Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-424/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, anası X4 məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-312A Kod 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,09 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 23 fevral 2000-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. Anasından qalmış ünvan 1i ünvanında yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-312A Kod: 30306018 nömrəli Şəhadətnaməyə əsasən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını həyata keçirmək və dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin sənədlərin ekspertizası zamanı aşkar olmuşdur ki, fərdi yaşayış evinin müayinəsi zamanı Cavabdeh buna şərait yaratmamışdır. Bu məqsədlə o, anası Z.C.Bayramovadan qalan ünvan 1i ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üçün çıxarış almaq məqsədi ilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəsislər çıxarış vermək üçün evə baxış keçirmək üçün gəldikdə Cavabdeh onları evə buraxmadığı üçün mübahisə yaratmış bunun üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05 may 2021-ci il tarixli məktubu ilə fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan ekspertiza işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda Cavabdeh mərhum anası Z.C.Bayramovaya məxsus fərdi yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi sübutlar məlumat xarakteri daşıyır və hazırki mülki mübahisənin predmetinə heç bir aidiyyəti yoxdur. Məhkəmə Cavabdeh miras əmlakla bağlı hər hansı bir subyektiv hüququnun olub-olmaması faktını müəyyən etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən etdiyi hallardan məlum olur ki, Cavabdeh ilə X11 arasında el adəti ilə toyları olmuşdur. O, anasından miras qalmış əmlakın bir hissəsini qəbul etmiş, bu barədə ona Quba regional «ASAN xidmət» mərkəzi tərəfindən müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bu isə mirasın nədə ifadə edilməsindən, habelə harada olmasından asılı olmayaraq, vərəsə tərəfindən onun tamamilə qəbul edilməsi hesab edilir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməli və bunun nədən ibarət olduguna aydın şəkildə izah verilməlidir. Quba Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(027)-1864/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə və şikayətə oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin ailəsi ilə birlikdə Z.Bayramovanın ölümündən əvvəl və sonra həmin mübahisəli evdə yaşamasına, evin kommunal xərclərini ödəməsinə, torpaq sahəsindən istifadə etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan JN-312A KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Z.Bayramovanın mülkiyyətinə 0,09 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə olan İİ-JQ seriyalı 361016 №-li doğum haqqında şəhadətnamədən görünür ki, C.Ə.Bayramov ilə Z.C.Bayramovanın birgə nikahından xx.xx.1973-cü ildə X5 anadan olmuşdur. İşdə olan 20 oktyabr 1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı, 329799 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 17 sentyabr 1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 03 aprel 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 001327 №li ölüm haqqında şəhadətnamədən görünür ki, C.Ə.Bayramov 12 noyabr 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Quba VVADQ şöbəsinin 07 may 2007-ci il tarixli, 955№li arayışından görünür ki, Z.C.Bayramova 23 fevral 2000-ci ildə ölmüşdür. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.05.2021-ci il tarixli, **********54 №-li məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində mərhum C.Ə.Bayramova məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. Bundan əlavə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil edilmiş arxiv məlumatlarına əsasən ünvan 1ində mərhum C.Ə.Bayramovun adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin və “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. İş materiallarında olan 28 iyul 1999-cu il tarixli vəsiyyətnamədən görünür ki, Z.C.Bayramova Quba rayonu Alpan kəndində yerləşən şəxsi evini və nəvəsi X7 vəsiyyət etmişdir. Məhkəmə kollegiyası müəyyən etdi ki, Quba rayonu Alpan kəndində yerləşən 0,09 ha torpaq sahəsi JN312A KOD 30306018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Z.C.Bayramovanın xüsusi mülkiyyətinə verilmiş, iddiaçının atası X3 12 noyabr 1993-cü il tarixdə, anası X8 23 fevral 2000-ci ildə ölmüşdür. 28 iyul 1999-cu il tarixli vəsiyyətnamə ilə Z.C.Bayramova Quba rayonu Alpan kəndində yerləşən bütün əmlakını, o cümlədən 09 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evini nəvəsi E.E.Bayramova vəsiyyət etmişdir. Tərəflər mübahisəsiz qaydada onu da qəbul edirlər ki, cavabdeh M.A.Məmmədova ailəsi ilə birlikdə Z.C.Bayramovanın ölümündən əvvəl və sonra həmin mübahisəli evdə yaşamış, evin kommunal xərclərini ödəmiş, fərdi yaşayış evinin təmir bərpa işlərini daima həyata keçirmiş, torpaq sahəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxs qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdəki sübutlardan görünür ki, İddiaçı, anasından miras qalmış mübahisəli evə və torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmişdir. Cavabdeh M.A.Məmmədova İddiaçı münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı cavabdeh M.A.Məmmədovanın mərhum Z.C.Bayramovadan miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işləri aparan mütəxəssislərə qarşı hüquqazidd hərəkətlərə yol verməsi, bu hüquqa zidd hərəkətlərin nədən ibarət olması, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 21 sentyabr 2021-ci il tarixli 2(027)-1864/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-424/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-424/2022
17.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver