Məhkəmə qərarları › İş №2(105)-423/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-423/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-423/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(027)-1894/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-cu il tarixli 503 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 05 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC-nin– OBA Quba 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 10.414 (on min dörd yüz on dörd) manat 63 (altımış üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Quba Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(027)-1894/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik zərər məbləği, 50 (əlli) manat məbləğində mediasiya xərcinin və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(027)-1894/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Quba Rayon Məhkəməsi işi tam araşdırmayıb. Belə ki, iddiaçının mülahizələrinə əsasən qətnamə qəbul edən hakim onun özünü müdafiə etməyinə tam və bərabaər şərait yaratmamışdır. Çünki, iddiaçınn tələb etdiyi məbləğ və o məbləği əsaslandıran audit aparılan (sayım) zaman onun ümumiyyətlə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də, o, öz hüquqlarını müdafiə etmək üçün ona tam şərait yaradılmasını xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh yazılı ərizə təqdim edərək onun Oba Marketə iddia ərizəsində göstərilən 10276,95 manat deyil, sonuncu inventarizasiya və ondan öncə də sayılan inventarizasiya ilə birgə 6500 manat məbləğində etiraf etdiyini və həmin məbləğin ödənilməsinə narazılıq bildirmədiyini qeyd etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 6.500 (altı min beş yüz) manat zərər məbləği, 50 (əlli) manat məbləğində mediasiya xərci və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia digər hissədə təmin olunmamalıdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən Satış Departamenti şatış şöbəsinə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “X6 müqaviləsi”nə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə təyin olunmaqla tam məsuliyyəti üzərinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 503 saylı əmrdən vəzifə dəyişikliyi barədə çıxarışa əsasən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən Satış Departamenti şatış şöbəsindən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X6 müqaviləsi”nə əsasən Cavabdeh administrator vəzifəsinə təyin olunmaqla tam məsuliyyəti üzərinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 05 saylı əmrdən işdən azad olunma haqqında çıxarışa əsasən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən Satış Departamentinin şatış şöbəsinin administrator vəzifəsinin əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə yekun olaraq 10276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-nə olan borc ödənilmədiyi təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan X3 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB- 18/2023-00812 saylı arayışına əsasən, Cavabdeh X3 iştirak etməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 55 manat vəsait "xxxx" MMC tərəfindən ödənilmişdir Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən cavabdeh satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Azərbaycan Respublikası Əmək Məcəlləinin 199-200-cü maddələrinə əsasən X6 haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən işçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini X6 ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. İşə götürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, malların yoxlanılması zamanı, habelə inventarizasiya nəticələrinə əsasən əksikgəlmə halının baş verdiyini, bunun nəticəsində işəgötüərən maddi ziyan vurulduğunu əsas gətirərək, işçi qismində çıxış edən cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, müvafiq aktın nəticələrinə dair mühasibat-uçot sənədlərinə əsasən zərər məbləği 10276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan məbləğdə zərərin əvəzininin ödənilməsini tələb etmişdir. Bu halda, məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın məbləği məhz iddia tələbi həcmində təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası cavabdehin yazılı etirafına əsaslanaraq bildirir ki, İddiaçı MMC tərəfindən 3 dəfə inventarizasiya keçirilmiş, cavabdeh inventarizasiya keçirilməsinə yazılı razılıq versə də, onun nəticələrinə dair aktın imzalanmasında onun iştirakı təmin olunmamışdır. İşdən də görünür ki, cavabdeh tərəfindən inventarizasiyanın keçirilməsinə imtina olunması sübut olunmur. Cavabdeh məhkəmə iclasında izahatında birinci və ikinci inventarizasiyanın nəticələrinə dair aktı imzalamasa da, həmin nəticələrlə razı olduğunu, üçüncü inventarizasiyanın nəticələrinə dair aktın onun iştirakı olmadan tərtib olunduğunu, onun nəticələri ilə razı olmadığını bildirdi. Belə ki, əskik gəlmiş malların sayımında onun iştirakı təmin olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 6.500 (altı min beş yüz) manat zərər məbləği, 50 (əlli) manat məbləğində mediasiya xərci və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(027)-1894/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh 6.500 (altı min beş yüz) manat zərər məbləği, 50 (əlli) manat məbləğində mediasiya xərci və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar