Məhkəmə qərarları › İş №2(105)-431/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-431/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-431/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-2003/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatana qədər aylıq 150 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin qalan hissədə saxlanılmaq şərtilə, qeyd olunan aliment məbləğinin xx.xx.2019-cu il təvəllüdlü X2 doğulduğu xx.xx.2019-cu il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim Habil Əhmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2003/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı şikayət verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 2003/2022 saylı xx.xx.2022 tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(012)-2003/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Sumqayıt Apllyasya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 25 may 2002-ci il tarxili 2(012)-2033/2022 saylı qətnaməsini xx.xx.2022-ci il tarixdə almış, qətnaməni aldıqdan bir müddət sonra xəstələnmiş və bununla bağlı xəstəxanaya müraciət etmişdir. 10 gün müddət ərzində müalicə almış və bu müddət ərzində heç bir şəkildə sənədlərlə bağlı işlər görə bilməmişdir. 21 iyun 2022-ci il tarixində müayinə olunmuş və daha sonra evdə ambulator müalicə almışdır. Bu ərəfədə heç bir sənədləşmə işi edə bilməmiş və nəticə etibari ilə apellyasiya şikayətini verilməsi ilə məşğul ola bilməmişdir. Səhhətimdə baş vermiş problemlərdən sonra apellyasiya şikayətini aldığı müddəti unutmuşdur. Belə ki, qəbzə imza edərək qətnaməni aldığı üçün qətnamənin alınması vaxtına dair heç bir sənəd olmamışdır. Bu baxımdan apellyasiya şikayəti verilməsi müddətinin 24 iyul 2022-ci ildə bitdiyini düşünmüş və nəticə etibari ilə üzürlü səbəbdən müddəti ötürmüşdür. Ancaq müddətin bərpa edilməsi ilə bağlı verilmiş ərizə araşdırılarkən məhkəmə bunu nəzərə almamış və ümumi şəkildə ərizənin geri qaytarılması ilə bağlı qərar qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2003/2022 saylı xx.xx.2022 tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(012)-2003/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Sumqayıt Apllyasya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi məhkəmənin 25 may 2022-ci il tarixli, 2(012)-2003/2022 saylı qətnaməsinin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada imza edilərək təhvil alınmasını, iddiaçının məhkəmə qətnaməsindən qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti vermək hüququ olduğu halda, həmin şikayəti verməməsini, prosessual müddətin bərpa edilməsi barədə ərizəsində isə müddətin üzrlü hesab edilməsinə əsas olan səbəbləri göstərməməsini, Abşeron rayon X3 hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olmasının üzrlü hesab edən səbəb ola bilməməsini müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, İddiaçı sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada imza etməklə almışdır. Belə olan halda qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin iddiaçının aldığı günun səhərisi, yəni xx.xx.2022-ci il tarixdən başlamış və həmin müddət xx.xx.2022-ci il tarixdə qurtarmışdır. Bununla da müəyyən edilir ki, iddiaçı qətnamədən xx.xx.2022-ci il tarixədək apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə məhkəməyə göndərməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirsə də, yəni qeyd edilən müddətlər ərzində klinikada müalicə almasını bildirsə də, buna dair hər hansı sübutu əlavə etməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Abşeron rayon X3 hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının xx.xx.2022-ci il tarixdə həkim müayinəsində olması göstərilmişdir ki, bu da qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilməsi kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-2003/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(012)-2003/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar