Məhkəmə qərarları › İş №2(105)-422/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-422/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-422/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və onun vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1559/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1559/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh borclu olduğu 4200 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 4230 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan aldığı 5600 manat borc puldan ödənilməmiş qalan 4200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 4230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən Xaçmaz rayon “Arzu” Özəl Ticarət Mərkəzində ticarətlə məşğuldur. Cavabdeh da həmin mərkəzdə alver edir. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh ona müraciət edərək evini təmir etdirmək üçün pul lazım olduğunu və əvəzində pensiya kartını, sosial yardım kartını girov qoyacağını, həm də bazarda ona hər gün 10 manatdan pul ödəyəcəyini bildirmişdir. Onda həmin gün 3000 manat pul olmuş və həmin pulu cavabdehə borc vermişdir. Bir ayın tamamında cavabdeh işlərinin yarımçıq qaldığını deyərək ondan 1200 manat da əlavə borc almışdır. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə cavabdeh 750 manat, daha sonra yenə 100 manat və 150 manat borc pul almışdır. Həmin ərəfədə cavabdeh ona hər gün 10 manatdan pul ödəmiş, 1 kartdan 1 ay 175 manat, digər kartdan 130 manat pul çıxarmış, 2 ay sonra sosial kartın vaxtı bitmişdir. 130 manatlıq kartı da cavabdeh evində söz-söhbət düşdüyünü bəhanə edərək yanvar ayında bağlatmışdır. Beləliklə, cavabdeh ona xx xxxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixə qədər 600 manat pul ödəmişdir. Cavabdehin kartlarından o, 1 ay 175 manat, 2 ay 130 mana pul çıxarmışdır. Yanvar ayında cavabdeh xəstəliyə tutulduğunu, hələlik pul ödəyə bilməyəcəyini deyərək ondan möhlət istəmişdir. Yanvar-fevral aylarında cavabdeh heç bir ödəniş etməmiş, nəhayət, mart ayında pullarını cavabdehdən tələb etdikdə mart ayının 5-dən cavabdeh ona hər gün 5 manat pul ödəməyə başlamışdır. Cavabdeh 05 mart tarixindən 30 aprel tarixinə kimi ara günlər yayınmaqla ona 365 manat pul ödəmiş və yenidən ondan vaxt istəmiş, bankdan pul alaraq pullarını bir dəfəyə qaytaracağını demişdir. Beləliklə, keçən müddət ərzəndə cavabdeh ona borclu olduğu ümumilikdə 5600 puldan cəmi 1400 manatını qaytarmış, 4200 manatını isə dəfələrlə tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə qaytarmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. İddiaçı Şıxəli qızını uzun müddətdir tanıyır. İddiaçı məhkəmədə ona qarşı borc tələbinə dair iddia qaldıraraq guya ondan aldığı 5600 manat borc puldan ödənilməmiş qalan 4200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 4230 manat pulun alınaraq ona verilməsi barədə Xaçmaz Rayon Məhkəməsində qətnamə çıxarılmasına nail olmuşdur. O, iddiaçıdan 2019-cu ilin dekabr ayında yalnız 750 manat borc pul almış, həmin pulu 50 manat artığı ilə qaytaracağına söz vermişdi. Həmin pulu aldıqdan sonra hər gün Xaçmaz rayon Mərkəzi bazarında alver edib qazandığı puldan 5 manat ödəyəcəyinə söz vermiş, pensiya kartını da iddiaçıya vermişdir. İddiaçıya həmin pulun 260 manatını pensiya kartı ilə iki aya, 150 manatını isə gündəlik 5 manat olmaqla ödəmişdir. 2020-ci ilin mart ayında iddiaçı ilə aralarında baş verən narazılıq səbəbindən banka ərizə verib kartı bağlatmışdır. Daha sonra 3 ay ərzində gündəlik 5 manat ödəyib, cavabdehə 450 manat verməklə aldığı borcun 710 manatını ödəmiş və hazırda İddiaçı söz verdiyi 50 manatla birlikdə 90 manat borcu qalmışdır. İddiaçı isə ona faiz hesablayaraq artıq pul tələb edir. İddiaçı tələb etdiyi 4200 manatı ona verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırma aparmaq əvəzinə, hansı səbəbdənsə əsassız olaraq iddiaçının mövqeyini müdafiə edərək qanunsuz qətnamə çıxarmışdır. İddiaçının yalanını üzə çıxarmaq üçün şahidləri məhkəməyə təqdim etsə də, məhkəmə onun şahidlərini dinləməmiş, müşavirəyə gedərək qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim edəcəyi həmin vaxt orada olan hadisəni görən şahidlər təsdiq edəcəkdir ki, iddiaçı düz danışmır. Məhkəmə onun İddiaçı borcunun olması, iddiaçıya 4230 manat pulun qaytarılmasını qət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ona 5600 manat borc vermişdirsə, mütləq yazılı formaya əməl etməli, notarial borc müqaviləsi bağlamalı idi. Məhkəmə isə bu normaya əhəmiyyət verməmiş, hesab etmişdir ki, bu norma dispozitiv xarakter daşıyır. Məhkəmə iddiaçının izahatına və şahid ifadələrinə əsaslanaraq qətnamə qət etmiş, qanunvericiliyi kobud surətdə pozmuşdur. Müqavilə yoxdursa hər hansı bir kökü olmayan borcdan söhbət gedə bilməz. Öhdəçiliyin yaranma əsası müqavilədir. Həmçinin məhkəmənin qətnamə qət edərkən şahid ifadələrinə əsaslanması sübut nöqteyi nəzərdən əsaslı hesab edilə bilməz. İddiaçının təqdim etdiyi şahidlər iddiaçı tərəfindən öyrədilmiş şahidlərdir. Həmin şahidlərdən biri iddiaçının oğludur. İddiaçının oğlu anasının ziyanına ifadə verməz. Qətnamədə qeyd edilən iddiaçının oğlu Əfqan Ramazanovanın ifadəsi anasının izahatı ilə üst-üstə düşür. Belə olan halda, artıq bu şahid ifadəsi sübut kimi əsaslı şübhədən kənar sayıla bilməz. Məhkəmə iclasında dindirilən şahidlərdən biri X3 iddiaçının bacısıdır və təbii olaraq iddiaçının xeyrinə ifadə verəcəkdir. Məhkəmə iddiaçının bacısı olmağına baxmayaraq Məryəm Nəsrullayevanın ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə daxili inamını, iddiaçı ilə şahidlərin qohumluğunu əsas gətirərək şahid ifadələrinə tənqidi yanaşmalı və rədd etməli idi. Digər şahid Xanımnaz Əliyevaya məhkəmə zalında əvvəllər İddiaçı şahidlik etmisinizmi sualına cavabında hər dəfə şahidlik edirəm deyə cavab vermişdir. Bu suala alınan cavab artıq şahidin ifadəsinin etibarsızlığına səbəb olmaldır. Hər ay dəfələrlə müxtəlif vətəndaşlarla İddiaçı pul və faiz mübahisləri üzrə məhkəmələri olmaqdadır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qət edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 göstərmişdir, İddiaçı onun doğma anasıdır. Anası İddiaçı Xaçmaz rayon “Arzu” Özəl Ticarət Mərkəzində ticarətlə məşğul olur. Cavabdeh da həmin Mərkəzdə alver edir. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh anası İddiaçı müraciət edərək evini təmir etdirmək üçün pul lazım olduğunu və əvəzində pensiya kartını, sosial yardım kartını girov qoyacağını, həm də bazarda hər gün 10 manatdan pul ödəyəcəyini bildirmişdir. Anasında həmin gün 3600 manat pul olmuş və həmin pulu cavabdehə borc vermişdir. Bir ayın tamamında cavabdeh işlərinin yarımçıq qaldığını deyərək anasından 1200 manat da borc almışdır. Sonra da əlavə olaraq xx xxxxxx 2019-cu il tarixdə 750 manat, daha sonra yenə 100 manat və 150 manat borc pul almışdır. Həmin ərəfədə cavabdeh anasına hər gün 10 manatdan pul ödəmiş, anası 1 kartdan 1 ay 175 manat, digər kartdan 130 manat pul çıxarmış, 2 ay sonra sosial kartın vaxtı bitmişdir. Cavabdeh 130 manatlıq kartı da evində söz-söhbət düşdüyünü bəhanə edərək yanvar ayında bağlatmışdır. Beləliklə, cavabdeh anası İddiaçı xx xxxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixə qədər 600 manat pul ödəmişdir. Cavabdehin kartlarından anası 1 ay 175 manat, 2 ay 130 manat pul almışdır. Yanvar ayında cavabdeh xəstəliyə tutulduğunu, hələlik pul ödəyə bilməyəcəyini bildirməklə anasından möhlət istəmişdir. Yanvar-fevral aylarında cavabdeh heç bir ödəniş etməmiş, nəhayət, mart ayında anası pullarını cavabdehdən tələb etdikdə mart ayının 5-dən cavabdeh hər gün 5 manat pul ödəməyə başlamışdır. Beləliklə, cavabdeh 05 mart tarixindən 30 aprel tarixinə kimi ara günlər yayınmaqla anasına 365 manat pul ödəniş etmişdir. Keçən müddət ərzində cavabdeh anasına borclu olduğu ümumilikdə 5600 puldan cəmi 1400 manatını qaytarmış, 4200 manatını isə anası və o dəfələrlə tələb etmələrinə baxmayaraq qaytarmamışdır. O, anası İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxlarda ümumilikdə 5600 manat borc pulun verilməsində şəxsən iştirak etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 göstərmişdir ki, o, uzun müddətdir Xaçmaz rayon “Arzu” Özəl Ticarət Mərkəzində alverlə məşğuldur. İddiaçı “Arzu” Özəl Ticarət Mərkəzində onunla qonşu cərgədə alverlə məşğul olan ticarətçi kimi tanıyır. Həqiqətən İddiaçı Cavabdeh evini təmir etdirmək üçün xx xxxxxxx 2019-cu il tarixdən 2020-ci ilin aprel ayınadək olan dövr ərzində hissə-hissə olmaqla ümumilikdə 5600 manat borc pul vermiş, həmin pulların verilməsində o şahid olmuşdur. Sonradan cavabdeh iddiaçıya kartları vasitəsilə və nağd olaraq hissə-hissə ümumilikdə 1400 manat pul qaytarmış, 4200 manat borclu qalmışdır. İddiaçı borclu qaldığı pulu cavabdehdən dəfələrlə tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 şahid X8 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsində Cavabdeh 5600 manat borc pul verdiyini, Cavabdeh həmin puldan 4200 manat borclu qaldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı Cavabdeh 4200 manat məbləğində pul tələb etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Cavabdeh 5600 manat borc pul verdiyini, Cavabdeh həmin puldan 4200 manat borcu qaldığını göstərsə də, bu halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının izahatına, şahidlərin ifadələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 5600 manat borc pul alması, cavabdehin həmin puldan iddiaçıya hissəhissə olmaqla 1400 manat qaytarması, 4200 manat borclu qalması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı 4200 manat məbləğində borcu qalmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri heç də iddiaçının izahatını kifayət qədər təsdiq etmir. Belə ki, İddiaçı iddia ərizəsində xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh 3000 manat pul verdiyini qeyd etsə də, birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarında xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh 3600 manat borc pul verdiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu X7 və bacısı X4 da iddiaçının xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh 3600 manat borc pul verdiyini göstərmişlər. Göstərilən halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsi imperativ normadır və borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında isə 3600 manata dair yazılı formada borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh 3600 manat tələb etməsi qanunsuz və əsassızdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdən sonra bir ayın tamamında 1200 manat, xx xxxxxx 2019-cu il tarixdə 750 manat, daha sonra yenə 100 manat və 150 manat borc pul verdiyini göstərmişdir. Cavabdeh iddiaçıdan 2019-cu ilin dekabrında yalnız 750 manat borc aldığını, həmin məbləğin müəyyən hissəsini iddiaçıya qaytardığını, 90 manat borcu qaldığını bildirmişdir. İddiaçının cavabdehə sonralar 1200 manat, 100 manat və 150 manat borc pul verməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı özü və iş üzrə dindirilmiş şahidlər X7 və X4 həmin məbləğlərin hansı tarixlərdə cavabdehə borc verilməsini konkret göstəməmişlər. İş üzrə dindirilmiş şahidlər X10 və X5 isə ümumi şəkildə iddiaçının xx xxxxxxx 2019-cu il tarixdən 2020-ci ilin aprel ayınadək olan dövr ərzində hissə-hissə olmaqla cavabdehə ümumilikdə 5600 manat borc pul verdiyini göstərmişlər. Halbuki iddiaçı özü həmin məbləğdə borcu cavabdehə 2019-cu ilin oktyabrdekabr ayları ərzində verdiyini qeyd etmişdir. Başqa sözlə, İddiaçı özü cavabdehə 2020ci ildə borc verdiyini iddia etmir. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin ifadələri bir-birini təsdiq etməmiş və tamamlamamış, güvənli nəticəyə gəlmək üçün kifayət deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 90 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1559/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 90 (doxsan) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar