Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-416/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh 690 min rus rublu miqdarında pulun və ya onun manatla ekvivalentin, həmçinin iddia ərizəsilə bağlı ödədiyi 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 02 noyabr 2019- cu il tarixdə Rusiya Federasiyasının Taqonroq şəhərinə getmək istəmiş, cavabdehin idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə sərnişinləri Rusiya Federasiyasına aparıb geri qaytarmağla məşğul olduğunu öyrnmiş, onunla razılaşaraq 01 noyabr 2019-cu il tarixində digər sərnişinlərlə birlikdə həmin avtomaşınla RF-na yola düşüb. 04 noyabr 2019-cu ildə cavabdeh onu idarə etdiyi avtomaşınla olduğu evdən götürərək Azərbaycana yola düşüb. Həmin gün saat təqribən l8:50-də cavabdeh idarə etdiyi avtomaşınla yol qəzası törədib, nəticədə avtomaşında olmuş sərnişinlər, o cümlədən o da müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Bu hadisəyə görə cavabdeh RF-nın Stavropol diyarı Blaqodamensk Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə RF-nın CMnın 264-cü maddəsinin l-ci hissəsi ilə nəzərədə tutulan cinayətin törədilməsində təqsirli bilinərək RF-nın CM-nin 64-cü maddəsinin müddəaları tətbiq edilməklə 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilərək, 50 min rubl miqdarında cərimə cəzasına məhkum edilib. Həmin hökmlə məhkum edilmiş şəxslər Cavabdeh və X1 bərabər hadisə vaxtı xəsarət almış zərərçəkmiş şəxs Həşimov Babaşah Ağamayıl oğlunun xeyrinə mənəvi zərər hesabına 400 min rubl pul tutulmuşdur. O, aldığı xəsarətlərlə bağlı stasionar və ambulator qaydada müalicələr aldığından iş üzrə məhkəmə iclasında iştirak edə bilməyib, buna görə də təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıra bilməyib. Cavabdeh həmin hadisənin baş verməsində təqsirli olmasına baxmayaraq, hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə heç bir məbləğdə pul ödəməmiş, bu barədə dəfələrlə müraciət etsə də, ona heç bir məbləğdə pulu ödəmək istəmədiyini bildirmişdir. O, Azərbaycan Respublikasında müxtəlif müalicə mərkəzlərinə müraciət etsə də bildiriblər ki, qolunun əməliyyatının Azərbaycanda keçirilməsi hazırda mümkün deyildir. Ona görə də internet vasitəsilə belə əməliyyatları aparan müalicə müəssisələri ilə maraqlanıb və Moskva şəhərində yerləşən “X10” MMC-də həmin əməliyyatın aparılması barədə məlumata rast gəlib, onda olan müayinə sənədlərini həmin müalicə müəssisəsinə göndərib və onu bu klinikada əməliyyat olunması üçün 2021-ci ilin mart ayında növbəyə alıblar. Bu barədə ona “X10” MMC-dən müalicə həkimi X3 imzası ilə rəsmi arayış göndərilmiş, arayışda cərrahi müalicənin və reabilitasiyanın dəyəri 450 min rubl (6 min ABŞ dolları) qiymətləndirilmişdir. Hazırda Bakı-Moskva aviareyslərə bilet 1 nəfər üçün bir tərəfə 30 min rubl civarındadır. Sözsüz ki, o bu vəziyyətdə tək yola düşə bilməz, yanında müşayət edən başqa şəxs də olmalıdır. Belə olan halda iki nəfərin aviabiletləri iki tərəfə 120 min rubl təşkil edir. Əməliyyata hazırlıq və əməliyyatdan sonraki dövrdə Moskva şəhərində qalıb yaşamaq üçün təxminən 100 min rubl civarında pul xərclənməlidir. Qeyd edib ki, hadisədən sonraki dövrdə Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müalicə alıb, müalicəyə xeyli miqdarda pul xərcləsə də, təxminən 500 manat məbləğində çekləri özündə saxlayıb. Beləliklə cavabdehin törətmiş olduğu cinayət nəticəsində onun sağlamlığına zərər vurulmuş, aldığı xəsarətlər nəticəsində və əlinin şikəst olduğu üçün mənəvi iztirablar keçirib. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 560000 (beş yüz altmış min) rus rublu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 500 (beş yüz manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə Rusiya Federasiyasına sərnişin aparıb-gətirib. İddiaçı onunla razılığa gələrək 02 noyabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Taqonroq şəhərinə getmək və ordan da Azərbaycana geri qayıtmaq üçün onunla razılığa gəlib. Lakin qayıdan zaman yol nəqliyyat hadisəsi baş verib və həmin qəza nəticəsində avtomobildə olan digər sərnişinlərlə bərabər İddiaçı da müxtəlif dərəcədə bədən xəsarətləri alıb. İşdə olan sənədlərdən də məlum olur ki, qəzada zərərçəkmiş İddiaçı sağlamlığı ilə əlaqədar Azərbaycanda müxtəlif tibb müəsissələrində müxtəlif müayinə və müalicələrdən keçsə də sağlamlığına tam qovuşmamışdır. Beləliklə qəzadan sonra qalan nöqsanların aradan qaldırılması və əvvəlki normal həyatına qayıtması üçün ona dəyən maddi və mənəvi zərərə görə iddiaçının tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, MPM-nin 14.2, 106, 217, 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hər iki sürücü təqsirli bilinərək Rusiya Federasiyasının Stavropol diyarının Blaqodarnenskiy Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmünə əsasən o, cinayət törətməkdə təqsirli bilinmiş, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 1-ci hissəsi ilə ona cəza təyin edilmiş, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 64-cü maddəsinin tətbiqi ilə altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə əlli min rubl cərimə cəzası tətbiq edilmişdir. İcbari sığorta müqaviləsi ilə zərərçəkmişlərə, o cümlədən İddiaçı 235.000 Rubl kompensasiya verilməsinə, cavabdeh tərəfindən nağd qaydada etdiyi ödənişlərə baxmayaraq Quba Rayon Məhkəməsi nəqliyyat vasitələrinin qarşılıqlı toqquşması nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün AR Mülki Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət normasına istinad etməmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-773/2021 saylı qətnaməsindən müəyyən edilir ki, məhkəmə icbari sığorta müqaviləsi ilə zərərçəkmişlərə, o cümlədən İddiaçı 235.000 Rubl kompensasiyanın verilməsi, cavabdeh tərəfindən nağd qaydada ödənişlərin verilməsi faktını yoxlamayaraq, cavabdehin prosessual hüquqlarının həyata keçirilməsi istiqamətində heç bir addım atmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında yazılı ərizə təqdim edərək bildirdi ki, baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərəri etiraf edir, həmin zərərin əvəzi kimi iddiaçıya 4 min manat məbləğində pul ödəməyə razıdır. Ona görə də iddia tələbinin məhz həmin məbləğdə təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdehin təqsiri ucbatından onun sağlamlıq imkanları məhdudlaşmışdır. Bununla belə o cavabdehin təklifini qəbul edir, iddia tələbinin 4 min manat məbləğdə təmin edilməsinə etiraz etmir. İddiaçı bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 4 min manat pul tutularaq İddiaçı verilməlidir. İş materialında olan Rusiya Federasiyası Stavropol diyarı, Blaqodarnıy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-71/20 saylı hökmünün (tərcümə olunmuş və təsdiq olunmuş) surətindən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə Rusiya Federasiyasına sərnişin daşıma ilə məşqul olub. O sözü gedən qəza ilə bağlı RF CM-nin 264-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, RF CM-nin 64-cü maddəsinin müddəalarını tətbiq etməklə altı ay müddətinə nəqliyyat vasitəsini idarə etmək üzrə fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrum edilmiş, əlli min rubl miqdarında cərimə şəkilində ona cəza təyin edilmişdir. İş materialında olan tərcümə olunmuş arayışın surətindən görünür ki, Rusiya Federasiyası Moskva şəhərində yerləşən “X10” MMC tərəfindən İddiaçı cərrahi müalicəsi və reabilitasiyası planlaşdırılmış, cərrahi müalicə və reabilitasiyanın dəyəri 450 min rubl (6 min ABŞ dolları) qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş digər tibbi sənədlərdən və qəbzlərdən görünür ki, İddiaçı sözü gedən qəza il bağlı aldığı xəsarətlərə görə Qusar rayonunda yerləşən “OKİ” medical klinikdə, Bakı və Sumqayıt şəhərlərində yerləşən “BAKU” klinikdə, Qusar rayon MX-da, Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müxtəlif müayinələr və müalicələrdən keçmiş və 500 manat məbləğdə ödəniş etmişdir. Məhkəmə kolegiyası qeyd edir ki, işin tədqiq olunan faktiki hallarından məlum olmuşdur ki, Cavabdeh Rusiya Federasiyasına sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 02 noyabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Taqonroq şəhərinə getmək və ordan da Azərbaycana geri qayıtmaq üçün cavabdehlə razılığa gəlib. Lakin qayıdan zaman yol nəqliyyat hadisəsi baş vermiş və həmin qəza nəticəsində avtomobildə olan digər sərnişinlərlə bərabər İddiaçı da müxtəlif dərəcədə bədən xəsarətləri almışdır. İş sənədlərindən də məlum olur ki, qəzada zərərçəkmiş İddiaçı sağlamlığı ilə əlaqədar Azərbaycanda müxtəlif tibb müəsissələrində müxtəlif müayinə və müalicələrdən keçsə də sağlamlığına tam qovuşmamışdır. Qeyd olunan hallar işin mübahisəsiz halıdır. Cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd olunan məbləği mübahisələndirmiş, habelə iddiaçıya dəymiş ziyanın əvəzinin qarşılanması üçün onunla birlikdə digər sürücün ilə birgə məsuliyyət daşıdığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən, 560000 rubl hissəsində təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçıbuna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı tərəflər arasında iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi barədə razılaşma əldə edilmiş, belə ki cavabdeh sözügedən zərərin qarşılanması üçün iddiaçıya ödəniləcək məbləğin 4 min manat məbləğdə müəyyən edilməsini xahiş etmiş, iddiaçı isə bu təklifi qəbul etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasını təsdiq edən sənədləri (müayinələrə xərclədiyi 500 manat istisna olmaqla) təqdim etməsə də, məhkəmə kollegiyasının iclasında cavabdehin iddiaçıya 4000 manat ədəməyi etiraf etməsi, iddiaçının da bunu qəbul etməsini nəzərə alaraq iddia tələbi qismən, həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia tələbinin yuxarıda qeyd olunan formada təmin edilməsi barədə mübahisə tərəfləri arasında razılaşma əldə edildiyindən, başqa sözlə iddia tələbi 4 min manat məbləğdə cavabdeh tərəfindən qəbul edildiyindən və iddiaçı da bu məbləğlə razılaşdığından iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 4 min manat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyasının qənaətincə mübahisənin hazırkı formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dovlət rüsumu olan 30 manatın 15 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-773/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 4000 (dörd min) manat manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 50%-i, yəni 15 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-416/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-416/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver