Məhkəmə qərarları › İş №2(105)-428/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-428/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-428/2024 20.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3931/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə Sumqayıt şəhərinin bir neçə küçələrində abadlıq və təmir işlərinin aparılmasına dair açıq tender elan olunmuşdur.

2. İddiaçı Cavabdeh2 sifarişi əsasında tikinti materiallarını ona təhvil vermiş, Cavabdeh2 isə həmin materialların pulunu tam ödəməyərək, iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir.

3. Hazırda İddiaçı tikinti materiallarının məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Cavabdeh2 təhvil verdiyini iddia edərək, ödənilməmiş məbləğin hər iki cavabdehlərdən tutulmasını tələb edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 236.000 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərində Şəhidlər xiyabanı və istirahət parkının inşası zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinə ümumi dəyəri 276.000 manatlıq tikinti və dekorasiya materialları vermişdir. İddiaçı bu materialları “Çanakqala” kafel, metlax və keramika mağazasından, Balaxanıda yerləşən daş sexindən və “Sədərək” TM-dən alıb vermişdir. Materiallar bunlardır: 1. Kerma qranit 45x45, 400.00/xx.xx/6400.00; 2. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00; 3. Кеrmo qranit 45x45, 400.00-xx.xx/6400.00, 4. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00, cəmi 25600.00 man.; 1.Tamet 20x10 adi-578.00/8.50/4913.00; 2.Tamet 20x10 adi578.00/8.50/4913.00; 3.Setka aqlay-80.00/4.00/320.00; 4.Nəqliyyat tamet 4.00/200.00/800.00; 5. Nəqliyyat setka qazel-1.00/50.00/50.00; 6. Fəhlə tamet avtokar 1.00/50.00/50.00, cəmi 11046.00 man.; 1.Armatur 12 mm tonla (Baku Steel)- 2.20/12xx.xx/2750.00; 2.Armatur 14 mm tonla (Baku steel)-6.40/12xx.xx/8000.00; 3.Armatur 16 mm tonla (Baku steel)-3.20/12xx.xx/4000.00; 4. Armatur 18 mm tonla (Baku Steel)-2.60/12xx.xx/3250.00; 5. Katinka 8 tonla-2.40/13xx.xx/3120.00; 6. fəhlə- 1.00/20.00/20.00; 7. Nəqliyyat-1.00/160.00/160.00, cəmi 21300.00 man.; 1. Armatur 12 mm tonla-4.70/11xx.xx/5428.00; 2. Armatur 14 mm tonla -7.30/10xx.xx/7738.00; 3. Armatur 16 mm tonla-2.10/10xx.xx/2226.00; 4. Armatur 18 mm tonla- 2.40/10xx.xx/2544.00; 5. Katinka 8-14400.00/0.60/200.00; 6. Məftil yanmış 80.00/2.50/200.00; 7. Fəhlə-1.00/20.00/20.00; 8.Nəqliyyat-1.00/160.00/160.00, cəmi 26956.50 man.; 1. Mismar 70-25.00/2.40/60.00; 2. Mismar 100-25.00/2.40/60.00; 3. Dupel 100-15.00/5.00/75.00; 4. CilozTUT-1800.00/2.50/4500.00; 5-Ciloz açarı- 2.00/80.00/160.00; 6. Taxta 5x10-10.00/4xx.xx/4500.00; 7. Dikt 18mm- 147.00/xx.xx/7497.00, cəmi 16852.00 man.; 1.Armatur 18 mm tonla-2.00/11xx.xx/2200.00;

2. Armatur 16 mm tonla 1.50/11xx.xx/1650.00; 3. Armatur 14 mm tonla- 2.40/11xx.xx/2640.00; 4.Armatur 12 mm tonla-2.60/11xx.xx/2860.00; 5. Nəqliyyat- 1.00/300.00/300.00, cəmi 9650,00 man. və digər inşaat materialları cəmi 276.000 manat, bu borcdan 40.000 manat ödənilib, yerdə qalan 236.000 manat borclu qalıblar və ödəməkdən yayınırlar.

6. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti şöbəsinin rəisibaş memar vəzifəsində işləyən X1 Cavabdeh2 tərəfindən barəsində rüsvayedici məlumatların yayılacağı hədəsi faktına dair Sumqayıt şəhər prokurorluğundan Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmaqla 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh2 bir neçə şəxsdən borc pul və nisyə inşaat malları alaraq borcunu qaytarmaması xüsusatları mülki hüquqi xarakterli olduğundan, tərəflərə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması barədə izahat verilmişdir. Bundan başqa, araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürmüş, həmin vəsaitin 650000 manatını ödəmiş, 167000 manatı isə borc qismində qalmışdır.

7. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh2 Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri Şəhidlər xiyabanında görülmüş yenidən qurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aralarında yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır. Ona çatacaq vəsait tam ödənilmişdir, borc qalmamışdır, Şəhidlər xiyabanına dair iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3931/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 167.000 (bir yüz altmış yeddi min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürdüyünü, həmin vəsaitin 650000 manatının ödədəyini, 167000 manatının isə borc qismində qaldığını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, həmin pulu iddiaçıya geri qaytarmamışdır.

10. İddianın cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə və qalan 69.000 manat hissəsi ilə bağlı isə məhkəməyə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin ona 236.000 manat məbləğində borclu olduqlarını bildirsə də, borcun məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməli olmasını və həmin məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yalnız 167.000 manatla bağlı Cavabdeh2 etirafı olmasına dair sübut iş materiallarında öz əksini tapmışdır.

11. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin qaimələrin “təhvil aldım” hissələrindəki imzalar cavabdehlərə aid deyildir. Ona görə də həmin qaimələr iş üzrə sübut kimi qəbul edilə bilməz.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425.1, 442, 777.1, 777.2, 783.1, 783.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi ifadə məhkəmə portalına yerləşdirilməmişdir. Məlumatları olmadığına görə həmin ifadə ilə tanış olmaq imkanları olmamışdır. Həmçinin Cavabdeh2 ona borcların tam ödənilməsi barədə ərizəsi ilə əlaqədar da məhkəmədə məlumat vermişdir ki, həmin ərizə və ərizələr həqiqəti əks etdirmir. Hazırda da Cavabdeh2 ona olan borcun ödənilməsinin təmin edilməsi barədə müxtəlif dövlət orqanlarına şikayət ərizələri ünvanlayır. Bütün bunlar Cavabdeh2 ödənilməl olan borcun ödənilməməsinə dəlalət edir. Bundan başqa, məhkəmə mülki işi araşdırarkən Cavabdeh2 rəhbəri olduğu MMC-nin Sumqayıt şəhərində aparılan abadlıq işlərinə nə kimi aidiyyəti olmasına, tenderin keçirilib-keçirilməməsinə, tenderin qalibinin kim olubolmamasına və tenderin qalibinin hazırkı işlə nə əlaqəsi olmasına əhəmiyyət verməmiş, işin bu halları araşdırılmamışdır. Tender qalibinin deyil, Cavabdeh2 abadlıq işlərinə hansı səbəbdən cavabdeh olması müəyyən edilməmişdir. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında olan qarşılıqlı münasibəti tam araşdırmamış, onların arasında yaranmış münasibətlərə qiymət verməmişdir. Əslində bu münasibətlərdə Cavabdeh2 iddiaçı ilə digər cavabdehin arasında formalaşmış münasibətlərdə vasitəçi olmuş, aldığı tapşırıq və göstərişləri tənzimləmiş, təmir və abadlıq işlərinin görülməsi üçün lazımi tikinti materialları sifariş etmişdir. Tikinti materalları da Sumqayıt şəhərində aparılan təmir və abadlıq işlərinə sərf edilmişdir. Lakin sifarişçi təşkilat tender üçün ayrılan məbləği tenderin qalibi olmuş təşkilatın hesabına ödənilsə də təmir və abadlıq işlərinə sərf edilməmişdir. İşin faktiki hallarından məlum olur ki, görülən işlərin dəyəri iş üzrə digər cavabdehdədir. İşləri görən şəxslərə müvafiq ödənişlər ödənilmir. Yəni, burada əsas cavabdeh sifarişçi təşkilatdır. Bu məsələləri də sifarişçi təşkilat həll etməlidir. Lakin məhkəmə işin bu hallarına əhəmiyyət verməmiş həmin hallara müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir. Əksinə həmin cavabdehə münasibətdə əsassız olaraq iddia rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. Alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın.

23. Maddə 780. Vəkalət alanın şəxsi öhdəlikləri. Üçüncü şəxslər üçün məsuliyyət 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdən göründüyü kimi tərəflər arasında tikinti materiallarına dair alğı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 236.000 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi təhvil verilmiş malların dəyərinin iddiaçıya ödənilmədiyinə istinad edir. Cavabdeh2 isə alınan tikinti materallarının Sumqayıt şəhərində aparılan təmir və abadlıq işlərinə sərf edildiyini, lakin görülən işin dəyərinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilmədiyinə istind edir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. İşdən isə görünür ki, iddiaçı tikinti materiallarını Cavabdeh2 vermiş, lakin sonuncu materialların dəyərini ödəməmişdir.

35. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti şöbəsinin rəisi-baş memar vəzifəsində işləyən X1 Cavabdeh2 tərəfindən barəsində rüsvayedici məlumatların yayılacağı hədəsi faktına dair Sumqayıt şəhər prokurorluğundan Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmaqla 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh2 bir neçə şəxsdən borc pul və nisyə inşaat malları alaraq borcunu qaytarmaması xüsusatları mülki hüquqi xarakterli olduğundan, tərəflərə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması barədə izahat verilmişdir. Bundan başqa, araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürmüş, həmin vəsaitin 650000 manatını ödəmiş, 167000 manatı isə borc qismində qalmışdır.

36. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 təhvil aldığı malların dəyərini ödəmədiyindən iddiaçının mövcud tələbi əsasında cavabdehdən 167.000 manatın alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olmuşdur.

37. Apellyasiya şikayətinin iddia tələbinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsi barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında alğı-satqı əməliyyatları olmuş, iddiaçı ilə bilavasitə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında alğı-satqı əməliyyatlarının olması barədə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, görülən işlər üçün tələb olunan mal-materialların iddiaçıya sifarişi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən deyil, bilavasitə Cavabdeh2 tərəfindən verilmişdir.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

40. Məhkəmə iclasında tədqiqi olunmuş sübutlara, iş üzrə müəyyən olunmuş hallara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3931/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar