Məhkəmə qərarları › İş №2(105)-440/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-440/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-440/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş borca görə faizin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2215/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2215/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il, 2(060)-2215/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx xxxxxx 2008-ci il tarixli, SM 2062 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 612,96 ABŞ dolları faiz borcu məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını bununla əsaslandırmışdır ki, bankın “Sumqayıt” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, SM 2062 saylı kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 42% faiz olmaqla, 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir; əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ASC tərəfindən cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə 2011-ci ildə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 2(060)-4072/2011 saylı qətnaməsinə əsasən, cavabdeh X1 xx xxxxxx 2008-ci il tarixli, SM 2062 saylı kredit müqaviləsi üzrə 173 ABŞ dolları əsas kredit borcu, 190 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 413 ABŞ dolları məbləğində pulun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmiş, qətnamə xx xxxxxxx 2011-ci il tarixində çıxdığından, orada yalnız həmin tarixə qədər hesablanmış əsas və faiz borcları göstərilmişdir. Lakin cavabdeh qətnamə göstərilən məbləği hissə-hissə icra edərək xx xxxxxx 2012-cı il tarixində borcu tam ödəmişdir. Qətnamə çıxan tarixdən, (xx xxxxxxx 2011-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (xx xxxxxx 2012-cı ilədək) əsas məbləğə faiz hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən borclu X2 xx xxxxxx 2008-ci il tarixli, SM 2062 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə faiz borcu 612,96 ABŞ dolları təşkil edir. Bundan əlavə, sübut etməyə ehtiyac yoxdur ki, bankın pul vəsaitləri qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları tam araşdırılmamışdır. Məhkəmə bankın iddiasını rədd edərkən AR Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin müddəalarının şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Qərarının, kredit müqaviləsinin 4.2-ci bəndinin, habelə Mülki Məcəllənin 445.7, 21.2 və 449.3-cü maddələrinin tələblərini pozmuş, bununla da həmin qətnamənin ləğv edilməsi üçün əsaslar yaranmışdır. Göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X4 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, kredit müqaviləsi üzrə bütün borclarını çoxdan ödəmişdir və hazırda onun iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Bankın hazırkı iddiası absurddur və təmin edilməməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, RBSF/S.A-300 saylı baş kredit müqaviləsinə əsasən ona illik 42% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx.xx.2008-ci il tarixli, sm-2062 saylı müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə İddiaçı ASC-yə faiz borcuna görə 612 (altı yüz on iki) ABŞ dolları 96 (doxsan altı) sent məbləğində borcu vardır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2008-ci il tarixli, RBSF/S.A-300 saylı baş kredit müqaviləsi üzrə 173 (bir yüz yetmiş üç) ABŞ dolları əsas borc, 190 (yüz doxsan) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları dəbbə pulu, cəmi 413 (dörd yüz on üç) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat pulun X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət etmişdir. İşdə olan X2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı ASC-yə olan borcunu 2012-ci ildə tam ödəmişdir. Bu səbəbdən də iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2215/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2008ci il tarixdə RBSF/S.A-300 saylı baş kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə illik 42% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vəsaitləri qrafikə əsasən vaxtında yerinə yetirmədiyinə görə M.H.Həsənəlizadəyə qarşı bank tərəfindən iddia qaldırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2008-ci il tarixli, RBSF/S.A-300 saylı baş kredit müqaviləsi üzrə 173 ABŞ dolları əsas borc, 190 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları dəbbə pulu, cəmi 413 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət etmişdir. Hazırda İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx xxxxxx 2008-ci il tarixli, SM 2062 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə (qətnamə çıxan tarixdən, xx xxxxxxx 2011-ci ildən qətnamə üzrə borc icra olunan tarixə qədər, yəni xx xxxxxx 2012-cı ilədək olan müddət üçün) hesablanmış 612,96 ABŞ dolları faiz borcu məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində vəsaitin onun xeyrinə tutulmasını xahiş etmişdir. Bunun üçün bank AR Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin müddəalarının şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli Qərarına, kredit müqaviləsinin 4.2-ci bəndinə, habelə Mülki Məcəllənin 445.7, 21.2 və 449.3-cü maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə borcunu cavabdeh vaxtında ödəyə bilməmiş, buna görə də iddiaçı bank ona qarşı tələblə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, həmin borc isə cavabdeh tərəfindən təqribən 14 ay ərzində ödənilmişdir. Bu məbləğdən cavabdehin faydalanmağı, bu vəsaiti qanunsuz saxlaması, maddi gəlrlərə malik olaraq borcu bilərəkdən ödəməməsi barədə mötəbər sübutları iddiaçı bank məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə, cavabdehdən bankın qeyd edilən müddət üçün tələb etdiyi faiz borcunun tutulması mümkün deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı qaldırmaq üçün iddiaçı bank iddia müddətini də keçirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Yenə həmin Məcəllənin 373.4 və 373.5-ci maddələrinin tələblərinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, bankın istinad etdiyi kimi kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə baxmayaraq bank qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı 3 illik iddia müddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC apellyasiya şikayətinin əsaslarına dair iddiasını sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-2215/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar