Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-428/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-6013/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)-6013/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 196,35 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzi, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində bank xidmət haqqı olmaqla, ümumilikdə 266,75 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən cəmiyyətin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 196,35 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının, cəmi 266,75 manat məbləğində pulun tutulub cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə cəmiyyət kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "SN Telekom” MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. 18.05.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları həmin ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulmasını aşkar etmiş, bu barədə 18.05.2020-ci il tarixdə 1685 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 01.10.2018-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 01.10.2018ci il tarixdən şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 18.05.2020-ci il tarixli, 1685 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 595 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olması nəzərə alınaraq cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 196,35 manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün cəmiyyət 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidməti haqqı isə 0.40 qəpik təşkil edir. Beləliklə cavabdehin cəmi 266,75 manat borcu vardır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. O, 266,75 manat pulun ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi haqqında məhkəmənin çıxardığı qətnamə ilə razılaşmır. Belə ki, məhkəmədə "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, 2011-ci il tarixdə akt tərtib olunmuş və həmin akta əsasən 100 manat cərimə ödənilmişdir. Lakin həmin akta əsasən cərimənin məbləği 100 manat deyil, 25 manat olmuşdur. Həmin aktı birinci instansiya məhkəməsində araşdırmamışdır. 2020-ci ilin may, iyun, iyul aylarında onun mənzilində elektrik enerjisindən istifadə olunmamış və sərfiyyat sıfıra bərabər olmuşdur. Bununla bağlı sübutu o, məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 106 sayı evin 10 sayı mənzilində onların yaxın qohumları yaşamış və qohumları "xxxx" MMC-nin xidmətlərindən istifadəyə görə həmişə ödənişlər etmişdilər. Qohumları tərəfindən sonuncu ödənişlər 2020ci ilin mart ayında olmuşdur. 2020-ci ilin mart ayından etibarən həmin evdə yaşayış olmamışdır. Bunu "xxxx" ASC-nin abunə haqqında məlumatı da təsdiq edir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 18.05.2020-ci il tarixli 1685N saylı aktın surətindən görünür ki, 18.05.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması aşkar edilmiş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli, 433 nömrəli ödəniş tağşırığının surətindən görünür ki, İddiaçı MMC (SNTV) "xxxx" MMC-nin hesabına 50 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan 144 nömrəli, 23.09.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında internet xidməti üçün aylıq abunə haqqı 18 AZN olmaqla son ödəmə 24.02.2020-ci il tarixində olmuşdur, TV xidmətindən isə bu ünvanda 15.10.2018-ci il tarixindən imtina edilmişdir. Məhkəmə kollegiyası tərəfindən 18.05.2020-ci il tarixdə 1685N saylı akt tərtib edilərkən aparılmış video çəkilişə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 106 sayı evin pilləkən meydançasında quraşdırılmış İddiaçınə məxsus kabel qutusundan 10 saylı mənzilə kabel xətti gedir. İddiaçının nümayəndəsi kabel qutusunda hər bir kabel xəttinin ayrılma yerində İddiaçı plombu olduğunu, lakin 10 saylı mənzilə gedən kabel xəttinin üzərində plomb olmadığını bildirdi. Qeyd edilən kabel xəttinin onun mənzilinə getdiyini cavabdeh də təsdiq etmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 106 sayı evin 10 sayı mənzili üzrə İddiaçınə məxsus kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində cəmiyyətə 196,35 manat ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli, 433 nömrəli ödəniş tağşırığının surətindən görünür ki, İddiaçı MMC (SNTV) tərəfindən "xxxx" MMC-nin hesabına hüquqi yardıma görə 50 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində 2020-ci ilin mart ayından etibarən ona məxsus mənzildə yaşayış olmadığını, 2020-ci ilin may, iyun, iyul aylarında elektrik enerjisindən istifadə olunmadığını, bunu "xxxx" ASC-nin abunə haqqında məlumatının təsdiq etdiyini göstərmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzildə hər hansı müddət ərzində yaşayışın olmaması şəbəkəyə qanunsuz qoşulmanı və buna görə məsuliyyəti istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 196,35 manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)- 6013/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-428/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-428/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver