Məhkəmə qərarları › İş №2(105)-43/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-43/2024

14.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-43/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(012)- 213/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vəkil) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 72693,61 manat məbləğində əsas, 13865,47 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 86559,08 manat, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 69200 manat müəyyən edilməklə açıq hərracdan satılməsı və satışdan əldə edilən pul borcun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutulması, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən istifadə hüququ itirilməklə o, əmlakları ilə birgə həmin evdən çıxarılması və həmin əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsi üçün sərf edilmiş 350 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq “X11 Mərkəzi” MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) köçürülməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativinə qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən bankın xeyrinə 16 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 72693,61 manat əsas, 8534,60 manat faiz, ümumilikdə 81228,21 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin əmlakları ilə birgə evdən çıxarılması, cavabdeh evdən çıxmadıqda məcburi qaydada çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən bankın xeyrinə 16 noyabr 2017ci il tarixli kredit müqaviləsi üzrə 72693,61 manat əsas borc, 10109,63 manat faiz borcu olmaqla, cəmi 82803,24 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin əmlakları ilə birgə evdən çıxarılması, cavabdeh evdən çıxmadıqda məcburi qaydada çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən bankın xeyrinə 16 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 72693,61 manat məbləğində əsas, 13865,47 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 86559,08 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, evin satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi tərəfindən ümumi qaydada icra edilməsi, tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin əmlakları ilə birgə evdən çıxarılması, cavabdeh evdən çıxmadıqda məcburi qaydada çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X8” ASCnin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli, 211-xx-xx-2017-EE-X3 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 226 ay müddətinə illik 10% dərəcəsi ilə 76164 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə 16 noyabr 2017-ci il tarixli, 211.xx.xx.2017-EE-X3 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilələrin şərtlərinə görə zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 saylı mənzil 24 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərində, habelə onun ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlində kredit borcunun faizləri ilə birlikdə hansı müddətdə və qaydada ödənilməsi göstərilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında mövcud olan öhdəliklər lazımınca icra edilmədiyindən, onun 20 aprel 2021-ci il tarixə iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubları ilə müraciət olunsa da, cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmadığından bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin tutma evə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin əmlakları ilə birgə evdən çıxarılması, cavabdeh evdən çıxmadıqda məcburi qaydada çıxarılması, evin boşaldılaraq banka təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin gəldiyi yekun nəticə ilə qəti razılaşmır. Cavabdeh1 iddia etməsinə görə, onun tərəfindən hər hansı bir əmlakın ipotekaya qoyulması barədə İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmamış, cavabdeh notariat ofisinə getməmiş və belə bir müqaviləyə imza etməmişdir, nikahda olduğu əri Aslanov Ramiz yuxarıda qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilin ipotekaya qoyulması barədə notariat orqanına razılıq ərizəsi verməmişdir. Ona görə də birinci instansiya məhkəməsi həmin məsələyə dair işin faktiki hallarını aydınlaşdırmadan qanunsuz şəkildə əmlakın açıq hərracdan satılması barədə qətnamə çıxarmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən iddiaçı bank Cavabdeh1 226 ay müddətinə illik 10% dərəcəsi ilə 76164 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 öhdəlik götürmüşdür ki, 226 ay müddətində hər ay 749,60 manat iddiaçının hesabına kredit vəsaiti ödəyəcəkdir. 2020-ci ilin martına qədər Cavabdeh1 müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənişlər etmişdir. 2020-ci ilin mart ayında respublikada başlanan “COVİD-19” Koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq olunan məhdudiyyətlərlə bağlı Cavabdeh1 kredit ödənişlərində problemlər yaranmışdır, cavabdeh kredit öhdəliklərini ondan asılı olmayan fors-major halında COVİD- 19 pandemiyası dövründə tətbiq olunan karantin rejimində icra edə bilməmişdir. Ümumilikdə, Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən, ödəmədən bir qədər kənarlaşaraq, 8.000 manat borcun ödənilməsində gecikməyə yolvermişdir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin 16.1-ci bəndində qeyd olunan forsmajor halında tərəflərin öhdəlikləri yerinə yetirməmələrinə görə məsuliyyət daşımamaları göstərilsə də, kredit öhdəliklərinin yerinə yetirilməsinin istisna kimi qeyd olunması qüvvədə olan mülki qanunvericiliyinin normalarına ziddir, qəbul olunmamalıdır. Cavabdeh1 2020-ci ilin mart ayından etibarən ölkədə yaranmış “COVİD-19” Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və gücləndirilmiş xüsusi karantin rejimində dəfələrlə İddiaçı ASC-yə telefon vasitəsilə, şəxsən banka gəlməklə məlumat vermişdir ki, pandemiya yarandığı səbəbdən kredit öhdəliklərini icra edə bilmir, kredit borclarının ödənişində obyektiv çətinliklər yaranmışdır. Cavabdeh1 kredit öhdəliklərini icra edə bilməmədiyi barədə iddiaçı bankı-kreditoru dərhal məlumatlandırmışdır. Belə olan halda Cavabdeh1 tərəfindən icra edilməyən kredit öhdəliklərinə görə mülki məsuliyyət daşımamalı, kreditin əsas borcunun ödənilməməsinə görə cərimə hesablanmamalı, kreditin bütöv məbləği vaxtından əvvəl ondan tələb edilməməlidir. Birinci instansiya məhkəməsi bu məsələləri aydınlaşdırmamışdır. Qüvvədə olan Mülki Məcəllədə ümumiyyətlə “fors major” anlayışından istifadə edilməmişdir. Buna baxmayaraq, eyni mahiyyətdə olan “qarşısıalınmaz qüvvə” anlayışından istifadə olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində istinad etdiyi sözü gedən ipoteka müqaviləsində olan imza Cavabdeh1 məxsus deyildir, onun tərəfindən icra edilməmişdir, əmlakın birgə mülkiyyətçisi olan X12 tərəfindən əmlakın ipotekaya qoyulmasına dair notariat qaydada razılıq ərizəsi verilməmişdir. Məhkəmə bu hissədə sübutları düzgün qiymətləndirməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi proseduru qüvvədə olan ipoteka qaunvericiliyinin tələblərinə uyğun həyata keçirilməmiş, cavabdeh-əmlak mülkiyyətçisi Cavabdeh1 ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona təqdim olunmamış, həmin bildirişin ümumiyyətlə mövcudluğundan xəbərsiz olmuş və bu səbəbdən həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmək hüququndan məhrum edilmişdir. Hazırki mübahisədə İddiaçı ASC Cavabdeh1 ipoteka qoyan qismində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi sifarişli poçt sənədi ilə təqdim etməmiş, elektron üsulla göndərməmişdir, buna baxmayaraq cavabdehi məlumatlandırmadan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi qeydiyyata aldırmışdır. “İpoteka haqqında” Qanunun 39.2-ci maddəsinin tələbləri pozulmuş, İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu hal “İpoteka haqqında” Qanunun (maddi hüquq normasının) tələblərinin pozulmasıdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 69200 manat müəyyən edilməsində əmlakın likvid dəyərindən qat-qat aşağı qiymətləndirilməsi məsələsinə münasibət bildirməmişdir, Cavabdeh1 etibarnaməli nümayəndəsi R.Aslanovun ipoteka predmetinin ilkin satış qiymətinə məhkəmədə etriaz etməsinə baxmayaraq, nümayəndənin adını iclas protokolundan çıxararaq, cavabdehin iştirakını qeyd etməməklə əmlaka qeyri-obyektiv və qərəzli qiymətləndirmə nəticəsində qoyulan 69200 manat ilkin satış qiyməti ilə hərrada satılmasını qət etmişdir. Halbuki, 2017-ci ildə Cavabdeh1 qeyd olunan ipoteka predmetini Cavabdeh3 MTK-dan 1 kv. metri 1140 manat hesablanmaqla, 79.6 kv. metr mənzili 90744 manata almağa razılaşmışlar. Deməli, 2017-ci ildə dəyəri 90744 manat olan 3 otaqlı mənzilin 2022-ci ildə dəyəri 69200 manat ola bilməz. Əksinə, daşınmaz əmlak bazarında evlərin qiyməti 2017-ci ilə nisbətən qat-qat bahalaşmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin iclaslarında Cavabdeh1 rəsmi nikahda olduğu əri X1 Rayon Məhkəməsinə notariat etibarnamə təqdim edərək Cavabdeh1 nümayəndəsi qismində bütün məhkəmə iclaslarında iştirak etmişdir, təmsil etdiyi nümayəndəsi Cavabdeh1 iddiaçı bankla hər hansı ipoteka müqaviləsi bağlamadığını, ipoteka predmetinin likvid dəyərinin işə məhkəmədə baxılan tarixə 90.000-100.000 manat arası olmasını, COVİD-19 pandemiyası ilə əlaqədar fors-major şəraitində kredit öhdəliklərinin lazımınca icra edilmədiyini, buna görə borclu Cavabdeh1 mülki hüquqi məsuliyyət daşımadığını, öhdəliklərin icrasının gecikdirilməsi kimi qəbul olunmalı olmadığını, iddiaçı bankla əlavə razılaşmayagələrək əlavə müqavilə bağlayaraq kredit müddətinin və yeni ödəniş cədvəlinin tərtib olunaraq yeni qaydada ödəniş edilməsini, İddiaçı ASC-nin iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi R.Aslanov məhkəmədə vəsatət verərək ipoteka müqaviləsində olan imzanın Cavabdeh1 məxsus olmadığını, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi saxtakarlığa əl ataraq, məhkəməyə etibarnamə təqdim edərək cavabdehin nümayəndəsi qismində iştirak etmiş və məhkəmə iclaslarında cavabdehin adından izahatlar vermiş, vəsatətlər irəli sürmüş, proses iştirakçısı hesab olunan cavabdehin nümayəndəsi X7 adını və etibarnaməsini mülki işin materiallarından çıxararaq, cavabdeh tərəf Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmədiyi kimi qətnaməsində qeyd etmişdir. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi imzalanmamış, cavabdeh notariat ofisinə getməmiş və belə bir müqaviləyə imza etməmişdir, nikahda olduğu əri Aslanov Ramiz yuxarıda qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18,152 nömrəli mənzilin ipotekaya qoyulması barədə notariat orqanına razılıq ərizəsi verməmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan həmin məsələyə dair işin faktiki hallarını aydınlaşdırmamışdır. Bundan başqa COVİD-19 pandemiyası dövründə cavabdeh-borclunun fors-major vəziyyətində müqavilə öhdəliklərinin icrasından azad olunması ilə bağlı işin faktiki hallarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 69200 manat göstərməklə, həmin nəticəni işin hallarına uyğun nəticə kimi qəbul etməkdə səhvə yol vermiş, qeyd olunan nəticənin işin hallarına uyğun gəlməməsi onunla müəyyən olunur ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə digər Cavabdeh3MTK arasında bağlanmış “Payçı” müqaviləsində ipoteka predmetinin qiymətinin 90744 manat olması görünür və həmin məbləğdə əmlakın qiymətinin nəticə etibarilə aşağı olması işin hallarına uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh1 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 16 noyabr 2017-ci il tarixli, 211-xx-xx-2017-EE-X3 nömrəli kredit müqaviləsi bağlanmış, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə 16 noyabr 2017-ci il tarixli, 211.xx.xx.2017-EE-X3 nömrəli zaminlik müqavilələri bağlamış, kredit müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də 24 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Şikayətin məzmunundan görünür ki, cavabdeh pulun verilmədiyini deyil, kredit müqaviləsi üzrə borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/8369 saylı ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 16 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə maliyyə arayışında borcun hesablandığı tarixə olan borcu - əsas borc üzrə 72693,76 manat, faiz borcu üzrə 10271,04 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehlərə bütün borcun 03 gün müddətində qaytarılması, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdehə xəbərdarlıq etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2021-ci il tarixdə borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməklə, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehlərdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz məbləği iddia tələbində və ekspert rəyində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu xx.xx.2021-ci il bildirişin verildiyi tarixə 7418,82 manat (365 x 20,27=7398,55; 1 x 20,27=20,27; 7398,55+20,27=7418,82) müəyyən edilməli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 7418,82 manat faiz borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Cavabdeh həmçinin apellyasiya şikayətində xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsində olan imzanın onun tərəfindən icra edilmədiyini, əmlakın birgə mülkiyyətçisi olan X12 tərəfindən əmlakın ipotekaya qoyulmasına dair notariat qaydada razılıq ərizəsi verilmədiyini əsas gətirərək, mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1714 nömrəli 19 yanvar 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən 17 noyabr 2017-ci il tarixdə Cavabdeh1 X5 verilmiş etibarnamədə “İmza” qrafasındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən 17 noyabr 2017-ci il tarixdə təsdiqlənmiş X7 adından olan ərizədə “X14 (tel: (077)465-98-98)” qrafasındakı imza – X14 tərəfindən icra olunmuşdur. Göründüyü kimi Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi hal ekspert rəyi ilə təkzib olunmuşdur. Cavabdehin ipoteka qoyan qismində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin ona təqdim edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş bildirişin çatdırılması barədə qaiməyə əsasən xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ipoteka predmetinin dəyərinin mübahisələndirilməsi ilə bağlı ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/1150, 9/1115 nömrəli 08 aprel 2024-cü il tarixli ekspert rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilin likvid dəyəri 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilin likvid dəyəri 95.000 manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, 16 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 7418 (yeddi min dörd yüz on səkkiz) manat 82 (səksən iki) qəpik faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilin likvid dəyəri 95.000 (doxsan beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar vəya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 110+100=210 (iki yüz on) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. 16 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 7418 (yeddi min dörd yüz on səkkiz) manat 82 (səksən iki) qəpik faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 18, 152 nömrəli mənzilin likvid dəyəri 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 210 (iki yüz on) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar