Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-441/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 2250/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. xx.xx.2024-cü il tarixli əlyazma ilə yazılmış qəbzdən də müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı 20000 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmağına söz vermiş və bunu imzası ilə təsdiq etmişdir. Borcdan cəmi 900 manat qaytarılmışdır.
2. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid Aydəmirov Xantəmir Soltanhəmid oğlu ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. İmran onun uşaqlıq dostudur. İddiaçı isə kəndindən qız alıb ona görə tanıyır. Bir gün kənddəki kafedə o, İmran və Cəfər dayı çay içən zaman Cəfər dayı bir kağız uzataraq qol çəkməklərini xahiş etdi. İmran isə oxuyub bildirdi ki aralarında olan 6000 manat borc olub. Cəfər dayı isə ona dedi ki 18000 manata qol çəksinlər ki, onu evdə göstərsin. Çünki İmrandan pulu alıb yeyib və bunu evdə açıqlaya bilmir. O, da qəbzə qol çəkmişdir. İmran da orada idi və razılıq verdi. Daha sonra bir gündə Cəfər dayı dedi ki 20000 manata qol çəksin, o, isə razılaşmamışdır. Bildirmişdir ki, əvvəl qol çəkdiyi kağızı qaytarsın. O ilk dəfədir ki, İmran üçün şahidlik edir. O, pulla şahidlik etməmişdir.
3. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Cavabdehı tanıyır. Onunla yaxınlığı var. O, Bakı şəhərində yaşayır. Cəfər İmran ilə birlikdə onlara gəlmişdi və onun vasitəsilə tanışlığı yaranmışdı. Bir gün gecə saat 5 idi, Cəfər onlara gəldi. Dediki uşaqları onu incidir. Ona görədə evdən çıxıb onlara gəlib. Səbəb olaraq isə bildirdi ki, o, İmran üçün bankdan 6000 manat pul götürüb. Həmin puldan 100 manat İmran ona cibxərcliyi verib. Qalan 5900 manatı isə İmran götürüb. Hətta o onun telefonu ilə Bakıda yaşayan oğluna zəng etdi. Telefonunu uşaqların sındırdığını bildirdi. Lakin telefonu söndürmüşdü, o, bunu sonradan bilib. Bundan əlavə də qeyd etmək istəyir ki, həmin puldan 400 manatı İmran Gödəkli kəndində onun yanında Cəfərə qaytarıb. Cəfər onun evində 2-3 dəfə olmuşdu ona görə münasibətləri var idi. O, istəmir ki, İmran nahaq yerə pul ödəsin. Eşitdiyinə görə ondan 18- 20 min manat məbləğində pul tələb edirlər. Qeyd edilən qəbzlərdən onun xəbəri yoxdur. Onun eşitdiyinə görə Cəfərin kafeyə və mağazaya olan borclarını da İmran ödəyib. Onun yanında da 400 manat pul verib. Cəfər bankdan 6000 manat pul götürüb İmrana verib. İmran da həmin pulun 100 manatını ona cib xərcliyi kimi verib. Həmçinin 5900 manat pulun 400 manatını da onun yanında qaytarıb. İmran ona əlavə ödənişlər də edib.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X4 məhkəmədə iddia qaldıraraq, Cavabdeh 19100 manat məbləğində pulun, ödənilmiş 150 manat dövlət rüsumunun, 300 manat vəkilə ödənilmiş xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 20000 manat pulu almış, həmin puldan cəmi 900 manatını geri qaytarmış, 19100 manat məbləği isə geri qaytarmamışdır. Cavabdeh 30 iyun 2024-cü il tarixə qədər ona olan borcunu geri qaytarmağı söz versə də, vədinə əməl etməmişdir. Bu faktı cavabdehin öz əlyazması ilə yazdığı sadə yazılı əqd təsdiq etməkdədir. Bundan başqa tərəfindən iddia ərizəsinin hazırlanması, məhkəmədə təmsilçilik üçün vəkillə müqavilə bağlanmış, ona görə 300 manat xidmət haqqı tərəfindən ödənilmişdir. Həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin hesabına 150 manat ödəniş olunmuşdur. Hesab edir ki, ona ödənilməli cavabdehin borcundan başqa, ödənilmiş dövlət rüsumu və vəkilə ödədiyi xidmət cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 2250/2024 nömrəli qətnaməsi ilə (hakim V.Qasımova) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan qaytarmaq şərtilə 20000 manat borc almış, iddiaçının bildirdiyinə və qəbzdə əksini tapmış qeydlərə görə iddia qaldırılan tarixədək müxtəlif vaxtlarda bu borcdan 900 manat qaytarsa da, hazırda onun 19100 manat borcu qalmışdır. Cavabdeh borcunu qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu tam icra etməmişdir. İddianın əsaslı olması iş materialları ilə tamamilə təsdiq edilir. Tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab ediB ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə verilmiş borcdan, yəni 20000 manat puldan 900 manat qaytarılmış məbləğ çıxılmaqla qalan 19100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Borcun qaytarİLması, qəbzin formal olaraq yazılması və iddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdeh tərəfin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdeh bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianı təmin etmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 337.5, 385.1, 390.1, 739.2 -ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının istinad etdiyi əlyazma qəbzindən başqa heç bir sübutu yoxdur. Həmin qəbz isə onu aldatmaqla imzalnmışdır. Həmin qəbz tamam ayrı məqsəd və niyyətlə yazılmışdı. Bu qəbzin imzalanma anı və səbəbi digər şəxslərin yanında olmuşdur. Həmin qəbzin imzalanma səbəbi və əsası şahid tərəfindən təsdiqini tapmış, bundan başqa digər şahidlərin məhkəmə tərəfindən dindirilməməsi, hadisənin təfərrüatlarını tam şəkildə üzə çıxarmamışdır. Halbuki iddiaçı öz iddiasının əsasını başqa sübutla təsdiqləyə bilmirsə, cavabdehə həmin sübutun saxta olmasını isbat edən dəlillərinin təqdim edilməsinə şərait yaradılmalı idi. Qəbzin uydurma olması ilə bağlı şahid ifadəsi qətnamədə əks olunsa da hakim ifadənin məğzini anlamamış və ya buna əhəmiyyət verməmişdir. Bundan başqa onun izahatı düzgün qeyd edilməmişdir. Belə ki, iddiaçı ilə aralarında borc məbləği 6000 manat olub. Bu məbləği iddiaçı bankdan kredit götürməklə ona vermişdi. Həmin məbləğin də əhəmiyyətli hissəsi iddiaçıya qaytarılıb. Həmin o məbləğin hazırda iddiaçının təqdim etdiyi 20000 manatlıq qəbzin yazılması ilə əlaqəsi və bağlılığı olmayıb. Sadəcə iddiaçının aldatma yolu ilə qəbzi yazdırması halı bütün dəqiqliyi ilə aydınlaşdırılmalı və düzgün hüquqi qiymət verilməli idi. İddiaçının səs yazıları telefon da var. Həmin səslərə məhkəmə tərəfindən dinləmə keçirilsə də qətnamədə hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iddiaçının iştirakının təmin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə tərəfindən şahid ifadələrinə düzgün qiymət verilməmişdir. Belə ki, 20000 manatlıq qəbz imzalanan zaman orada olan şəxslər iddiaçı, cavabdeh onun oğlu Rövşən və iddiaçının tanışı Sübhan olub. Razılaşma və razılaşmaya qədər söhbətlərin nədən ibarət olmasını qeyd edilən şəxslər bilirlər. 20000 manat məbləğində pul ona verilməmişdir. Həmin qəbzin yazılmasında məqsəd ayrı idi. Bu şəxslərin yanında olan söhbət belə olub ki, guya evdə yoldaşı ilə iddiaçının maddiyyatla bağlı problemləri olub. İşə düzəltmək adı ilə kimdənsə pul alıb. Arada kimsə pulu istifadə edib, indi isə evdə söz söhbətlərini bitirmək üçün bu qəbzə ehtiyac vardır. Yəni iddiaçı da, oğlu Rövşən də bilir ki, cavabdehin onlara heç bir borcu yoxdur. Qəbz aldatma yolu ilə imza edilmişdir. Hətta iddiaçı Cəfər kənddə onu görəndə ona məhkəməyə getməməyini tövsiyyə edir və bildirir ki, bu iddia guya iddiaçının oğlu tərəfindən qaldırılıb. O, heç vaxt ondan pul tələb etmiyəcək. Bu iddianın heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi məhkəmə işə səthi yanaşmış, heç bir ciddi araşdırma aparmadan əsassız iddia tələbini təmin etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının birinci iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 qısa izahat verərək bildirmişdir ki, tərəflər özləri əlaqə saxlamış, hazırki mübahisə ilə bağlı görüşüb mübahisəni məhkəmədənkənar qaydada öz aralarında həll etmək niyyətindədirlər.
13. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında heç bir barışığın olmadığını, əvvəlki məhkəmə iclasından sonra cavabdehin iddiaçı ilə əlaqə saxlamadığını bildirərək, əlavə olaraq göstərmişdir ki, hazırkı iddia tələbi əsaslı və qanunidir. İşə baxan birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmış və iş üzrə əsaslı, qanuni qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin məqsədi əsassız şəkildə məhkəmə icraatını uzatmaqdır. İş materiallarında cavabdehin borc almasını təsdiq edən onun tərəfindən imzalanan yazılı qəbz vardır. Həmin qəbzdəki yazı və imza cavabdehə məxsusdur. Apellyasiya şikayətində qeyd olunan həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2250/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işin yenidən təxirə salınmasını xahiş etmişdir. Kollegiya əvvəlki iclasdan sonra tərəflərə barışıq üçün kifayət qədər vaxt verilməsini, lakin cavabdeh tərəfindən barışıq üçün heç bir cəhdin və barışın əldə olunmamasını nəzərə alaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi;
Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətində apellyator qətnamənin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 2250/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İddia tələbi cavabdehə verilmiş pulun geri qaytarılması barədədir.
20. Kollegiya ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəfin cavabdeh tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdən keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Bu kontekstdən yanaşan kollegiya qeyd edir ki, nə qədər ki, tərəflərin hər ikisi iradə ifadələrinə uyğun yazılı formaya riayət etməyib, onda birtərəfli imzalanmış qəbz iş üzrə sübut növlərindən biri kimi qiymətləndirilməlidir. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir.
23. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
24. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı ilə cavabdeh tanışdırlar və hazırda aralarında pul mübahisəsi mövcuddur.
25. Araşdırılan işin faktiki halları əsasında müəyyən edilir ki, Cavabdeh yazılı qəbz əsasında iddiaçıdan 20000 manat məbləğində pul almış və 30 iyun 2024-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin puldan 900 manat qaytarsa da qalan pulu qaytarması barədə vədinə əməl etməmişdir. Bu faktı cavabdehin öz əlyazması ilə yazdığı sadə yazılı əqd təsdiq etməkdədir. Lakin, verilmiş vədə əməl edilmədiyindən tərəflər arasında narazılıq yaranmış və sonda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
26. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, hazırkı iddia tələbində borc məbləği kimi istinad olunan qəbz formal olaraq məhz iddiaçının xahişi ilə başqa məqsədlə imzalanmışdır. O, iddiaçıdan qeyd olunan məbləğdə borc pul almamış və ona hər hansı borcu olmamışdır. İşə baxan məhkəmə heç bir sübut olmadan əsassız şəkildə ondan iddiaçının xeyrinə pul tutulması barədə qətnamə qəbul etmişdir.
27. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının yuxarıda qeyd olunan tələbinin təsdiqi ilə bağlı yazılı sübutu mövcuddur. Belə ki, iş materiallarında olan (i/m səh 34) sadə əlyazma qəbzdən görünür ki, cavabdeh iddiaçıdan aldığı 20000 manat pulu 30 iyun 2024-cü il tarixədək qaytarmağa söz vermiş və bunu imzası ilə təsdiq etmişdir. Borcdan cəmi 900 manat qaytarılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə iddia ərizəsi, iş materialları və tərəflərin izahatları əsasında gəlməklə, eyni zamanda qeyd edir ki, bu halı təkzib edəcək hər hansı sübut iş materiallarında mövcud deyil (məsələn cavabdeh tərəfindən pulun qaytarılması yaxud bu barədə hüquq mühafizə orqanlarına rəsmi müraciət və s.). Əksinə, cavabdeh birinci instansiya məhkəməsinin iclasında bilavasitə iştirak etməklə qəbzin özü tərəfindən yazıldığını, pul aldığını, sonra isə qaytardığını bildirmiş, lakin pulun qaytarılmasını subut edə bilməmişdir (i/m səh.53. məhkəmə iclas protokolu).
29. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh şikayətində qeyri-müəyyənliyə yol verməklə, gah iddiaçıya borclu olmadığını, gah da iddiaçıdan 6000 manat məbləğində borc aldığını, hazırki qəbzin isə buna aidiyyəti olmadığını, habelə qəbzin özü tərəfindən yazıldığını və imzalandığını bildirməklə fikrini konkret ifadə etməmişdir.
30. Bundan əlavə cavabdehin iddiaçı ilə hər hansı pul məbləği ilə bağlı danışığının olmadığı halda, hansısa qəbzə formal olaraq, hətta özünün dediyi kimi pulun verilməsindən sonra imza etməsi, həmin puldan da 900 manat qaytarması heç də ağlabatan və inandırıcı görünmür.
31. Cavabdeh tərəfindən təqdim edilərək birinci instansiya məhkəməsində dindirilimiş şahid ifadələrinə tənqidi yanaşaraq kollegiya qeyd edir ki, həmin şahidlərin ifadələri hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Birincisi ona görə ki, hər iki şahid iş üzrə qeyri-müəyyən və işin hallarına uyğun olmayan ifadələr verməklə, mübahisənin hallarını konkret ifadə edə bilməmişlər. İkincisi, şahidlərin ifadəsi əlaqəli şəkildə təhlil edilərkən həmin ifadələrin bir-birilə uyğun gəlmədiyi müəyyən edilir. Ona görə də kollegiya apellyasiya şikayətinin bu dəlilini də əhəmiyyətli hesab etmir.
32. Beləliklə kollegiya araşdırmanın nəticəsi olaraq qeyd edir ki, nə qədər ki, cavabdeh qəbzin onun tərəfindən yazıldığını inkar etmir, lakin qeyd olunmuş pulun onun tərəfindən alınmadığını bildirir, onda sözügedən qəbz iş üçün əhəmiyyət kəsb edən sənəd (sübut) kimi qəbul edilməli və həmin pul vəsaitinin cavabdehdə qalması iddiaçının hesabına cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.
34. Qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı öz iddia tələbinin əsaslarını sübut etməsinə baxmayaraq, cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.