Məhkəmə qərarları › İş №2(105)-425/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-425/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-425/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1247 manat məbləğində pulun və ödənilmiş 32,50 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh qonşu torpaq sahəsini traktorla şumlayarkən ona məxsus 1,3 ha torpaq sahəsində əkdiyi yoncanı şumlayaraq məhv etmiş, ona maddi ziyan vurmuşdur. Bununla əlaqədar Xaçmaz DAİM müraciət edilərək dəymiş ziyanın hesablanmasını xahiş etmişdir. Mərkəzin mütəxəssisinin iştirakı ilə yerində əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona 1247 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh bildirmişdir ki, Vahid adlı şəxsin əkin sahəsini traktorla şumlayarkən səhvən ona məxsus yonca sahəsini də şumlayaraq yararsız hala salmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1247 manat məbləğində pul və ödənilmiş 32,50 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.2, 385, 427, 442, 448-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Xaçmaz Rayon Məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılarkən və qətnamə qəbul edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, dəymiş ziyanın hesablanması zamanı mütəxəssilər mübahisəli sahədə olarkən o, orada iştirak etməmişdir. Dəymiş ziyanın necə hesablanmasından onun xəbəri yoxdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, traktor sürücüsüdür. Ona şumlanası yeri mülkiyyətçi Vahid adlı şəxs göstərib, o da şumlayıb, o, həmin ərazini tanımırdı. Mülkiyyətçi ona öz torpağını yox, iddiaçının torpağını göstərib və hadisə onun təqsiri olmadan baş verib. O, şumladığı sahənin kimə məxsus olmasını bilə bilməzdi. İndi həmin şəxs ümumiyyətlə məhkəməyə gəlmir. Daha sonra qeyd etdi ki, birinci instansiya məhkəməsində etiraf ərizəsini özü yazıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, o, yonca sahəsindən bir əkindən 4-5 biçinlik məhsul götürürdü. Cavabdehə onun torpaq sahəsi göstərilib, o da həmin sahəni şumlayıb. O, polisə müraciət etmiş, nəticədə məlum olmuşdur ki, təqsir cavabdehdədir. Cavabdeh əvvəl də onun torpaq sahəsində işləyib. Amma ona bildirdi ki, elə bilib ki, torpaq sahəsini satıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus 1,3 ha torpaq sahəsində əkdiyi yoncanı traktorla şumlayaraq məhv etmiş, ona maddi ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdehin ona məxsus torpaq sahəsini şumlaması nəticəsində iddiaçıya dəymiş ziyan 1247 manatdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)- 972/2022 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bundan başqa iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, iddianı qəbul edir və 1247 manat pulu gələcəkdə iddiaçıya ödəyəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən də cavabdeh iddiaçıya məxsus torpaq sahəsini şumlayaraq ona ziyan vurmuşdur və bunu etiraf etiraf etmiş, dəymiş zərəri gələcəkdə ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsini qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qətnamə əsaslıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2351/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar