Məhkəmə qərarları › İş №2(105)-430/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-430/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-430/2023 15.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6225/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016CASA193460005 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23 % ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə X7 və Cavabdeh1 iddiaçı qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

3. xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasına əsasən kreditin son icra müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir.

4. Restrukturizasiya razılaşmasına dair cavabdehlər X7 və Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli yeni zaminlik müqaviləsi bağlanmışdır.

5. xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 28 ay müddətinə 8-ci aydan başlayaraq hər ay 306,02 manat ödəniş etməli idi. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 61,96 manat dövlət rüsumu ödəmişdir.

6. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2, X6 və Cavabdeh1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3019 manat əsas borcun, 1071,37 manat faiz borcunun, 105,14 manat məbləğində cərimənin və 61,96 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 016CASA193460005 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 23% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 ilə xx.xx.2019cu il tarixli 016FİZAM78553201 saylı və X7 ilə xx.xx.2019-cu il tarixli 016FİZAM78553101 saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Sonradan cavabdeh QuliyevTural Müslüm oğlunun ərizəsinə, eləcə də öhdəlik üzrə onun zaminləri Cavabdeh1 və X4 razılıqlarına əsasən xx.xx.2019-cu il tarixli 016CASA193460005 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli razılaşma bağlanmışdır. xx.xx.2020-ci il tarixli 016CASA201430002 saylı Restrukturizasiya razılaşmasına əsasən QuliyevTural Müslüm oğlu 24 ay müddətinə illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərtiilə 5390.73 manat məbləğində kredit borcunu (755.57 manat məbləğində faiz borcunu müddətin sonunda ödəmək şərtiilə) yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda buna dair Cavabdeh1 və X7 ilə xx.xx.2020-ci il tarixli yeni zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zaminləri Cavabdeh1 və X6 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 3019 manat məbləğində əsas kredit borcu, 1071.37 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 105.14 manat məbləğində cərimə olmaqla,cəmi 4195.51 manat məbləğində borcu qalmaqdadır.

9. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6225/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilmiş, əsas borc üzrə 3019 manat, faiz borcu üzrə 1071,37 manat, cərimə üzrə 105,14 manat olmaqla, cəmi 4195 (dörd min yüz doxsan beş) manat 51 (əlli bir) qəpik məbləğində pul və ödənilmiş 61 (altmış bir) manat 96 (doxsan altı) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 445.2.1, 470.1, 472.1, 462.1, 467, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. -işə iştirakı və xəbəri olmadan baxılmışdır. Bu barədə məhkəmə bildirişi almamış və xəbərdar edilməmişdir - pandemiya ilə bağlı kredit ödənişlərini normal yerinə yetirə bilməmiş, bu səbəbdən faizlərin silinməsini xahiş edir, şəhid ailəsi üzvüdür və xəstə bibiyə, ataya baxır. - xx.xx.1963-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan cavabdeh - X7 xx.xx.2020ci il tarixində pandemiya dövründə COVİD -19 virusundan dünyasını dəyişmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir

25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

37. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Cavabdehin apellyasiya şikayətinin bir dəlili ondan ibarət olmuşdur ki, işə iştirakı və xəbəri olmadan baxılmışdır. Bu barədə məhkəmə bildirişi almamış və xəbərdar edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin dəlillər nəzərə alınaraq işə məhkəmə baxış iclasında baxılmış, apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh borc məbləğinin faizlər hissəsini mübahisələndirdiyi üçün məhkəmə kollegiyasının xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/1779 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 016CASA193460005 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 07 sentyabr 2022-ci il tarixinə (iddia ərizəsi üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 4226.94 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3019.00 manat, faiz borcu üzrə 1207.94 manat.

42. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi borc məbləği ekspert rəyi ilə də təsdiqlənmişdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə müəyyən olunmuş faiz borcuna münasibətdə qeyd edir ki, iddia tələbində iddiaçı 1071,37 manat faiz borcunu mübahisələndirmişdir. Ekspert rəyindən isə müəyyən edilir ki, faiz borcunun məbləği tələbdən çoxdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, faiz borcunun məbləği tələbdən artıq ola bilməz.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə qeyd edir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6225/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh2 tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005, VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar