Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-425/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Sultanağa qızının iştirakı ilə, İddiaçı Sultanağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(027)-1251/2021 saylı qətnaməsindən İddiaçı Sultanağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(027)-1251/2021 saylı qətnaməsi ilə İddiaçı Sultanağa qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manatın İddiaçı Sultanağa qızından tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı Sultanağa qızı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(027)-1251/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Sultanağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 828 (səkkiz yüz iyirmi səkkiz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı Sultanağa qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə bu iş üzrə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş, bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Quba Rayon Məhkəməsi bu iş üzrə məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. Əgər məhkəmə iclasında iştirak etsəydi iş üzrə əlavə ekspertiza təyin edilməsini tələb edəcəkdi. Cavabdehlərdən ekspertizaya təqdim etmək üçün imza nümunələri alınan zaman öz imzalarını deyil, başqa formada imza etmiş, məhz bu səbəbdən eksperti yanlış rəy verməyə vadar etmişdir. Hesab edir ki, Quba Rayon Məhkəməsi bu yanlışlığı aradan qaldırmaq üçün tədbir görməmiş, məhkəmədə iştirakını təmin etmədən işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunmamasına dair qətnamə qəbul etmişdir, ona görə də apellyasiya baxışında əlavə ekspertiza təyin edilməli, ekspert qarşısında suallar qoyulmalı və əlavə ekspertizanın rəyinə uyğun qətnamə qəbul edilməlidir. Hesab edir ki, iddia ərizə və əlavə etdiyi imzalar cavabdehlər tərəfindən icra olunmuşdur və sübut növü kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(027)-1251/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan yazılı iltizamdan görünür ki, Cavabdeh1 və İsayeva X2 Gülnar Sultanağa qızından 828 manat məbləğində pul almış və iltizama imza etmişlər. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının 4/937 saylı, 05.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh1” yazılarının qarşısında olan imza – X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 6-cı vərəqində olan iltizamın aşağı hissəsində “Cavabdeh2” yazılarının qarşısında olan imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə zamanı keçirilmiş ekspertiza xərci 124 manat təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək qəbzdə olan imzaların cavabdehlər tərəfindən icra edilməməsi əsası ilə iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 385.1, 442, 445, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında yazılmış iltizam qəbzinə istinad edərək cavabdehlərin ondan pul almalarını bildirmiş, qeyd edilən qəbzdəki imzalar mübahisələndirildiyindən iş üzə ekspertiza təyin edilmiş və rəy alınmışdır. İşə əlavə edilmiş ekspert rəyindən müəyyən edilir ki, təqdim edilən iltizam qəbzindəki “Cavabdeh1” yazılarının qarşısında olan imza – X1 tərəfindən yox, başqa şəxs tərəfindən, həmçinin iltizamın aşağı hissəsində “Cavabdeh2” yazılarının qarşısında olan imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçının istinad etdiyi iltizam qəbzindəki imzaların cavabdehlər tərəfindən icra edilməməsi ekspert rəyi ilə təsdiqini tapmışdır. Lakin iddiaçı cavabdehlərin ondan pul almasına dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyindən keçirilmiş ekspertizanın xərci də iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, iddiaçı onun iştirakı olmadan işə baxılmasını bildirsə də, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə iddiaçıya bildirişlər göndərilmişdir. (i.v.10, 15, 44, 45) Bundan başqa apellyasiyan iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş etsə də, bu dəlilini əsaslandıra bilməmişdir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(027)-1251/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Sultanağa qızının apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-425/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-425/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver