Məhkəmə qərarları › İş №2(105)-423/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-423/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-423/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh Aydabəg oğlunun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Aydabəg oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsindən Cavabdeh Aydabəg oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Aydabəg oğlundan maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən narazı qalan Cavabdeh Aydabəg oğlu apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Aydabəg oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Aydabəg oğlunun təqsiri üzündən ona vurulmuş 990 (doqquz yüz doxsan) manat miqdarında maddi zərərin, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh Aydabəg oğlunun nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh Aydabəg oğlu 2021ci ilin may ayında Qusar rayonunun Suvacal və Zindan Muruq kənd camaatı ilə razılaşaraq onlara məxsus iri buynuzlu mal-qaranın bir baş heyvana görə 45 (qırx beş) manat ödənilməsi şərti ilə yay aylarında yaylaqda otarılması üçün Zindan Muruq kənd Bələdiyyə sədrinin iştirakı ilə iclas keçirərək 23.05.2021-ci il tarixli yazılı razılaşma imzalamışdır. Həmin razılaşmanın birinci bəndinə əsasən Cavabdeh Aydabəg oğlu cavabdeh olaraq iri buynuzlu malların yaylaqda otarılmasını təmin etmək və həmin malların izsiz, ləpirsiz itməsinə və gecə vaxtı özbaşına örüşdə qalmasına görə öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı Cavabdeh Aydabəg oğlu ilə razılaşaraq hər mala görə 45(qırx beş) manat ödəmək şərti ilə, aralarında bağlanmış 23.05.2021-ci il tarixli razılaşmanı öz imzası ilə təsdiq etmiş və 27.05.2021-ci il tarixdə özünə məxsus 4 (dörd) baş iri buynuzlu mal-qaranı cavabdehə təhvil vermişdir. 09 iyul 2021-ci il tarixdə bir neçə canavar naxıra hücum edərək İddiaçı məxsus, təxminən ət çəkisi 55-60 kg olan dananı yaralamış və çobanın müdaxiləsindən sonra ərazidən uzaqlaşmışdır. Həmin gün cavabdeh özünə məxsus telefonla İddiaçı zəng edərək danasının canavarlar tərəfindən yaralandığını, lakin dananın sağ olmasını bildirərək yaylağa gəlməsini xahiş etmişdir. Bu zaman İddiaçı kobud cavab verməklə hadisəyə görə Cavabdeh Aydabəg oğlunun cavabdeh olduğunu, dəymiş zərərərin ondan tələb edəcəyini bildirərək yaylağa gəlməkdən imtina etmişdir. Cavabdeh İddiaçı məxsus dananın təmiz ət çəkisinin təxminən 55-60 kq olmasına baxmayaraq iddiaçı iddia tələbində dananın çəkisini 90 kq olmasını göstərmiş, lakin bununla əlaqədar məhkəməyə rəsmi sübut təqdim etməmişdir. Bildirir ki, Cavabdeh Aydabəg oğlu ilə Zindan Muruq kənd camaatı və həmçinin İddiaçı arasında imzalanmış 23.05.2021-ci il tarixli razılığa əsasən cavabdeh yalnız itmiş, oğurlanmış, yoxa çıxmış, gecə örüşdə nəzarətsiz qalmış mal-qaraya görə cavabdehliyi öz üzərinə götürmüşdür. Cavabdeh Aydabəg oğlu ilə İddiaçı arasında imzalanmış 23.05.2021-ci i tarixli razılığa əsasən canavar tərəfindən tələf edilmiş mal-qaraya görə cavabdeh üzərinə heç bir öhdəlik götürmədiyindən və bu hallara görə dəymiş zərər onun təqsirli, hüquqa zidd hərəkətlərinin nəticəsində baş vermədiyindən hesab edir ki, Mülki Məcəllənin 1096-1097-cı maddələrinin tələblərinə əsasən cavabdeh mülki məsuliyyət daşımır. Belə ki, tərəflər mal-qaranın otarılması ilə bağlı razılaşma imzalayarkən bu kimi halları nəzərə almamışdır. Bu hal tərəflərin iradəsindən asılı olmadığından və əvvəlcədən gözlənilmədiyindən razılaşmanın şərtlərinə daxil edilməmişdir. Əgər cavabdehin üzərinə belə bir öhdəlik qoyularaq razılaşmaya daxil edilsəydi, cavabdeh ümumiyyətlə bu razılaşmanı imzalamazdı. Bildirir ki, Cavabdeh Aydabəg oğlu hərbi rütbəsi gizir olaraq Vətən müharibəsi iştirakçısıdır və ordudan tərxis olunduğu üçün hazırda işləmir. Himayəsində iki azyaşlı uşağı vardır. Cavabdeh Aydabəg oğlundan əsassız olaraq 990 (doqquz yüz doxsan) manat miqdarında maddi zərərin, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılmasına dair Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsi cavabdehin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirir ki, onun heyvanı yaylaqda yaralanmayıb. Tələf olmuş heyvan yaylaqdan 4 kilometr aralıda yerləşən icarəyə verilmiş kartof əkilən sahədə yaralanıb. Heyvanın çəkisi təxminən 90 kq idi. O, heç bir halda razılığa gəlmək istəmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş 23.05.2021-ci il tarixli iribuynuzlu heyvanların (inək və danaların) yay mövsümü üçün yaylaqda otarılması üzrə kənd sakinləri ilə razılaşmadan görünür ki, 1) mal cavabdehi Cavabdeh Aydabəg oğlu malların yaylaqda otarılmasını təmin etmək, mala nəzarət etmək və iribuynuzlu malların (inək və danaların) izsiz, ləpirsiz yoxa çıxmasına və özbaşına gecə örüşdə qalmış malın cavabdehliyini daşıyır. 2) Kənd sakinləri mal cavabdehi Cavabdehla razılaşma ilə razılaşaraq və öz imzaları ilə bunu təsdiq edərək iribuynuzlu mallarını (inək və danalarını) yay otlaq sahəsinə (yaylağa çıxarılmasına razılıq vermişlər. 3) Bu razılaşma əsasında Cavabdeh kənd sakinlərinin malını yay otlaq sahəsində (yaylaqda) otarılmasına razılaşmışdır. Orucov X6 Muruq kəndində əhali ilə (yaylağa mal çıxarmaq istəyən) toplantıya əsasən həm əhali, həm də Kuzun Bələdiyyəsi ilə razılaşmışlar. Həmin razılaşmaya əlavə olunmuş cədvəldən görünür ki, İddiaçı Cavabdeh yay mövsümündə yaylaqda otarılması üçün 1 ədəd qara-ala erkək, 1 ədəd qırmızı dişi dana, 1 ədəd dişi ala dana, 1 ədəd sarı erkək dananı təhvil vermiş, cədvəli imzalamışdır. İşdə olan Qusar rayonu, Zindan Muruq kənd sakinləri İddiaçı, X2, X3, X1 və X5 iştirakları ilə yazılmış 18 iyul 2021-ci il tarixli aktdan görünür ki, 27 mayda Suvacal kənd sakini Cavabdeh Aydabəg oğlu mövsümü 45 manata saxlamaq şərti ilə Suvacal və Zindan Muruq kəndindən ümumilikdə 200-də çox malı dağa aparmışdır. Cavabdeh Aydabəg oğlunun nəzarətsizliyi ucbatından İddiaçı mallarından birini canavar yemişdir. Cavabdeh Aydabəg oğlunun nəzarətsizliyi nəticəsində İddiaçı məxsus 1 baş cöngəni canavar parçalayıb tələf etmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, sözü gedən heyvanın arxa, arxa bel, arxa sol və arxa sol ayaq nahiyəsində zədələr, yaralar vardır, həmçinin heyvanın qarın nahiyəsi cırılmış və iç orqanları çölə tökülmüşdür. Həmçinin müəyyən olunur ki, həmin dana kök, ətli və piyli olmuşdur. İşdə olan “Riad” firması tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan görünür ki, 14.10.2021-ci il tarixində Qusar rayon mərkəzi bazarında ətin satışı 11 manat olmuşdur. İşdə olan Qusar rayon İHB-nın Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 oktyabr 2021-ci il tarixli, 339 saylı arayışdan görünür ki, Qusar rayonu, Zindan Muruq kənd sakini İddiaçı təsərrüfatında 2021-ci ilin may ayında təxmini 110-120 kq. təmiz ət verən erkək dana olmuşdur. Həmin dananı yaylaqda canavar tələf etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin may ayında Qusar rayonu, Zindan Muruq kənd camaatı, o cümlədən İddiaçıla razılığa gələrək bir kənd camaatının cəmi 135 baş iribuynuzlu heyvanlarını (cavabdehin özünün dediyinə görə), o cümlədən iddiaçının 4 baş iribuynuzlu heyvanlarını yay mövsümündə bir baş heyvanı 45 manat olmaqla yaylaqda otarmaq üçün Qusar rayonu, Əniğ kəndi ərazisində yerləşən yaylağa aparmışdır. Bu barədə müvafiq razılaşma imzalanmış və iribuynuzlu heyvanlar cavabdehə təhvil verilmişdir. Bununla da cavabdeh təhvil aldığı iribuynuzlu malların yaylaqda otarılmasını təmin etmək, mallara nəzarət etmək, iribuynuzlu malların (inək və danaların) izsiz, ləpirsiz yoxa çıxmasına və özbaşına gecə örüşdə qalmış mallara cavabdehliyini daşımış, mövsümün sonunda həmin heyvanları sağ-salamat sahiblərinə təhvil vermək vəzifələrini üzərinə götürmüş, heyvanların sahibləri, o cümlədən iddiaçı isə bunun müqabilində cavabdehə haqq ödəməyi öz öhdələrinə götürmüşlər. 09 iyul 2021-ci il tarixdə isə iddiaçıya məxsus bir baş iribuynuzlu heyvanı canavar dişləyərək yaralamış, nəticədə həmin heyvan ölməsə də kəsilmiş və əti yararsız olduğundan satılmamışdır. Həmin heyvanı canavarın dişləyərək yaralaması cavabdeh tərəfin göstərdiyi kimi cavabdehin iradəsindən asılı olmayan hala, yəni fors major hala görə deyil, cavabdehin məhz həmin heyvanı nəzarətsiz, sürüdən kənar buraxması səbəbindən baş vermişdir. Belə ki, cavabdehin özü də izahatında qeyd etmişdir ki, çoban 3 canavarın hücum edərək iddiaçıya məxsus dananı yaraladığını bildirmişdir. Bu isə həmin dananın 135 başdan ibarət heyvan sürüsündə deyil, tək nəzarətsiz qaldığını təsdiq edir. Bundan başqa iddiaçı da göstərmişdir ki, cavabdeh dananın örüş sahəsində deyil, məhz kartof sahəsində canavar tərəfindən hücuma məruz qaldığını ona bildirmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıya məxsus bir baş dananın tələf olması məhz cavabdehin öz öhdəliyini pozması və dananı nəzarətsiz buraxması nəticəsində baş vermiş və bununla da, onun həmin əməli nəticəsində iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə təhvil verdiyi həmin heyvan kök və piyli olmaqla çəkisi təxminən 100 kiloqrama yaxın olmuşdur. Ət bazarında 1 kq mal ətinin satış qiyməti 11 (on bir) manat təşkil edir. Odur ki, məhkəmə iddiaçının ona dəymiş ziyanın məbləği barədə dəlilləri ilə də razılşararaq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Aydabəg oğlundan vurulmuş maddi zərərin əvəzi kimi 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(029)-727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar