Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-429/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-3914/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 23 sentabr 09.2021-ci il tarixli, 2(060)-3914/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia qismən təmin edilib, əsas borc üzrə 11189 (on bir min yüz səksən doqquz) manat 57 (əlli yeddi) qəpik borc və 15 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə ödəniləsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-3914/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11189,57 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FİNCA Azerbaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********4005 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 26 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 608 manat olmaqla, borclunun bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Cavabdeh1 öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 14.01.2015-ci il tarixli kredit müqaviləsi 17.06.2016-cı il tarixli, **********12479 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 11649 manat müəyyən edilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 23 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-na, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin ifadəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “FİNCA Azerbaijan” MM QBKT və Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********4005 saylı kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 26 faiz olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə zamin olmuşlar. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 36 ay müddətinə hər ay 608 manat, sonuncu ay isə 564 manat ödəniş etməli idi. Həmin kredit müqaviləsinin restrukturizasiyasına dair Cavabdeh1 və iddiaçı arasında bağlanmış 17.06.2016-cı il tarixli sazişə əsasən cavabdehin kredit borcu 12 ay müddətinə ödənilmək şərti ilə 11649 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən həmin borc 17.06.2017-ci il tarixinə kimi hər ay 80 manat ödəniş edilməklə ödənilməli idi. 11.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1n kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 11189,57 manat təşkil edir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 9/4672 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 “FİNCA Azerbaijan” MM QBKT-na 11649 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Cavabdehin kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə mövcud borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyi ilə öz təsdiqini tapır. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi Cavabdeh1 aid hissədə təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh1 aid hissədə apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə ona aid hissədə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-3914/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-429/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-429/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver