişdir. Qanuna əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Hesab edir ki, iddia üzrə iddia müddəti keçmişdir. Həmin əsasla mülki işə xitam verilməlidir. Həmçinin banka 1412 ABŞ dolları ödəniş etmiş, sonradan 1117 manat ödəniş etmişdir. Birinci və ikinci devalivasiyadan sonra müflis olmuşdur. Evini və maşınını satmağa məcbur olmuşdur. X5 satmışdır. Razılaşmışlar ki, banka olan 5000 ABŞ dollarını ödəyəcək və özünə də 5000 ABŞ dolları verəcəkdir. Lakin Müşfiq tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Avtomobil hazırda Müşfiqdədir, bu barədə polisə müraciət etmişdir. Müşfiqin adına olan verdiyi etibarnaməni də ləğv etdirmişdir. Bank uzun müddət gözləmiş və şişirdilmiş məbləğdə pul tələb edir. Həmçinin o, sonuncu ödənişini banka xx.xx.2016-cı ildə 375 manat ödəmişdir. Hesab edir ki hazırkı iddia üzrə iddia müddəti ötürülmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 2093 saylı kredit müqaviləsi üzrə 2741,85 ABŞ dolları əsas borc, 1219,77 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli 2094 saylı kredit müqaviləsi 3086,71 ABŞ dolları əsas borc, 1388,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya məhkəməsinin avtmobilin ekspertətəqdim edilməsi istiqamətində heç bir tədbir görülmədən, avtomobilə baxış keçirilmədən və onun mövcud vəziyyəti müəyyən edilmədən eyni texniki göstəricilərə malik normal vəziyyətdə saxlanılmış əmlakın satış qiyməti əsasında ipotekanın satış qiymətinin müəyyən edilməsi qanuni və əsaslı olmamasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 2093 saylı və xx.xx.2015-ci il tarixli 2094 saylı kredit müqavilələri bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə məxsus “Mazda CX” markalı, qara rəngli, buraxılış ili 2006ci il olan, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1338 № 12 may 2023-cü il tarixli ekspertiza rəyi ilə “Mazda CX7” markalı, 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar qiyməti 12.000 manat, likvid dəyəri 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti olan avtomobilin ilkin satış qiymətini həmin avtomobilə baxış keçirmədən eyni ildə buraxılmış normal vəziyyətdə olan istifadəyə yararlı avtomobillər üçün orta qiymət əsasında müəyyən etmiş ekspert rəyinə əsasən təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin qeyd olunan şəkildə müəyyən edilməsi qanunun məqsədlərinə cavab vermir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birini əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək, ehtimal əsasında ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əsasında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, qətnamənin əmlakın likvid dəyərinin müəyyən olunması hissəsində ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmalı, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Abşeron Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın, həmn hissədə apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar