Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-433/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (qarşılqılı iddia ərizəsinin geri qaytarılması) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə görə ödənilmiş pulun, təmir xərcinin qaytarılması və pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli, qərardadından cavabdeh "xxxx" MTK tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə görə ödənilmiş pulun, təmir xərcinin qaytarılması və pul” barədə ərizə ilə müraciət edərək, 114000 manat pulun və məhkəmə xərclərinə görə ödənilmiş 404 manat dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh MTK-nın nümayəndəsi Vəkil İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı 1500 manat pulun alınaraq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
4. Qərardaddan narazı qalan Cavabdeh MTK şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-814/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, prosessual qanunvericiliyə əsasən cavabdeh tərəfindən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin məhkəmə baxışı başlanana kimi, o cümlədən işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilə bilər. Həmçinin məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və işi qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia işin məhkəmədə baxılmasına başlanana kimi verilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə hazırlıq iclasları xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə, ilkin məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixdə keçirilmiş, hazırlıq iclaslarında Cavabdeh MTK-nın nümayəndəsi Vəkil iştirak etməmiş, yalnız xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış iclasında iştirak etmiş, bu müddətlər ərzində qarşılıqlı iddia vermək hüququ və imkanı olduğu halda bu hüquqdan istifadə etməmiş, növbəti məhkəmə baxış iclasında qarşılıqlı iddia versə də, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir Cavabdeh MTK qarşılıqlı iddia ərizəsini, üçüncü baxış iclasından sonra, yəni xx.xx.2023-cü il tarixdə, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmədiyi halda vermişdir. Ona görə də məhkəmə hesab edib ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilə görə ödənilmiş pulun, təmir xərcinin qaytarılması və pul” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh MTK-nın İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.2, 152.4, 154.1, 155.1, 155.2, 155.3,-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru 2023-ci ilin iyul ayında Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə borclunu – qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh C.İsgəndərovanı mənzildən çıxarmaq üçün hərəkətlər etmiş, avqust ayının əvvəlində borcluları ev əşyalarsız mənzildən çıxarmış və mənzili tələbkara, yəni Cavabdeh MTK-ya təhvil vermişdir. Lakin 2 aydan da çox müddətdə C.İsgəndərova özünə və ailə üzvlərinə məxsus ev əşyalarını könüllü qaydada mənzildən çıxarmamışdır. 18 oktyabr 2023-cü ildə icra məmurunun, sahə polis zabitinin və hal şahidlərinin iştirakı ilə mənzildə olan ev əşyalarının çıxarılması tələbkar kimi Cavabdeh MTK-nın hesabına, yəni “166” yükdaşıma xidmətinə 1500 manat (evə əşyalarının sökülməsi, qablaşdırılması və yük avtomobilinə daşınması) ödəniş etməklə baş tutmuşdur. Həmin günün sonunda qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh C.İsgəndərova mənzilə gəlmiş, ev əşyalarının anbara yox, onun istəyi ilə başqa yerdəki mənzilinə daşınmasını tələb etmiş və buna nail olmuşdur. Bu zaman ona təklif olunmuşdur ki, ev əşyalarının sökülməsi, qablaşdırılması və yük avtomobilinə daşınması üçün lazım olan 1500 manatı da özü ödəsin, lakin o bundan imtina etmişdir. Buna görə də MTK-ya aid olmasa da, borclunun əvəzindən məcbur olub yükdaşıma şirkətinə 1500 manatı nağd qaydada MTK ödəmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə həmin məbləği C.İsgəndərovadan məhkəmə qaydasında tələb edirlər. C.İsgəndərovaya qarşı qarşılıqlı iddia ərizəsinin məhkəmə baxışı zamanı verilməsinə səbəb isə ona görə olmuşdur ki, qarşılıqlı iddia tələbinin verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmişdir. İşə baxan məhkəmə bu halı nəzərə almamış və nəticədə əsassız qərardad qəbul etmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 155.1-ci maddəsinin 2-ci cümləsinin tələbinə görə qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-nin “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır.
16. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında mübahisə Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş 2-ci yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 24 saylı mənzil barədədir. Belə ki, hazırkı iş üzrə əvvəllər tərəflər arasında qeyd olunan mənzilə dair müqavilənin ləğvi edilməsi və mənzilin MTK-ya qaytarılması tələbinə dair məhkəmə mübahisəsi mövcud olmuş və qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-ilə X5 arasında bağlanmış 21 fevral 2019cu il tarixli müqavilə ləğv edilmiş, X2 Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş 2-ci yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 24 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə Cavabdeh MMC-yə qaytarılması qət olunmuşdur.
17. Həmin qətnamə icraya yönəlmiş və cavabdeh mənzildən çıxarılmış, lakin əşyalar cavabdeh tərəfindən könüllü götürülmədiyindən 18 oktyabr 2023-cü ildə icra məmurunun, sahə polis əməkdaşının və hal şahidlərinin iştirakı ilə mənzildə olan ev əşyalarının çıxarılması tələbkar kimi Cavabdeh MTK-nın hesabına, yəni “166” yükdaşıma xidmətinə 1500 manat (evə əşyalarının sökülməsi, qablaşdırılması və yük avtomobilinə daşınması) ödəniş etməklə baş tutmuşdur.
18. Hazırkı mülki iş üzrə iddiaçı Cəmilə İsgəndərovanın tələbi isə məhz mübahisəli mənzilə dair təmir xərclərinin cavabdeh MTK-dan alınmasından ibarətdir.
19. Qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi ərizənin işin məhkəmə baxışına hazırlanması mərhələsində deyil, məhz məhkəmə baxışında verilməsi, habelə bunun üçün yaranma əsaslarının mövcud olmadığını göstərmişdir.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.
21. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin normalarından göründüyü kimi cavabdeh tərəfindən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin məhkəmə baxışı başlanana kimi, o cümlədən də işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilə bilər. Həmçinin məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və işi qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia işin məhkəmədə baxılmasına başlanana kimi verilməlidir
22. Lakin araşdırılan işdən görünür ki, bütün bunların əksinə olaraq Cavabdeh MTK qarşılıqlı iddia ərizəsini, üçüncü baxış iclasından sonra, yəni xx.xx.2023-cü il tarixdə, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmədiyi halda vermişdir.
23. Məhkəmə bu qənaətə gələrkən onu nəzərə alır ki, tərəflər arasında mübahisəli mənzilin qaytarılması ilə bağlı uzun müddətdir ki, məhkəmə mübahisəsi mövcuddur. Hazırkı iddia tələbi üzrə məhkəmə icraatı zamanı mövcud prosessual tələblər çərçivəsində iddiaçıya məxsus əşyaların götürülməsi kimi qarşılıqlı tələb irəli sürülə bilərdi. Beləliklə MTK tərəfindən irəli sürülmüş hazırkı qarşılıqlı iddia tələbinin (yükdaşıma xidməti haqqı) verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Konkret halda məhkəmənin üçüncü baxış iclasından sonra qarşılıqlı iddia ərizəsini icraata qəbul etməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır, əksinə ziddiyyət təşkil edir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin yuxarıda sadalanan hallarla bağlı geri qaytarması barədə mövqeyi əsaslıdır.
25. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:
Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-814/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.