Məhkəmə qərarları › İş №2(105)-419/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-419/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-419/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdeh Zamin1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-173/2019 nömrəli qətnaməsindən cavabdeh Zamin1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada cəmiyyətin xeyrinə 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verməklə 12683,93 ABŞ dolları məbləğində kredit borcu, 7339,09 ABŞ dolları məbləğində faiz borcu və 11940,28 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31963,30 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh cəmiyyətlə bağladığı xx.xx.2012ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh cəmiyyətlə bağladığı xx.xx.2013-cü il tarixli, 32R000001371 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 32R000001371S saylı, xx.xx.2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 5316,07 ABŞ dolları ödəmiş, onun 12683,93 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 800 gün üçün hesablanmış faiz borcu 7339,09 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 800 gün üçün hesablanmış cərimə 11940.28 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-173/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada 32R000001371 saylı kredit razılaşması üzrə müqaviləyə xitam verməklə 12683,93 ABŞ dolları məbləğində kredit borcu, 7339,09 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20123,02 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Zamin Tahirov). Qətnamədən narazı qalan cavabdeh Zamin1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-173/2019 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2(105)-3260/2021 nömrəli qətnaməsi ilə cavabdeh Zamin1 apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-173/2019 saylı qətnaməsi cavabdeh Zamin1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari). Qətnamədən narazı qalan cavabdeh Zamin1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3260/2021 nömrəli qətnaməsini qismən, təmin edilən hissəsədə ləğv edilməsi, İddiaçı ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli zamin müqaviləsinin ləğv edilərək iş üzrə o hissədə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(102)-4289/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3260/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Elşanə Vəliyeva, hakimlər Elşad Şamayev və Aqil Abbasov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bir neçə iclasına getsə də, hər dəfə məhkəmə iclası təxirə salınmış və qətnamə qəbul edilən tarixdə iclasın vaxtı barədə xəbərdar olunmamışdır. Barəsində belə qətnamənin qəbul edilməsini bu ilin avqust ayında Quba rayon İcra və probasiya şöbəsindən ona məlumat vermişlər. O, Şabran rayonunda qeydiyyatda ola-ola, barəsində icra vərəqəsinin Quba rayon İcra və probasiya şöbəsinə göndərilməsini qanunsuz hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zamin1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə,yəni qismən – cavabdeh Zamin1 aid hissədə ləğv edilməli, iddia ona aid hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan 24 dekabr 2012-ci il tarixdə İddiaçı QSC-nin Quba filialı ilə Cavabdeh arasında 32L000000042 saylı kredit xətti müqaviləsi bağlanmış, sonuncuya 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. İş materiallarında olan 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi üzrə 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşmasına və ödəniş planına 09 aprel 2015-ci il tarixli, 32R000001371S saylı və 17 iyun 2015-ci il tarixli, 32R000001371SA saylı sazişlərlə dəyişikliklər edilmiş və kredit son qaytarılma müddəti xx.xx.2018-dək uzadılmışdır. İş materiallarında olan İddiaçı QSC-nin Quba filialı ilə Zamin1 arasında bağlanmış 32S000000104 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin4 arasında bağlanmış 32S000001909 saylı, 13 noyabr 2013-cü il tarixli, Zamin3 arasında bağlanmış 32S000000101 saylı, 24 dekabr 2012-ci il tarixli, Zamin2 arasında bağlanmış 32S000000106 saylı, 24 dekabr 2012-ci il tarixli və Zamin5 arasında bağlanmış 32S000000102 saylı, 24 dekabr 2012-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2012-ci il tarixli, 32L000000042 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı QSC-nin 26 fevral 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2013-cü il tarixli, 32L000001371 saylı kredit razılaşması üzrə 22 fevral 2018-ci il tarixə əsas borcu 12683.93 ABŞ dolları, faiz borcu 7339.09 ABŞ dolları, cərimə borcu 11940.28 ABŞ dolları, cəmi borcu 31963.3 ABŞ dolları təşkil edir. "xxxx" QSC tərəfindən Zamin1, Zamin2, Zamin3, Zamin4 göndərilmiş 29 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 24740 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış, kredit statusu vərəqəsi məlumatları, xx.xx.2013-cü il tarixli, 32R000001371 saylı kredit razılaşması, xx.xx.2015-ci il tarixli saziş və xx.xx.2015ci il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan borcu 20023,02 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 12683,93 ABŞ dolları, faiz borcu üzrə 7339,09 ABŞ dolları təşkil edir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 463.1, 466, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən hesab etmişdir ki, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi qətnaməsi zamin kimi cavabdeh Zamin1 münasibətdə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 449.4, 462.1, 463.1, 466, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(102)-4289/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3260/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 24 dekabr 2012-ci il tarixdə kredit xətti müqaviləsi, bundan sonra borclunun öhdəliklərinin təminatı kimi həmin tarixdə Zamin1 ilə, müxtəlif vaxtlarda isə digər cavabdehlərlə zaminlik müqavilələri bağlanılmış və bank 13 noyabr 2013-cü il tarixdə borcluya açdığı kredit xətti müqaviləsi əsasında aylıq 2,1667% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit vermişdir. Göründüyü kimi Zamin1 məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, həmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği, faiz dərəcələri, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir. Apellyasiya məhkəməsi birinci inatsniya məhkəməsinin qətnaməsini Zamin1 şikayəti əsasında yoxlayarkən zaminin xx.xx.2013-cü il tarixli kredit razılaşmasında nəzərdə tutulan illik faiz dərəcəsi ilə bağlı razılığını təsdiqləyən hər hansı sənədin iş materiallarında mövcud olmamasına, bu halın zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməsinə və Mülk Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına əsas olmasına diqqət yetirməmiş, belə razılığın olub-olmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 32L000000042 nömrəli kredit xətti müqaviləsi bağlandıqdan sonra həmin tarixdə cavabdeh Zamin1 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh xx.xx.2013-cü il tarixdə, 32R000001371 nömrəli kredit razılaşması üzrə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 32L000000042 nömrəli kredit xətti müqaviləsinin 1.3-cü bəndinin tələblərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları ilə müəyyən edilir. İddiaçı Bankla borcalan arasında bağlanmış “Kredit xətti müqaviləsi” sadəcə iki nüsxədə tərtib edilmiş və zaminlə razılaşdırılmamışdır. Cavabdeh Zamin1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş və eyni zamanda müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, “bu müqavilə Borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir”. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə belə şərtin özünün göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 477.0-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, “... Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Qərarının məcburi hüquqi qüvvəsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə almaqla hesab edir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 32L000000042 nömrəli kredit xətti müqaviləsi “Borcverənin” kredit vermək vədini ifadə etməməklə yanaşı Bankla cavabdeh Zamin1 arasında bağlanmış zaminlik müqaviləsinin müddəalarına əsasən zamin olan şəxsin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca razılaşmalar üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə zaminlik müqaviləsində borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıması göstərilsə də, orada faiz göstərilməmiş, sonradan bağlanmış kredit müqaviləsi zaminin razılığı alınmadan bağlanmışdır ki, bu da zaminnin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi zamin olan Zamin1 razılığı alınmadan bağlandığı, bununla da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edildiyindən Zamin1 iddiaçı qarşısında məsuliyyət daşımır, buna görə də bank ona qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində,şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)- 173/2019 nömrəli qətnaməsi qismən – cavabdeh Zamin1 aid hissədə ləğv edilməli, iddia ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Zamin1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(027)-173/2019 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni qismən – cavabdeh Zamin1 aid hissədə ləğv edilsin. İddiaçı "xxxx" QSC-nin iddiası cavabdeh Zamin1 aid hissədə təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar