Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-44/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6814/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsi üzrə 18217.22 ABŞ dolları əsas, 11856 ABŞ dolları faiz, 8,01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 30081.23 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı, borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahəsindən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahəsindən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinin ilkin satış qiymətinin 50.000 (əlli min) məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsi üzrə banka 18217.22 ABŞ dolları əsas, 11856 ABŞ dolları faiz, 2588.01 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 32661.23 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 13-cu mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "Nikoyl” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 qızma məxsus olan Sumqayıt şəhəri, 13cu mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinə olan yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, 13-cu mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “9 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 25400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzili 2014cü il 17 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayaraq borcludan tələb edir. 2018-ci il iyunun 12-dək Cavabdeh1 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsi üzrə banka 18217.22 ABŞ dolları əsas, 11856 ABŞ dolları faiz, 2588.01 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 32661.23 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozulması, düzgün tətbiq edilməməsinə görə qətnamə əsassızdır və qanunsuzdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh3 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15686 saylı 13 noyabr 2019-cu il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 17.12.2014-cü il tarixli 21-G-1-0660-14 saylı kredit müqaviləsi üzrə 17.12.2017-ci il tarixə əsas borc 19514,91 ABŞ dolları, faiz borcu 8742,05 ABŞ dolları təşkil edir. Qeyd edilməlidir ki, faiz məbləğinə dair iddiaçının istinad etdiyi maliyyə arayışı iddiaçı təşkilatın əməkdaşları tərəfindən hazırlandığından, iddiaçının subyektiv mülahizəsinə və maraqlarına əsaslanır. Bu isə faiz məbləği barədə tələb edilən tarixə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 17.12.2014-cü il tarixli 21-G-1- 0660-14 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 8742,05 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu Cavabdeh1 hüquqi varisləri kimi tanınmış cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər (Konstitusiya Məhkəməsinin Plenumunun 20.05.2011-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qətnamənin faiz borcunun tutulması hissəsində mübahisələndirilməsinə baxmayaraq, ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilmədiyindən, qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 1758/21/NB № 15 sentyabr 2021-ci il tarixli ekspertiza rəyi ilə ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış və 18,58 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, 54 nömrəli mənzilin likvid dəyəri isə 52000 (əlli iki min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin likvid dəyəri 52.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi faiz məbləğinin və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, 17.12.2014-cü il tarixli 21-G-1-0660-14 saylı kredit müqaviləsi üzrə 8742,05 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) faiz borcu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin likvid dəyəri 52.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi qismən faiz və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 17.12.2014-cü il tarixli 21-G-1-0660-14 saylı kredit müqaviləsi üzrə 8742 (səkkiz min yeddi yüz qırx iki) ABŞ dolları 05 (beş) sent məbləğində faiz borcu (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 hüquqi varisləri Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 51.51 kv.m ümumi, 32.93 kv.m yaşayış sahədən ibarət 47 nömrəli evin 54 nömrəli mənzilin likvid dəyəri 52000 (əlli iki min) manat məbləğində müəyyən edilsin. Cavabdeh3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-44/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-44/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver