Məhkəmə qərarları › İş №2(105)-436/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-436/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-436/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Razim oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(028)-246/2020 saylı qətnaməsindən Cavabdeh Razim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın qismən təmin edilməsi, Cavabdeh Razim oğlundan "xxxx" ASC-nin xeyrinə 10.04.2015-ci il tarixli, 10.04.2015-SM 12 saylı kredit müqaviləsi üzrə 4765,50 manat əsas borc, müqavilə müddəti ərzində ödənilməmiş 3071,41 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 7936,91 manat, 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə 8931 manat əsas borc, müqavilə müddəti ərzində ödənilməmiş 2224,34 manat faiz borcu, cəmi 11155,34 manat və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 qəpik bank xidməti haqqının tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh Razim oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh Razim oğlundan "xxxx" ASC-nin xeyrinə 10.04.2015-ci il tarixli, 10.04.2015-SM 12 saylı kredit müqaviləsi üzrə 4765,50 manat əsas borc üzrə, müqavilə müddəti ərzində ödənilməmiş 5022,23 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 16,55 manat, cərimə borcu üzrə 1550,59 manat, cəmi 11354,87 manat, 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə 8931 manat əsas borc üzrə, müqavilə müddəti ərzində ödənilməmiş 2474,76 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 924,11 manat, cəmi 12329 (on iki min üç yüz iyirmi doqquz) manat 87 (səksən yeddi) qəpik və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı İddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Razim oğlundan "xxxx" ASC-nin xeyrinə 10.04.2015-ci il tarixli, 10.04.2015-SM12 saylı kredit müqaviləsi üzrə 4765,50 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 3071,41 manat faiz borcu, 1550,59 manat cərimə borcu, cəmi 9387,50 manat, 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə 8931 manat əsas borc üzrə, müqavilə müddəti ərzində ödənilməmiş 2224,34 manat faiz borcu, cəmi 11155,34 (on bir min yüz əlli beş,34) manat və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.04.2015-ci il tarixli, 10.04.2015-SM12 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh Razim oğluna illik 23 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 5000 (beş min ) manat məbləğində, 10.04.2015-ci il tarixli, 7690 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh Razim oğluna illik 10 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehin banka 10.04.2015-ci il tarixli, 10.04.2015-SM 12 saylı kredit müqaviləsi üzrə 05/05/2020-ci il tarixinə 4765,50 manat əsas borc üzrə, müqavilə müddəti ərzində ödənilməmiş 5022,23 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 16,55 manat, cərimə borcu üzrə 1550,59 manat, cəmi 11354,87 manat, 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə 8931 manat əsas borc üzrə, müqavilə müddəti ərzində ödənilməmiş 2474,76 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 924,11 manat, cəmi 12329 (on iki min üç yüz iyirmi doqquz) manat 87 (səksən yeddi) qəpik borcu var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əsgərov X3 Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh Razim oğlu bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması barədədir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə, o cümlədən, Cavabdeh bildiriş göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi kredit borcunun qaytarılması barədədir. İşin mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, iddiaçı bank ilə borclu Cavabdeh arasında 10.04.2015-ci il tarixdə 10.04.2015-SM12 saylı və 7690 saylı iki kredit müqaviləsi bağlanmış, birinci kredit müqaviləsi üzrə 60 ay müddətinə aylıq faiz dərəcəsi 23 % olmaqla 5000 manat, digər kredit müqaviləsi üzrə isə 36 ay müddətinə aylıq faiz dərəcəsi 10 % olmaqla, 10000 manat kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli 9/6034 saylı ekspertiza rəyi ilə 10.04.2015-ci il tarixli 10.04.2015-SM 12 saylı kredit müqaviləsi üzrə (maliyyə arayışına əsasən) əsas borc üzrə 4780,72 manat, faiz borcu üzrə 5023,00 manat (23%), 102,25 manat (5%), 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə (maliyyə arayışına əsasən) əsas borc üzrə 9001,79 manat, faiz borcu üzrə 2425,48 manat (10%), 1092,72 manat (5%), 10.04.2015-ci il tarixli 10.04.2015-SM 12 saylı kredit müqaviləsi üzrə (hesabdan çıxarışa əsasən) əsas borc üzrə 5000,00 manat, faiz borcu üzrə 5607,49 manat (23%), 106,94 manat (5%), 10.04.2015-ci il tarixli, 7690 saylı kredit müqaviləsi üzrə (hesabdan çıxarışa əsasən) əsas borc üzrə 10000,00 manat, faiz borcu üzrə 3000,00 manat (10%), 1213,89 manat (5%) məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin vəsatəti əsasında yaranmış mübahisənin tam, hərtərəfli araşdırmaq məqsədilə banka sorğu verilmiş və iddiaçı bankın 25.06.2021-ci il tarixli məktubuna əsasən cavabdehlə bağlanmış 10.04.2015-ci il tarixli iki kredit müqavilələri üzrə həmin kreditlər məxaric edilmədən birbaşa Cavabdeh hesabından müxtəlif tarixlərdə 15 kredit əqdi üzrə silinmələr aparılmış, bunlardan 2 kredit əqdi üzrə silinmə Cavabdeh özünə aid kreditlər (istehlak və ipoteka kreditləri) olmuş, 1 kredit əqdi üzrə silinmə onun xalası oğlu olan Babək Əsgərova aid olmuş, qalan 12 kredit əqdi üzrə silinmələr məktubda adları sadalanan 13 nəfər müxtəlif şəxslərin, o cümlədən Cavabdeh kredit borclarına yönəldilmişdir. İddiaçı bankın Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 06.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş kreditlərdən, özünə aid olan istehlak krediti üzrə 10.04.2015-ci il tarixində 19 (on doqquz) manat 28 (iyirmi səkkiz) qəpik və özünə aid olan ipoteka krediti üzrə 10.04.2015-ci il tarixində 500 (beş yüz) manat, 04.05.2015-ci il tarixdə isə 1047 (min qırx yeddi) manat məbləğində silinmələr aparılmışdır. Cavabdeh özünə aid olan 12.08.213-cü il tarixli 5464 saylı istehlak və 19.03.2014-cü il tarixli 6322 saylı ipoteka müqavilələrinin toplusu, həmçinin silinmiş kreditlər üzrə hesabdan çıxarışlar əlavə olunmuşdur. Məhkəmə kollegiyası həmçinin işin hallarına Mülki Məcəllənin 385.1., 386.1., 442, 445, 448.1, 739.1., 739.2., maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Göründüyü kimi hazırkı tələb üzrə hər iki kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsini sübutetmə yükü iddiaçının üzərində olduğundan, məhz tələb olunan pulun cavabdehə verildiyini də iddiaçı sübut etməlidir. Tərəflər arasında rəsmiləşdirilmiş 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditlər iddiaçı tərəfindən məxaric edilmədən birbaşa cavabdeh R.Əsgərovun hesabından 2 kredit əqdi üzrə silinmə aparılmışdır. Bunlardan 10.04.2015-ci il tarixli 10.04.2015-SM12 saylı kredit müqaviləsi üzrə 12.08.2013-cü il tarixli 5464 saylı istehlak krediti üzrə, 7690 saylı kredit müqaviləsi üzrə isə 19.03.2014-cü il tarixli 6322 saylı ipoteka müqaviləsinə görə silinmələr aparılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10.04.2015-SM12 saylı kredit müqaviləsi üzrə 19 (on doqquz) manat 28 (iyirmi səkkiz) qəpik, 7690 saylı kredit müqaviləsi üzrə 1547 (min beş yüz qırx yeddi) manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Razim oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Razim oğlundan 10.04.2015-SM12 saylı kredit müqaviləsi üzrə 19 (on doqquz) manat 28 (iyirmi səkkiz) qəpik, 7690 saylı kredit müqaviləsi üzrə 1547 (min beş yüz qırx yeddi) manat məbləğində borc tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Razim oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar