Məhkəmə qərarları › İş №2(105)-439/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-439/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-439/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Vahid oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3610/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6045 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3610/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş,Cavabdeh 6045 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Azər İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Vahid oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, təmsil etdiyi şəxs ilə iddiaçıtəşkilat arasında alqı-satqı müaviləsi əsasında ümumi dəyəri 12000 manat olan mal alınmışdır. Hər ay hissə-hissə ödəniş etməli idi. Lakin ölkə ərazisində yaranmış pandemiya səbəbindən ödənişləri edə bilməmişdir. Hazırda cavabdeh borcu ödənişqrafikinə uyğun ödəmək istəyir. Cavabdeh özü də fiziki şəxs kimi vergi orqanlarından qeydiyyatdan keçib, adına VOEN mövcuddur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məlumatlalandırılsa da, sonuncu məhkəmə iclasında iştirak etmir. İddiaçı apelyasiya şikayətinə etiraz ərizəsi verərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədənsaxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə İddiaçı hüquqi şəxs, Cavabdeh isə fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. İddiaçı adına ********** saylı, Cavabdeh adına ********** saylı VÖEN verilmişdir. .İş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul məşğul olurlar və adlarına müvafiq VÖEN-lər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırki halda iş materiallarından görünür ki, tərəflərdən iddiaçı təşkilat hüquqi şəxs, Cavabdeh fiziki şəxsdir. Tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı alqı-satqı müaviləsi balanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3610/2020 saylı qətnaməsi ləğv edilməli, iş aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3610/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar